“Uşaqları dərsdən yayındırmamışam, gedib yoxlasınlar, hətta himni oxutdurmuşam”
İmişlinin Aranlı kəndində 7 ay öncə inşa olunmuş yeni məktəbin Bilik Günündə istifadəyə verilməməsinə etiraz edən ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən çıxarılıb.
Bu barədə müəllim özü sosial şəbəkədə videomüraciət yayıb.
Mil-Muğan Regional Təhsil İdarəsi yaydığı açıqlamada məlumatı təsdiqləyib.
Qurumdan bildirilib ki, İmişlinin Aranlı kənd Yusif Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevnın məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı araşdırma aparılıb.
Həmçinin qeyd olunub ki, Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin sentyabrın 16-da məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N.Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara da məhəl qoymayıb.
İdarə bildirib ki, müəllim həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb:
“Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün “TikTok” hesabından canlı videogörüntü paylaşaraq şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub. Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq sentyabrın 17-də xitam verilib”.
İşdən çıxarılan Leyla Nəcəfquliyeva Meydan TV-yə bildirib ki, 2023-cü ilin əvvəlində hələ təmir olunmamış həmin məktəbin ayaqyolunun olmamasını ictimailəşdirəndən sonra Mil-Muğan Regional Təhsil İdarəsi və məktəb rəhbərliyi onu özlərinə düşmən biliblər:
“Həmin söhbətdən sonra Mil-Muğan Regional Təhsil İdarəsindən mənə hədə-qorxu gəlirdilər. Hətta həmin məktəbdə təhsil alan övladlarıma və ibtidai sinif müəllimi işləyən baldızıma qarşı təzyiqlər oldu. Baldızıma deyilirdi ki, gəlninizə görə sənin “torbanı tikəcəyik”. Elə də oldu. Sertifikatlaşmada onu işdən azad etdilər. Onu təklədilər, sinif vermədilər. Çörəksiz qoydular”.
Müəllim deyir ki, istifadəçisi olduğu sosial şəbəkələrdə məktəblə bağlı mütəmadi paylaşımları da məktəb rəhbərliyinin və aidiyyəti qurumların ciddi narazılığına səbəb olub:
“Sertifikatlaşdırmadakı saxtakarlıqlar, məktəbə hansısa yollarla işə düzələnlər haqqında sosial şəbəkədə paylaşımlar etdiyimə görə məni özlərinə düşmən hesab edirdilər”.
Leyla Nəcəfquliyeva iddia edir ki, işdən çıxarılmasına məktəbin direktoru Anar Ələkbərov səbəb olub:
“Anar Ələkbərov kişi müəllimlərinə, onun arvadı, ibtidai sinif müəllimi Aygün Həbibullayeva isə qadın müəllimlərinə təzyiq göstərib, məni təkləyib, işdən çıxardılar. Deyirlər ki, guya etik normalara riayət etmirəm. Hətta bir müəllim kimi özümü apara bilmirəm. Bilirsiniz niyə? Çünki çox tələbkaram. Yaxşı dərs keçmək üçün tələblərim yüksəkdir. Digər müəllimlərin işinə qarışıram. Onlardan yaxşı dərs keçmələrini tələb edirəm. Çünki mənim orada üç övladım təhsil alır”.
Nəcəfquliyevanın sözlərinə görə, sentyabrın 16-da respublika üzrə ilk təhsil günündə Aranlı kənd Yusif Sadatxanov adına 1 nömrəli tam orta məktəbində dərs keçirilməyib.
Müəllim də məktəbin məhz Bilik Günündə açılışının edilməməsinə etirazını bildirib:
“Bizə demişdilər ki, məktəb 2024-cü ilin yanvarında istifadəyə veriləcək. Bizi aldatdılar. Deyirdilər ki, sentyabrın 16-da açılış olacaq. Sonradan dedilər ki, açılış sentyabrın 18-də olacaq. Mən də buna etiraz etdim. Dedim ki, bizi yanvar ayına qədər aldatdınız. İndi də yeni məktəbin açılışını, istifadəsini yubadırsınız. Sentyabrı da beləcə yola vermək istəyirsiniz. Məktəbi açın, dərsimizi keçək. Mötəbər şəxs gələndə də bayıra çıxıb, onunla birlikdə təkrar məktəbə daxil olarıq. Bu uşaqları niyə didərgin salmısınız? Hətta sentyabrın 16-da başqa sinfin şagirdləri məktəbə getməyiblər. Gözləyiblər ki, məktəb nə vaxt açılacaq, onda da dərsə gedəcəklər”.
“Sentyabrın 16-da mən uşaqları dərsdən yayındırmamışam. Gedib, maraqlansınlar. Sentyabrın 16-da həmin məktəbdə müəllimlər dərs keçiblər? Amma mən həmin gün şagirdlərimə kitablara qədər oxutdurmuşam. Sual-cavab etmişəm. Dərs keçməyimlə bağlı əlimdə sübutlarım da var. Himni belə uşaqlara oxutdurmuşam”, – Leyla Nəcəfquliyeva deyir.
O, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etməyəcəyini bildirir:
“Çünki Elm və Təhsil Nazirliyi hər şeyi Mil-Muğan Regional Təhsil İdarəsinin üzərinə atır, maraqlanmır. Nazirliyə yazdığım məktubları Mil-Muğan Regional Təhsil İdarəsinə yönləndirirlər. İdarə də nazirliyə deyir ki, heç bir problem yoxdur, Leyla müəllim yalan danışır. Nazirlik də nümayəndə göndərib, maraqlanmır ki, həqiqətən, nə baş verib. Onlara mənim kimi düzgün, iradəli, mərd müəllim lazım deyil. Onlara yaltaq, direktora rüşvət verən, məktəbə gəlməyəndə yaltaqlanan, direktorun pis işlərini ört-basdır edən müəllimlər lazımdır”.
Elm Təhsil Nazirliyi məsələ ilə bağlı Meydan TV-nin sorğusunu cavabsız buraxıb.
Aranlı kənd Yusif Sadatxanov adına 1 nömrəli tam orta məktəbindən də münasibət öyrənmək mümkün olmayıb.
İbtidai sinif müəllimi Leyla Nəcəfquliyeva sentyabrın 16-da tədris ilinin başladığı gün Yusif Sadatxanov adına 1 saylı tam orta məktəbin qapısı önündə açıq havada dərs keçib.
Müəllim bunu yeni məktəbin açılışının edilməməsinə etiraz əlaməti olaraq edib.
Müəllimin sosial şəbəkədə paylaşdığı videoda müəllimin dərs prosesinə Aranlı kəndinin icra nümayəndəsi Əlhümbət Alıkişiyev mane olmağa çalışıb.
Aidiyyəti qurumlar məsələyə aydınlıq gətirməyib.
İcra nümayəndəsi Əlhümbət Alıkişiyev Meydan TV-yə deyib ki, məktəb Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Fondun nümayəndəsinin açılışda iştirakı sentyabrın 18-nə təyin olunduğu üçün açılış tədbiri ertələnib.
Məktəbin açılışı sentyabrın 17-də olub.
Sentyabrın 16-da Azərbaycanda yeni tədris ili başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub.
Azərbaycanda hazırda 4 min 400 civarında orta məktəb olduğu bildirilir.
Rəsmi açıqlamalara görə, hazırda onun 400-dən artığı qəzalı vəziyyətdədir.
Dörd il bundan əvvəl isə qəzalı məktəblərin sayının 900 olduğu açıqlanmışdı