7 il ərzində dövlətdən 27 milyard oğurladılar... - ŞOK DETALLAR

8-10-2024, 08:40   




7 il ərzində dövlətdən 27 milyard oğurladılar... - ŞOK DETALLAR

Dövlət büdcəsini talan edən Fərəməz və Qalib Məmmədov qardaşları haqda cinayət işi 20 ildən çoxdur açıq saxlanılır...

“Hürriyyət” qəzetində “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin qeyri-rəsmi sahibləri  - Fərəməz Məmmədov və Qalib Məmmədov qardaşlarının dövlətin külli miqdarda vəsaitini talan etməsi haqda yazmışdıq. Qeyd etmişdik ki, bütün bunlara rəğmən, onları himayə edən məmurların hesabına qardaşlar hələ də “toxunulmaz” qalıblar.

Məlumat üçün bildirək ki, sözügedən daş bazarına rəsmi olaraq Afaq Yavər qızı Məmmədova rəhbərlik edir. Bazar “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. SC-nin əsas səhmləri də Afaq Məmmədovanın adına rəsmiləşdirilib. “Əslində isə bazara və təbii ki, hər ay qazanılan on minlərlə manat çirkli pullara A.Məmmədova deyil, onun kölgəsində gizlənən həyat yoldaşı, iş adamı Fərəməz Məmmədov nəzarət edir”, - deyə mətbuat yazırdı.

Xatırladaq ki, Fərəməz Məmmədovun ismi vaxtilə siyasi dairələrdə də tez-tez çəkilirdi. Hansı ki, bu şəxsin sabiq spiker Rəsul Quliyevlə keçmiş baş prokuror Eldar Həsənov arasında uzun müddət vasitəçi olduğu, hətta R.Quliyevin Açı Cəmiyyət Partiyasını maliyyələşdirdiyi də iddia olunurdu.

Onu tanəyanlar deyir ki, Masallı rayonunun Ərkivan kəndində anadan olan Fərəməz Məmmədov qabaqlar kasıb yaşayıb. Sonradan isə Kənd Təsərrüfatı Nazirliyinin elektromexanizasiya trestinin 4 nömrəli avtonəqliyyat qarajında çalışıb. Fərəməz Məmmədovun qardaşı Qalib Məmmədov isə Avtonəqliyyat İdarəsində rəis işləyib. İki qardaş əl-ələ verərək, dövlət əmlakını mənimsəyiblər. Sonradan Qalib Məmmədov Rəsul Quliyevin qardaşının köməyi ilə “Azəravtoyol” Departamentində yol fonduna rəis müavini təyin edilib. Eldar Həsənovun qardaşı Şahin Həsənov isə həmin vaxt sədr müavini olub. Qalib Məmmədov əvvəlki işinə isə yaxın adamı Gülağa Məmmədovu yerləşdirib.

Mənbə deyir ki, F.Məmmədov külli miqdarda mənimsəməyə yol verdiyi üçün ona cinayət işi qaldırılıb. Fərəməz Məmmədovun qara mühasibat üçotunu Gülağa Məmmədov aparıb. Məhz buna görə də qardaşların planına əsasən Gülağa Məmmədov gizlənib.

Lakin sabiq Baş prokuror Eldar Həsənov Fərəməz Məmmədovun dar günündə köməyinə çatıb. O, qardaşı Şahin Həsənov vasitəsilə işə qarışıb və cinayət işinə xitam verilməsinə nail olub.

Ümumiyyətlə, Fərəməz Məmmədov bir çox iqtisadi cinayətlərdə ittiham olunub. Hətta belə iddialar var ki, ona qarşı açılan cinayət işinin bəziləri hələ də açıq qalır. F.Məmmədov bunu bildiyi üçün həyat yoldaşından qəsdən boşanıb və bazarı xanımının adına sənədləşdirib ki, cinayət işi yenilənsə, əmlakı müsadirə olunaraq əlindən çıxmasın...

İddia olunur ki, F.Məmmədov dövlətin külli miqdarda vəsaitini talan etməklə qazandığı pullar hesabına özünə “Yüksəl-inşaat” MTK adlı tikinti şirkəti qurub və təkcə ölkəmizdə deyil, xarici dövlətlərdə də böyük komplekslər tikməkdədir.

Əlbəttə, Fərəməz Məmmədov Eldar Həsənovdan sonra da himayəsiz qalmayıb. Əksinə, indi onun daha nüfuzlu məmur tərəfindən himayə olunduğu haqda informasiyalar var. Təbii ki, bütün bunlar heç də səbəbsiz deyil. Çünki hüquq-mühafizə orqanları bir şəxs barəndə cinayət işi açırsa, onu beynəlxalq axtarışa verirsə, o isə heç nəyə məhəl qoymadan öz biznesini uğurla genişləndirirsə, deməli, arxasında böyük rütbəli məmurların durduğu şübhəsizdir.

Onu da qeyd edək ki, Fərəməz Məmmədov öz biznesinin 90-cı illərin ortalarında o zaman yüksək dövlət vəzifəsi tutan kiçik qardaşı Qalib Məmmədovun sayəsində qurub. Qalib Məmmədov isə Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun sədri vəzifəsinə sabiq spiker Rəsul Quliyevin qardaşı Telman Quliyevin xeyir-duası ilə təyin olunub (Avtomobil Nəqliyyatı Nazirliyi sonradan “Azəravtoyol” Dövlət Şirkətinə çevrildi, Yusif Novruzov da onun rəhbəri oldu. 1998-ci ildə Nəqliyyat Nazirliyi yaradılandan sonra bu Dövlət Şirkətinin statusu dəyişdi və o, 2003-cü ildə Nəqliyyat Nazirliyi nəzdində departamentə çevrildi – müəl.).

Mətbuat yazır ki, DİN-in Baş İstintaq İdarəsi Məmmədov qardaşlarının cinayətlərinin izinə düşəndən sonra Fərəməz Məmmədov istintaqdan qaçıb Türkiyədə gizlənməyə məcbur olub. Onun qardaşı Qalib Məmmədov isə Bakıdakı biznesini davam etdirməyə başlayıb.

Qeyd etdiyimiz kimi, Fərəməz Məmmədov vaxtilə Kənd Təsərrüfatı Nazirliyinin 4 saylı Elektromexanizasiya Trestinin qarajında işləyib. Həmin vaxt qardaşı Qalib Məmmədov artıq nəqliyyat sektorunda çalışırdı, Avtonəqliyyat İdarəsinin rəisi idi. Q.Məmmədov bundan sonra Nəqliyyat Nazirliyi Yol Fondunun sədri təyin olunub.

Q.Məmmədov Yol Fondunun sədri olandan sonra əvvəlki iş yerində rəhbər kimi öz adamı Gülağa Məmmədovu saxladı. Çünki gələcək “pulyuma mexanizmi”ni işlətmək üçün bu, ona çox lazım idi. Heç də təsadüfi deyil ki, onların hər yerdə adamı, lazımi postlara yerləşdirilmiş qohumları olub. Yaxınlarının, qohumlarının olmadığı yerlərdə isə hamını susduracaq qədər böyük pulları olub.

Yol Fondu həmin dövrdə “vergi idarəsi” kimi çalışıb, Nəqliyyat Nazirliyinin tabeçiliyindəki müxtəlif dövlət idarələrindən (o cümlədən neft bazalarından) faiz alıb. Həmin dönəmdə qardaşların külli miqdarda maliyyə yeyintisi aşkara çıxldıqdan sonra Nəqliyyat Nazirliyi gözdən pərdə asmaq üçün formal cinayət işi açmaq qərarına gəlib. Üstəlik, Yol Fondu ləğv edilib, onun səlahiyyətləri digər qurumlara verilib. Nəticədə 1 və 3 saylı neft bazalarının müdirləri zərbə altında qalıb. 1 saylı bazanın müdiri elə indiki daş bazarının sahibi Fərəməz Məmmədov idi. Ona da, 3 saylı bazanın müdiri Əhəddin Əliyevə də cinayət işi açılıb. O vaxt Ə.Əliyev xaricə qaçıb. Təbii ki, bir sıra mühüm sənədlərə imza atan Gülağa Məmmədovu da gizlədə bildilər. Fərəməz Məmmədov isə yalnız qardaşının himayədarlığı və yuxarılardakı yaxşı əlaqələri sayəsində cəzadan qurtulub. Lakin, qeyd etdiyimiz kimi, cinayət işi hələ də açıq qalır. Çünki oğurluğun və büdcə pullarının yuyulmasının miqyası həddən artıq böyükdür…

Fərəməz Məmmədov və Qalib Məmmədov qardaşları təkcə dövlətin külli miqdarda sərvətini mənimsəməklə kifayətlənməyiblər. Belə ki, onlar vaxtilə şərik olduqları, bərabər çalışdıqları şəxslərin də etibarından sui-istifadə edərək, böyük həcmdə pullarını ələ keçiriblər. Həmin şəxslərdən biri də Masallı rayon sakini Mirzəyev Xosrov Mirzəcan oğludur. “Hürriyyət”ə açıqlama verən X.Mirzəyev deyir ki, 1991-ci ildən “Azəravtoyol”da çalışıb. 1993-cü ildən 2001-ci ilə qədər 3 nömrəli Material Texniki Təchizat Bazasının müdiri işləyib. Onun sözlərinə görə, həmin vaxt Fərəməz Məmmədov da 1 nömrəli Material Texniki Təchizat Bazasının müdiri olub. “Biz əlaqəli iş görürdük. Bizim vəzifəmiz yol idarələrini mal-materialla təmin etmək idi. Bizə nə sifariş olunurdu, həmin malları tapıb gətirirdik”, -deyən Xosrov Mirzəyev bildirir ki, günlərin birində F.Məmmədov ona ortaq biznes qurmağı təklif edib: “O dedi ki, Rusiyadan mal gətirib, yaxşı gəlir əldə edə bilərik. Mənim də bu işə şərik olmamı, pul yatırmamı istədi. Mən də əlimdə və ailəmdə olan pulları toplayıb, ona 60 min dollar verdim. Pulu verəndə Qalib və Fərəməz bir yerdə idilər. Dedilər ki, nə qazansaq 3 yerə böləcəyik. Doğrudur, həmin vaxt mənə Rusiyadan hansı malı gətirəcəklərini demədilər. Amma sonradan Ukraynadan təmir borular gətirib, Ceyranbatandakı anbarlarına yığırdılar”.

Xosrov Mirzəyevun sözlərinə görə, həmin vaxt F.Məmmədov 1 nömrəli Material Texniki Təchizat Bazasının müdiri olsa da, bütün alqı-satqı işləri onun möhürü ilə həyata keçirilib: “Onun idarəsi işləmirdi, mənim möhürümlə iş görürdülər”. O deyir ki, Qalib Məmmədov Yol Fondunun müdiri olduqdan sonra, ona qanunsuz yollarla böyük həcmdə pul qazanmağı təklif ediblər. O isə qardaşların onun möhürü ilə dövlət əmlakını talan etməsi təklifi ilə razılaşmayıb. Bundan sonra aralarında problem yaranıb: “Materialları dəyərindən dəfələrlə baha qiymətə sənədləşdirirdilər. Dedim ki, mən belə şeydən qorxuram, buna razı ola bilmərəm. Əlavə etdim ki, mən sizə 60 min vermişəm, ondan nə qədər qazancım olacaqsa, yalnız onu istəyirəm. Nəticədə, onların mənimlə mübahisəsi düşüdü. Sonra nazir müavini Şahin Həsənovla danışdılar, həmin vaxt nazir Yusif Novruzov idi. Mənim idarəmi 8 dəfə yoxladılar, heç bir qanunsuzluq tapa bilmədilər. Buna baxmayaraq, möhürü əlimdən alıb, iş fəaliyyətimi dayandırdılar. Səbəb kmimi isə onu göstərdilər ki, sən Bakıda deyil, Masallıda fəaliyyət göstərməlisən”.

Xosrov Mirzəyev bildirir ki, Şahin Həsənov ondan möhürü aldıqdan sonra Masallıya getməyi təklif edib: “Məndən möhürü alıb, Əliyev Ağaddin Xaliq oğluna verdilər. Sonra mənim yerimə onu müdir təyin etdilər. Mənə də dedilər ki, get Masallıya, aybay maaşını alacaqsan. Daha sonra onlar Ağaddinlə maliyyə maxinasiyaları etməyə başladılar. Bir müddət sonra, yoxlama zamanı 27 milyard manatlıq yeyintiləri ortaya çıxdı. Məsələn, 2001-ci ilə qədər neftbazanın benzinin satıb, pulunu talan etmişdilər”.

X.Mirzəyev deyir ki, üstündən 20 il keçsə də, ortaq biznes qurmaq məqsədilə Fərəməz Məmmədov və Qalib Məmmədova verdiyi 60 min dolları geri ala bilmir. “20 il ərzində onlara verdiyim 60 min dollardan 1 manat da ala bilmədim. Şikayət də edə bilmədim, çünki həmin pulu onlara verdiyim haqda heç bir sənədə imza atdırmamışdım, şahidim də yox idi. Eyni zamanda, Qalib mənə deyirdi ki, biz səndən pul almamışıq, hara istəyirsən get şikayət elə. Sonralar isə heç məni yaxın da qoymurdular ki, pulumu istəyim”.

“Hürriyyət”

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.