“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli ödənişin azaldılması prosesi getdi”

21-05-2024, 11:19   



İqtisadçı DSK-nın açıqladığı rəqəmləri şərh edib

Azərbaycanda bu ilin ilk 3 ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 985.3 manat olub.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, əvvəlki illə müqayisədə 9,3 faiz artım deməkdir.

DSK həmçinin bildirir ki, həmin dövrdə ölkədə muzdla çalışan işçilərin sayı 1748,9 min nəfər olub. Yəni bu qədər insan 985.3 manata yaxın əmək haqqı alıb.

Həmin insanlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Dövlət Statistika Komitəsi
Mənbə: stat.gov.az

2024-cü ildə Azərbaycanda yaşayış minimumu isə ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

Minimum əmək haqqı 345 manatdır.

“Azərbaycanda əməkhaqqı artımı yox, daha çox gizli hissəsinin azaldılması prosesi getdi”

İqtisadçı Toğrul Vəliyev bildirir ki, minimum aylıq əməkhaqqı Azərbaycanda Prezident sərəncamları ilə tənzimlənir. Yəni bu rəqəmi dövlət müəyyən edir:

“O da doğrudur ki, 2019-cu ildən 2024-cü ilin sonuna kimi bu göstərici 2,7 dəfə artıb. Məni başqa məsələ maraqlandırır. Başa düşürük ki, 2019-cu ilin əvvəlində ölkədə 130 manat maaş əldə edən insan yox idi. Bu, sadəcə formallıq naminə qeyd olunmuş əməkhaqqı idi. Yəni real əməkhaqqı daha yüksək, formal isə minimal səviyyədə idi. Sonradan Azərbaycanda əməkhaqqı artımı yox, məhz daha çox gizli ödənişin azaldılması prosesi getdi”.

Toğrul Maşallı
Foto: Toğrul Vəliyevin şəxsi arxivindən

İqtisadçı bildirir ki, əgər bundan əvvəl işəgötürən 300 manat verib, onun 130-nu rəsmi, 170-ni nağd ödəyirdisə, bundan sonra sadəcə rəsmi ödədiyi hissə ciddi sürətdə artmağa başladı:

“Qeyri-rəsmi ödədiyi hissə ya azaldı, ya da ümumiyyətlə, yığışdırıldı. Amma ümumi maaş eyni templər ilə artmırdı. Ümumi maaş ən yaxşı halda 5-10% arta bilərdi”.

Bəs bunun nəticəsi nə oldu?

Toğrul Vəliyev deyir ki, Dövlət Statistika Komitəsinin “Muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı” məcmuəsinə istinad etsək, 2018-ci ildə ölkə üzrə əməkhaqqı fondunun 10,1 milyard manat, 2023-cü ildə isə bu göstəricinin artıq 19,5 milyard manat olduğunu (artım 1,9 dəfə) görərik:

“”Ev təsərrüfatları tədqiqatı”na əsaslansaq, o zaman müvafiq göstəricilər 11 və 24 milyard manat təşkil edəcək (2,2 dəfə artım). Hər iki halda 2,8 dəfəlik artım müşahidə edilmir. Hətta Dövlət Statistika Komitəsi tərəfindən Milli Hesablar çərçivəsində hesabladığı “İşçilərə əmək ödənişləri” göstəricisi 2018-2022-ci illər ərzində 1,8 dəfə artıb (2023-cü ilin nəticələrinə görə 2,8 dəfəlik artımın olması üçün orta maaş illik 75% artmalı idi, amma orta aylıq əməkhaqqı 11% artıb)”.

Bəs minimal əməkhaqqının artımı əhalinin hansı hissəsini əhatə edib?

İqtisadçı əlavə edir ki, bunu dəqiq demək çətindir. Müxtəlif illərdə müxtəlif rəqəmlər səsləndirilib. Məsələn, 2019-cu ildə bu 600 min idi:

“2021-ci ildə isə 800 min olaraq göstərildi. Təxmin edək ki, bu addım 600 min işçini əhatə edib. Bu, o deməkdir ki, maaş fondu artımın ən azı 9,5 milyardlıq hissəsi məhz 2018-ci ildə 130 manat alan şəxslərin payına düşüb. Biz təxmin edirik ki, o zaman 130 manat maaş yazılan şəxslərin böyük hissəsi daimi işçilərdir. Başqa sözlə, maaş fondunun real artımı ortalama 17% təşkil edib. Eyni dövr ərzində isə qiymət artımı 45% olub. Sizcə, buna sosial islahat demək olarmı?”.

Sahil Babayev
Foto: Azərtac

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu yaxınlarda verdiyi açıqlamada bildirib ki, son 5 ildə 4 sosial islahat paketi çərçivəsində Azərbaycanda 4 milyon insanı əhatə edən 7 milyard manatlıq sosial dəstək paketi həyata keçirilib.

“Bu müddət ərzində ölkəmizdə əmək haqqı fondu 2.8 dəfə artıb, minimum əmək haqqı 2.7 dəfə artıb, orta əməkhaqqı 75 faiz artıb”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.