“DSMF təkbaşına hazırkı iqtisadi şərtlərdə layiqli həyat səviyyəsini təmin edəcək pensiya məbləğlərini verəcək gücdə deyil”

29-05-2024, 14:56   



615.000-dən çox müştərisi (üzvü) olan Avstraliya pensiya fondu UniSuper-in büdcəsi 135 milyard dollardır. UniSuper 2000-ci ilin oktyabrında Avstraliya Universitetləri üçün Təqaüd Proqramı (SSAU) və Ali Təhsil Təqaüd Proqramı (TESS) arasında birləşmə nəticəsində yaradılıb. Qeyri-kommersiya şirkətidir və səhmdarları Avstraliyanın 37 universitetidir.

Bu sadəcə əhali sayı 21 milyondan bir qədər artıq olan bir ölkədəki müstəqil sosial müdafiə fondundan bir misal idi.

Azərbaycanda özəl sosial müdafiə fondlardan danışmağa dəyməz. Çünki Azərbaycanda belə fondlar yoxdur.

Azərbaycanın Sosial Müdafiə Fondunun fəaliyyətinə gəldikdə, bu il yanvarın 1-i vəziyyətinə görə, Fondda 1 milyon 96 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri 6 919 860 min manat, xərcləri 6 919 860 min manat məbləğində təsdiq edilib.

Azərbaycanda minimum pensiya 280 manat, orta aylıq pensiya 492,3 manat təşkil edir.

Bəs Azərbaycanda dövlətin monopoliyasında olan Sosial Müdafiə Fondu nə qədər şəffafdır? Niyə Azərbaycanda özəl fondlar yaradılmır? Sosial Müdafiə Fonduna yığılan pullar necə bölünür? Artıq qalan vəsaitlər hara xərclənir?

Bütün bu suallarla bağlı ASTNA iqtisadçı Rövşən Ağayevlə söhbət edib.

* * *

Sual: Rövşən bəy, Azərbaycanda Sosial Müdafiə Fondunun fəaliyyətini necə qiymətləndirirsiniz? Şəffaflıq, hesabatlılıq varmı? Sosial Müdafiə Fondunda nə qədər vəsait var?

Cavab: DSMF-nin fəaliyyətində, xüsusilə də Fondun büdcə-maliyyə fəaliyyətində hesabatlılıq və şəffaflıqla bağlı ciddi problemlər var. Əvvəla, dövlət büdcəsindən və Dövlət Neft Fondundan fərqli olaraq DSMF-nin icra edilmiş büdcəsinə Hesablama Palatası rəy vermir. Halbuki qanunvericiliyə görə həm Neft Fondu, həm də Sosial Müdafiə Fondu büdcədənkənar fonddur, yəni tamamilə eyni hüquqi statusa malik dövlət maliyyə institutlarıdırlar. Bu baxımdan onlara qarşı Hesablama Palatasının fərqli yanaşması anlaşılan deyil. Nəzərə alaq ki, Palatanın icra büdcəsinə rəyi maliyyə institutlarının fəaliyyətində şəffaflığın, informasiya açıqlığının və hesabatlılığının təmin edilməsində müstəsna rola malik mexanizmdir.

İkincisi, DSMF-nin büdcə gəlirlərilə bağlı informasiyaların cəmiyyətə açıqlanmasında problem var. Belə ki, Fondun gəlirlərinin hansı hissəsinin özəl biznes, hansı hissəsinin dövlət sektoru tərəfindən formalaşdırılması daima qapalı saxlanılır. Halbuki pensiya sisteminin maliyyə resurslarının formalaşmasına özəl sektorun töhfəsini bilmək beyin mərkəzlərinin, elmi tədqiqat institutlarının çox ciddi ehtiyac duyduğu məlumatdır.

Üçüncüsü, pensiya xərclərinin pensiya növləri (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) üzrə məbləği barədə məlumat açıqlanmır.

Dördüncüsü, median pensiyanın mələğilə bağlı ilin sonuna olan rəqəm açıqlanmır. Eləcə də müxtəlif intervallar üzrə, məsələn, minimum pensiya məbləğində, 300-500 manat intervalında və tutaq ki, 1500-2000 manatdan yüksək məbləğdə pensiya alan pensiyaçıların sayı barədə heç bir açıq mənbədə məlumat yoxdur. 

Nəhayət, DSMF-nin büdcəsinin həm gəlirləri, həm də xərcləri ölkənin bölgələri üzrə açıqlanmır, halbuki ictimai nəzarəti baxımından bu tip məlumatlar son dərəcə əhəmiyyətlidir.

Sual: Sosial Müdafiə fonduna yığılan vəsaitlər hara gedir? Necə qorunur? Bu barədə insanlara niyə məlumat verilmir?

Cavab: Güman ki, siz Fondun sərbəst vəsaitlərini nəzərdə tutursunuz. DSMF-nin büdcəsində gəlirləri xərcləri üstələdikdə yaranan büdcə artıqlığı hesabına qalıq vəsaiti ehtiyat kimi formalaşır və qanunvericiliyə görə həmin vəsaitlər Fondda yaradılan İnvestisiya Komitəsinin qərarlarına uyğun olaraq müxtəlif maliyyə alətlərinə yatırıla bilər. Bu alətlər Maliyyə Nazirliyinin və Mərkəzi Bankın qiymətli kağızları, dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlar, dövlət qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatları, depozitlər də ola bilər.

Doğrudan da qalıq vəsaitlərinin idarə edilməsilə bağlı məlumatlar yetərli deyil. Ən azından Neft Fondunun vəsaitlərin idarə edilməsi üzrə hesabatlılığı ilə bağlı təcrübəsi var və həmin təcrübədən yararlanmaq olar. Amma qeyd elədiyimiz kimi, DSMF-nin ümumilikdə hesabatlılıq və şəffaflıq problemi var. Bu isə büdcə fəaliyyətində olduğu kimi, qalıq vəsaitlərinin idarə edilməsi sahəsində də məılumat açıqlığına imkan vermir.

Görünür ki, Fondun fəaliyyətində şəffaflıq və hesabatlılıq, informasiya açıqlığı standartlarının tətbiqi vacibdir və bu məsələ hüquqi sənədlərin qəbulu ilə həllini tapa bilər.

Sual: Niyə Azərbaycanda pensiya yaşına çatmış şəxslər Sosial Müdafiə Fondunda yığdığı vəsaitləri birdəfəlik ala bilmirlər? Və ya pensiya yaşı çatmamış şəxs vəfat edirsə, həmin fondda yığılan vəsaitləri niyə onun varislərinə verilmir? Varislərinə verilmirsə, hara xərclənir?

Cavab: Bu məsələ bizdə çox geniş müzakirə edilir. Düşünürəm ki, bunun əsas səbəbi hökumətin icbari yığım modelindən könüllü yığım modelinə keçməsi oldu. 2017-ci ildə “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikdən sonra insanlara hüquq verildi ki, özlərinin gələcəyi üçün yığım vəsaitlərini könüllü sosial sığorta haqları hesabına formalaşdıra bilərlər. Bunun isə nə hüquqi bazası mövcuddur, nə də ölkədə yığımları idarə edəcək özəl pensiya fondları fəaliyyət göstərir. Hazırda ödənilən haqlar yalnız sığorta hesabında toplanır. Bu hesab isə adından göründüyü kimi, insanların qocalıq dövründə yaşayışını sığortalmaq üçündür.

Hökumətin yığım pensiya modelindən imtinası doğru addım deyildi və bu gün də geri dönüş edib sığorta haqlarının müəyyən hissəsini (məsələn, beşdə birini) elə dövlət pensiya fondunun özündə yığım hesabına toplamaq mümkündür. Bu halda həmin hesabda yığılan vəsaitləri insanlar ya özləri, ya da onların varisləri bəlli bir dövrdən sonra öz depoziti kimi istifadə edə bilərlər.     

Sual: Ümumiyyətlə, niyə pensiya fondu ilə bağlı islahatlar aparılmır? Niyə özəl fondlar yaradılmır?

Cavab: Özəl pensiya fondlarının yaradılması hökumətin son 20 ildə qəbul etdiyi 2 müxtəlif pensiya strategiyasında yer alsa da, baş tutmadı. Hər halda hökumətin siyasi iradəsi və istəyi olsa idi, mümkün olardı. İstəyin niyə olmaması ilə bağlı ancaq ehtimallar səsləndirmək mümkündür.

Amma əsas səbəblərdən biri budur ki, özəl pensiya fondlarının fəaliyyəti üçün bəzi zəruri institusional şərtlər mövcud deyil. Məsələn, bu fondların əsas maliyyə bazası kimi çıxış edəcək özəl sektoru təmsil edəcək geniş sığortaolunanlar bazası mövcud deyil. Hazırda muzdlu işçilərin cəmi 40%-ə yaxını özəl sektorda çalışır. Əlavə olaraq, qeyri-leqal gəlirlərin və məşğulluğun miqyası həddən artıq böyükdür və belə şəraitdə özəl pensiya fondları effektiv fəaliyyət göstərə bilmir.

Daha bir mühüm səbəb kimi rəqabətli və sağlam maliyyə bazarının yoxluğunu göstərmək mümkündür.  

Əslində yığım modelinə əsaslanmayan pensiya fondunun sərbəst vəsaitə malik olması məntiqli yanaşma deyil. Çünki dünyada pensiya fondları yalnız yığım hesablarında toplanan vəsaitləri investisiya aktivləri kimi istifadə edir. Əgər fond sığorta haqları hesabına toplanan vəsaitlərə qənaət edirsə və sərbəst qalıq yaradırsa, bunun tək səbəbi insanlara haqq etdiyi səviyyədə layiqli pensiya məbləği verməməsindədir.

Sual: Azərbaycan 2004-cü ildən Avropa Sosial Xartiyasına qoşulub. Həmin sənədin 4-cü bəndinə görə, dövlətin işçilərin əməyinin işçilərə və ailələrinə layiqli həyat səviyyəsini təmin edəcək dərəcədə ödənilməsi hüququnu tanımaq öhdəliyi var. Sizcə, Azərbaycanda pensiya məbləği insanın layiqli həyat səviyyəsini təmin edirmi? Layiqli həyat səviyyəsini təmin etmək üçün pensiya məbləği nə qədər olmalıdır? Və bu məbləği ödəməyə Fondun gücü çatarmı?

Cavab: Layiqli pensiya məbləği o məbləğdir ki, pensiyaçıları başqalarına, hətta öz doğmalarına möhtac olmadan layiqli həyat yaşamasına imkan versin. Təəssüf ki, Azərbaycanda 1,3 milyon nəfərə yaxın pensiyaçının təxminən yarısının aylıq pensiya məbləği 360 manatdan azdır.  Əgər insanların real ehtiyaclarına, eləcə də Dünya Bankının standartlarına uyğun olaraq Azərbaycanın orta yuxarı gəlirlərilə uzlaşacaq yaşayış minimumu müəyyən edilmiş olsa, hazırkı minimum pensiya məbləği (280 manat) pensiyaçıların yetərli qida təminatına belə çatmaz. Kimsəyə sirr deyil ki, yaşlı insanlar ailələrin dəstəyi olmasa, aldıqları pensiya ilə keçinə bilməzlər. Bu fakt ölkədə layiqli pensiya məbləğinin olmadığının təsdiqidir.

DSMF təkbaşına hazırkı iqtisadi şərtlərdə layiqli həyat səviyyəsini təmin edəcək pensiya məbləğlərini verəcək gücdə deyil. Qeyd etdiyim kimi, bunun üçün qeyri-leqal məşğulluq və gəlirlər aradan qaldırılmalı, özəl sektorda rəsmi məşğulluğun ümumi məşğulluqda payı ən azın 70-75%-ə yüksəlməlidir. Fondun gəlir bazası hansısa sərəncam və fərmanlarla yox, iqtisadi fəallıq hesabına formalaşır.    

Sual: Sizin təklifləriniz nədən ibarətdir? Pensiya fondunun hesabatlı, şəffaf olması üçün, eləcə də pensiya həddinin layiqli həyat səviyyəsini təmin edə bilməsi üçün hansı addımlar atılmalıdır?

Cavab: İlk növbədə Hesablama Palatası DSMF-nin icra edilmiş büdcəsinə rəy hazırlamalı və bu rəy Parlamentin müzakirəsinə, eləcə də cəmiyyətə açıq olmalıdır.

İkincisi, Fondun özü tərəfindən büdcə icrasına dair aylıq, rüblük və illik əhatəli hesabatlar internet vasitəsilə açıqlanmalıdır. Bu hesabatlarda həm büdcə gəlirlərinin formalaşma mənbələri, xüsusən özəl sektorun ödənişləri, həm pensiya növləri üzrə xərclərin həcmi, həm də gəlir və xərclərin ölkənin bölgələri üzrə məbləği barədə ətraflı məlumatlar yer almalıdır.

Pensiyanın layiqli həddinə gəldikdə, bu demək olar ki, Fondun fəaliyyətindən birbaşa asılı məsələ deyil. Bu məsələ ilk növbədə hökumətin seçdiyi sığorta mexanizmlərindən və hesablama üsullarından, əvəzləmə əmsalının və ölkədə maaşların səviyyəsindən asılıdır. Əgər seçilmiş sığorta modeli qazanılmış vəsaitlərin tam şəkildə pensiya hesablanmasında nəzərə alınmasına hər hansı məhdudiyyət qoymursa (məsələn, təcrübədə 2006-2017-ci illərdə 50%-lik məhdudiyyətin şahidi olmuşuq) və ölkədə layiqli əmək haqqı sistemi varsa, bu halda layiqli həyat səviyyəsini təmin edən pensiya məbləği də mümkün olacaq.      

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.