Firəngiz Abbasova son olaraq ölkə başçısına müraciət edib
Bir neçə ay bundan qabaq barəsində "Yeni Müsavat" qəzetində və musavat.com saytında ard-arda iki yazı dərc etdiyimiz Ağstafa rayonu Qırılı kənd sakini, iki şəhid, iki müharibə veteranının anası Frəngiz Abbasova yenidən redaksiyamıza müraciət edib. O avtoqəzaya düşən nəvəsi Turxan Abbasovun müalicəsi üçün banklara borclandıqlarından aylardır problem yaşayır.
Bildirək ki, Turxanın müalicəsi üçün 8 min manat kredit götürən ailə banka aylıq ödənişi vaxtı vaxtında edə bilmədiyindən faizlər üst-üstə gəlib. İndi ailənin Accessbanka 14 min manat borcu var. Onu da qeyd edək ki, hadisə baş verəndən bu yana müalicə üçün 30 min manatdan çox pul xərclənməsinə baxmayaraq xəstənin səhhətində hələ də bir irəliləyiş yoxdur. Əskinə günü-gündən vəziyyəti daha da pisləşir.
Ötən yazımızda yazmışdıq ki, "Accessbank"ın Qazax filialı ailəni məhkəməyə verdiyindən Ağstafa məhkəməsi proses yekunlaşandan sonra onları evindən çıxarmaq üçün icraçılar göndərib.
Buna baxmayaraq Abbasovlar hələ də evi tərk etməyiblər. Məhkəmə icraçıları isə hər gün gəlib-gedirlər. Hər dəfə də ödəniləcək pulun məbləğinin artdığını, bunun ödənilməli olduğunu, əks təqdirdə məhkəmənin qərarını icra etmək məcburiyyətində qalacaqlarını bildirirlər.
Frəngiz Abbasova onu da bildirib ki, hər yana müraciət etməsinin vəziyyətin yaxşılaşmasına heç bir köməyi dəyməyib.
"Nəvəmin vəziyyəti günü-gündən pisləşir. Artıq 7-8 aydır ki, komada yatır. Nə danışmağı var, nə bir hərəkəti. Boğazını deşdirib yemək ötürürük ki, qarnına bir şey getsin, ölməsin. Belə davam eləsə çox yaşamaz. Ölüm ayağındadır. Təzədən ondan adammı olacaq mənə? Məhkəmə icraçıları isə gedib-gəlməkdən qapımızı yağır edib, bank bizi boğaza yığıb. Rəhminə, səxasına inandığımız bir kimsə bizim əlimizi tutmayıb, dəstək olmayıb. Heç bilmirəm axırımız necə olacaq? Borclarımız da günü-gündən çoxalır."
O iki şəhid anası olmasının da nəzərə alınmadığını ürək ağrısıyla diqqətimizə çatdırıb.
"Mən bu torpağın uğrunda iki balamı şəhid vermişəm. İki balam müharibə veteranıdır. Ötən dəfə də demişdim, yenə deyirəm, mənim bu halımı görən hansı ana sabah oğlunu əsgərliyə, müharibəyə göndərər? Əlbəttə, heç bir ana göndərməz. Bununla da müharibə etmək istəyirsiniz. Düşmənin qabağına hansı orduyla çıxacaqsınız?"
Sonda Frəngiz xanım dəfələrlə müxtəlif yollarla yuxarı yerlərə, ölkənin başında duranlara, bu işdə köməyi dəyə biləcək ən xırda məmurdan tutmuş, ən vəzifəli şəxslərə qədər müraciət etdiklərini, lakin bundan bir iş hasil olmadığını deyib. O qəzetimizin vasitəsilə son müraciətini etdiyini, bundan da bir şey çıxmayacağı təqdirdə canına qəsd edəcəyini bildirib.
"Qəzet, sayt vasitəsiylə dəfələrlə ən yuxarı məmurlara, nazirlərə, ölkə başçısına, ölkənin birinci xanımına, o cümlədən yerlərdəki məmurlara da bu barədə yazıb kömək istəmişik. Ancaq heç əl uzadan olmayıb. Çox pis vəziyyətdəyik. Dolanışıq sıfır, borclar isə üst-üstündən qalanıb. Əlacımız kəsilib. Çıxış yolunu problemimizi yenə qəzet vasitəsilə ictimaiyyətin diqqətinə çatdırmaqda, birbaşa kömək göstərmələrini xahiş etmək üçün prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyeva müraciət etməkdə gördüm. Dönə-dönə xahiş edirəm, yalvarıram bizə bu məsələdə kömək edin. Əks təqdirdə "Accessbank"ın əlindən canıma qəsd edəcəyəm, özümü yandıracağam. Artıq bezmişəm", - deyə şəhid anası əlavə edib.