Ağdamın icra başçısı Prezidentin xarici siyasətinə qarşı çıxdı

31-07-2024, 10:23   






119 saylı Ağdam kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən tanınmış analitik Elxan Şahinoğlu rayonun icra başçısı Vaqif Həsənovun ünvanına tənqidlər səsləndirib. Anaxeber.info bildirir ki, namizədliyi qeydə alınmayan politoloq Ağdamda ona göstərilən münasibət və icra başçısının təzyiqlərə əl atması haqda yazıb. Ölkənin daxili və xarici siyasətini, regional prosesləri dərindən analiz edən, dövlətin xarici siyasət kursu barədə dürüst təhlillərlə həm yazılı mətbuatda, həm efirlərdə çıxış edən E.Şahinoğlu icra başçısının əməllərini açıqlayıb. 
"Buradan Ağdam icra hakimiyyətinin başçısına və əməkdaşlarına müraciət edirəm! Seçkiyə qatılmaq qərarı verdiyim və Ağdama gəldiyim ilk gündən Sizin “diqqətinizi” hiss etdim. Diqqət o qədər “böyük” idi ki, növbəti dəfə Quzanlıya gəldiyimdə birinci dəfə qaldığımız Olimpiya Mərkəzində boş yer tapa bilmədik. Qohum və tanışlarıma əziyyət verməmək üçün qayıdıb Bərdədə qaldıq. İndi də eşidirəm ki, mənə dəstək verən ağdamlılar barədə müxtəlif şayiələr yayırlar. Qanunlara hörmət edin, qanunsuzluq edən məmurların Kürdəxanıdakı talelərindən dərs çıxarın! Mən Ağdama hələ çox gələcəm, Sizin və gələcək deputatın fəaliyyətini diqqətlə izləyəcəm".
Göründüyü kimi, Ağdamın icra başçısının təlimatı əsasında politoloqun Olimpiya Mərkəzində qalmasına imkan yaradılmayıb. Bu azmış kimi, artıq V. Həsənovun göstərişi əsasında E. Şahinoğluya dəstək vermiş ağdamlılara təzyiqlərə başlanıb, onları sıxışdırırlar. Politoloq icra başçısını Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) olan korrupsioner məmurların taleyini yada salaraq xəbərdar edib. Eyni zamanda, gələcək deputatın fəaliyyətini izləyəcəyini anons verib. Qeyd edək ki, bu dairədən deputat Bəxtiyar Əliyev yenidən namizəd olub. Onun təkrar mandat alacağı gözlənilir. Onu da deyək ki, Elxan Şahinoğlu Azərbaycan Prezidentinin xarici siyasət kursu və rəsmi Bakının addımları, diplomatiyası haqda həmişə obyektiv analizləri ilə seçilib, ona hər zaman yaxşı münasibət bəslənib. Amma icra başçısı Prezidentin xarici siyasətini düzgün təhlil edən bir ekspertə qarşı hörmətsizliyə yol verib, üstəlik, onu dəstəkləyən ağdamlılara təzyiq göstərir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.