“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC (VÖEN – 9900001881) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, ABB tərəfindən marketinq sahəsi üzrə bankın çap məhsullarının satın alınması məqəsədi ilə keçirilən və ümumi dəyəri 195 min 550 manat 10 qəpik olan 2 tender müsabiqəsinin qalibi “Premium Təchizat” MMC (VÖEN – 3103887061) olub.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Premium Təchizat” MMC-nin hazırda (03.10.2024) dövlət büdcəsinə 1 718 manat 69 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
“Premium Təchizat” MMC-nin qalib olduğu tender müsabiqələrindən biri üzrə müqavilə bu il sentyabr ayının 12-də qüvvəyə minib, digəri isə gələn il sentyabr ayının 19-da qüvvəyə minəcək. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 1,7 min manatlıq borc son bir ayda yaranıb.
Qeyd edək ki, ABB tərəfindən keçirilən tenderlərdə bu cür müəmmalı məqamlar əvvələr də qeydə alınıb. Belə ki, bir-neçə ay əvvəl ABB tərəfindən əsaslı və cari təmir işlərinin satın alınması məqəsədi ilə keçirilən və ümumi dəyəri 1 milyon 332 min 935 manat 79 qəpik olan tender müsabiqəsinin qalibi “Kontinent İnşaat” MMC olub. Müsabiqə ilə bağlı diqqət çəkən məqam odur ki, ABB tərəfindən açıqlanan məlumatda qalib şirkətin adı ilə VÖEN-i arasında uyğunsuzluq var. Belə ki, qeyd olunan VÖEN (1001912831) başqa bir şirkətə – “Avant Construction” MMC-yə aiddir. Tenderin qalibi olan “Kontinent İnşaat” MMC isə başqa bir VÖEN-ə (1308859771) sahibdir. ABB-dən bildirilib ki, qalib şirkətlə müqavilə 2024-cü ilin mart ayının 29-da qüvvəyə minib. Müqavilənin 2025-ci ilin mart ayının 29-da bitəcəyi qeyd olunur. Maraqlıdır ki, qalib şirkət müqavilənin qüvvəyə minməsindən 2 ay sonra - 27 may 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Yəni müqavilə imzalanan zaman “Kontinent İnşaat” MMC adlı şirkət mövcud olmayıb.
VÖEN nömrəsi qeyd olunan (1001912831) “Avant Construction” MMC isə “Kontinent İnşaat” MMC ilə eyni hüquqi ünvanda yerləşir. Hər iki şirkət 10 manat nizamnamnə kapitalına sahibdir. “Avant Construction” MMC-nin isə hazırda (03.10.2024) dövlət büdcəsinə böyük həcmdə – 908 min 262 manat 41 qəpik vergi borcu var.
Qeyd olunan məsələ ilə bağlı ABB-nin mətbuat xidmətinə ünvanladığımız sorğu isə cavabsız qalıb.