“HURRİYYET” TV-nin APARICISI VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ – Vüqar Məmmədovdan Vilayət Eyvazova müraciət

6-10-2024, 09:15   




“HURRİYYET” TV-nin APARICISI VƏHŞİCƏSİNƏ DÖYÜLDÜ – Vüqar Məmmədovdan Vilayət Eyvazova müraciət

Xanım jurnalist keçmiş icra başçısının “qoçuları” tərəfindən xəstəxanalıq edilib

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Cənab nazir!

Bu gün – 05.10.2024-cü il tarixində “Hurriyyet TV”-nin əməkdaşı Vüsalə Nəciyeva bir qrup şikayətçinin müraciəti əsasında ezam olunduğu Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində keçmiş icra başçısı Şamil Əlif oğlu Həsənovun “qoçuları” tərəfindən vəhşicəsinə döyülüb. Buna səbəb əməkdaşımızın Şamil Əlif oğlu Həsənova və onun oğlu, Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Şamil oğlu Həsənova məxsus olduğu bildirilən fermaya yaxın ərazidə çəkiliş aparması olub.

Belə ki, jurnalist öz vəzifə borcunu həyata keçirən zaman Ş.Həsənovun bir qrup “qoçusu” onu və ərazidə olan şikayətçiləri vəhşicəsinə döyüblər. Bu zaman digər şəxslərlə yanaşı, xanım jurnalistimiz Vüsalə Nəciyeva da bədən xəsarətləri alıb, üst-başı çırıq-çırıq edilib.

Cənab nazir!

Diqqətinizə çatdırım ki, hadisədən dərhal sonra Ağcabədi rayon Polis Şöbəsinə məlumat verilsə də, o cümlədən 6 dəfə DİN-in “102” xidmətinə müraciət olunsa da, olay yerinə gələn olmayıb. İddia olunur ki, Şamil Əlif oğlu Həsənovun oğullarından biri polis rəisi olduğundan, Ağcabədi polisi şikayətə baxmayıb.

Onu da deyim ki, döyüləndən sonra, təxminən 1 saat müddətində əməkdaşımız ferma ərazisindən girov saxlanılıb. Daha sonra hadisə yerinə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunduğundan, onu girovluqdan azad etməyə məcbur olublar.

Üstəlik, bu zaman fermaya gələn Şamil Həsənov Təcili Tibbi Yardım Xidməti əməkdaşlarının xanım jurnalisti xəstəxanaya aparmasına mane olmağa çalışıb. Lakin onun vəziyyəti ağır olduğundan, həkimlər keçmiş başçının müdaxiləsinə imkan verməyiblər.

Cənab nazir!

Qarşı tərəf guya, xanım jurnalistin günün günorta çağı fermadan oğurluq etmək istədiyini iddia edib. Halbuki, ərazidə çoxsaylı kameralar var, onun çəkiliş etdiyi üçün döyüldüyü aşkardır.

Bu baxımdan, Sizdən xahiş edirəm ki, hadisəni öz diqqətinizə götürüb, Ağcabədi rayon Polis Şöbəsinə məsələ ilə əlaqədar operativ tədbirlər görülməsi ilə bağlı tapşırıq verəsiniz.

Öncədən Sizə kollektivimiz adından minnətdalıq edirəm”.

Hurriyyet.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.