Parlamentin İnsan Hüquqları Komitəsinin sədri, dövlətin ictimai-siyasi seqmentdə “ağır top”larından biri olan deputat Zahid Oruc Anaxeber.info-ya ABŞ-Azərbaycan gərginliyindən danışıb. Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc sanksiyaların tətbiqi ehtimalı, gərginliyin səbəbi və digər detalları açıqlayıb.
Onun sözlərinə görə, son 34-35 ildə Amerika Birləşmiş Ştatlarının bütün hakimiyyət qollarında Azərbaycan əleyhinə kampaniya gedib. Deputatın fikrincə, ola bilsin ki, bəzən Konqres, ikinci halda Dövlət Departamenti, üçüncü halda hökumətin digər strukturları önə çıxıblar: “Ancaq mahiyyət etibarı ilə ölkəmiz hətta “907-ci düzəliş”dən əvvəl də bu sanksiyaların altında olub. Biz yaxşı xatırlayırıq, hələ ki onlar bütün elektron resurslarda qorunub saxlanır: 1989-cu ildə Qarabağ hadisələrini SSRİ-nin dağılması və yaxud dağıdılması üçün mühüm etnik-milli separatçı alət və ya silah kimi istifadə edən Birləşmiş Ştatlar və onun siyasi elitası Qorbaçova açıq mətnlə müraciət etmişdilər ki, Qarabağın ayrılmasına müsbət təsir göstərsin, onların haqlarını tanısın və etnik-milli məsələlərdə tam özgür, azad xətt yürütsün. Başa düşürəm, indiki söhbət SSRİ-nin altına qoyulmuş “mina”nın partladılmasından gedir”.
Z.Oruc hesab edir ki, zaman etibarı ilə bu “mina”ları sonra ermənilər torpaqlarımıza basdırdılar. “1990-cı ilin 20 Yanvar hadisələrindən sonra bu, tam açıq səhnəyə çıxdı. O zaman dövlət katibi olan Ceyms Beyker və digər şəxslər bilavasitə məsələ ilə bağlı Amerika Konqresində xalqımızı islam fundamentalistləri, dini bayraq altında dövlət qurmaq tərəfdarı olan insanlar kimi qələmə verirdilər və İran tərəfdən sərhədin açılmasına da məhz bu siyasətin tərkib hissəsi kimi baxırdılar. Bu üzdən həmin qəddarlığa və vandalizmə haqq qazandırmışdılar. Bu da bir tarixdir və bir az da konkretləşdirsəm, Konqresin “907-ci düzəliş”lə bağlı müzakirələrdə öndə olan Tom Lantos adlı şəxs ailə şəcərəsi üzrə bu gün də ölkəmiz əleyhinə prosesin önündədirlər. Yəni bu simalar dəyişməyiblər, yerində qalıblar və bu özü onun sübutudur ki, hakimiyyət tandemi də bu üçlü sistem bir-birinə sanki top ötürərək mahiyyət etibarı ilə əsas Azərbaycana, regiona bu zərbəni vurmağa çalışırlar”,- deputat belə təhlil edib.
Z.Orucun fikrincə, ikinci mühüm tezis - Qarabağ silah və alət kimi bir çox dövlətlərin əlindən çıxıb: “Onlar çox qəzəblidirlər, çünki rəsmi Bakı savaşı başlamaq üçün onlardan icazə almayıb. Nə Ağ Ev, Yelisey sarayı məlumatlandırılmayıb. Regionda geosiyasi inqilab baş verib, müharibə qüvvələr nisbətini dəyişdirib və nəticə etibarı ilə həmin dövlətlərin maraqları bölgədən sıxışdırılıb çıxarılıb. Onlar nəyin bahasına olursa olsun, regiona qayıtmağa çalışırlar. Üçüncüsü, Ermənistanın himayəsi açıq-aşkar aparılır. Bu, həm sərhədə gətirib düzdükəri Avropa Birliyinin müşahidə missiyası üzərindən gerçəkləşdirilir, digər tərəfdən, Avropa Sülh Fondu vasitəsi ilə əməliyyatlar gedir. Nəhayət, ABŞ Dövlət Departamentinin mühüm maliyyə aləti olan USAİD vasitəsi ilə yardımları göstərirlər. Məqsəd Ermənistanın guya ki hərbi balansda geri qalan mövqeyini ortadan qaldırmaq, paritet əldə etmək, onları gücləndirmək və az qala onların libasını geyib əvəzlərinə döyüşmək niyyətindədirlər. Açıq-aşkar görünən mənzərə ondan ibarətdir ki, Ermənistan sülh danışıqları və yaxud bu obraz arxasında həmin dövlətlərin silah cəbbəxanasına çevrilməkdədir”.
Deputatın qənaətinə əsasən, dördüncüsü - separatçı qüvvələr hətta Ermənistanda ön yerlərə çıxarılmadıqları halda, ABŞ-da “Dağlıq Qarabağ”ın nümayəndəliyi fəaliyyətini davam etdirir: “Bu özü də bir unikal vəziyyətdir. Beşincisi, Konqres bir il əvvəl 44 nəfər şəxsə, diqqət edirsinizsə bu sakral və müqəddəs rəqəmə hücum edir. Həmin o lampuslar, palonilər, adam şiflər o zaman hələ korrupsiya cinayətlərinə cəlb olunmamış Menendes və digərlərinin müəllifliyi ilə “ANCA” erməni təşkilatı birgə bu layihələri hazırlayıblar. İndi sadəcə ardı gəlir və ölkə rəhbəri azad Cəbrayıldan dünyaya səslənərkən, açıq mətnlə bildirdi ki, Dövlət Departamentində yazılan mətni Konqresin üzvlərinə imzalatdırıb yayırlar. Başqa şəkildə, bizim siyasi xəttimizə, Vətən müharibəsində qələbəmizə, sülh danışıqlarının daşımağa qarşı aparılan bir prosesdir. Yəni sülh müqaviləsinin Azərbaycanın istədiyi şərtlərlə imzalanmasına qarşı olan məhz həmin dövlətlərdir. Bu, qələbəmizə qarşı tətbiqi istənilən sanksiyalardır”.
Z.Oruc hesab edir ki, bu məsələlər Azərbaycanın daxili haqları və sair məsələlərlə pərdələnib: “Gerçəkdən də elə olsaydı, hərçənd belə bir iddiada deyilik ki, insan haqları pozulmur, ya məmur fəaliyyətindən, ya digər səbəbdən, ancaq bir kəlbəcərliyə, şuşalıya, yaxud da cəbrayıllıya bircə ev tikməyən Birləşmiş Ştatlar insan haqları uğrunda savaşır, əslində əsas məqsəd hakimiyyətə təzyiq etməkdir. Daha dərinə getdiyimizdə həbsdə olan separatçı, xunta rejimi təmsilçilərinin azadlığına nail olmaq üçün addımlar atılır. Ona görə də hesab edirəm ki, bu şəraitdə biz mütləq hakimiyyət, dövlət, parlament və xalq birliyini bu məsələlərdə təmin etməliyik. Hədəf ondan ibarətdir ki, qurulan, formalaşdırılan, yaradılan, inkişaf etdirilən azad torpaqlar deyil, viranəyə çevrilən dağılmış bir məmləkət həmin qüvvələrin həddindədir. Bu üzdən Amerika-Azərbaycan münasibətlərini bir sıra sahələrdə aşağı endirmək, münasibətlərin birtərəfli qaydada davamlığının qeyri-mümkünlüyünü parlament üzvləri dilə gətiriblər. Ümidvarıq ki, Xarici İşlər Nazirliyi tərəfindən dəyərləndiriləcək. Yəni 1990-cı illərdən sonra Amerika- Azərbaycan münasibətləri uzun bir inkişaf yolu keçmişdir və buna həmin dövrün rəhbərləri meydan verib. Lakin çox təssüflər olsun ki, son illər ərzində Birləşmiş Ştatlar 90-cı illərində necə ki işğalda hərbi-siyasi yardımlarla, mənəvi dəstəklə, diplomatik köməkliklərlə iştirak edirdi, indi də bu təzyiqlərini göstərməkdə davam edirlər. Bu üzdən təzyiqlərin hakimiyyətə deyil, məhz dövlətə, xalqa qarşı olduğuna heç bir şübhə qalmır”.
Z.Oruc bildirib ki, Azərbaycanın ABŞ-a sanksiya tətbiqi məsələsinə bir qədər rişxəndlə yanaşan qüvvələrin sadə bir cavabı ondan ibarətdir - Azərbaycan coğrafi ərazisinə görə kiçik bir dövlət sayıla bilər, lakin beynəlxalq siyasi əhəmiyyəti böyükdür və Azərbaycan dövlətinin qəlbi böyükdür, iradəsi böyükdür: “Bu beynəlxalq münasibətlərə Qarabağ məsələsini həll etməklə nail olub. Bu gün qlobal təhlükəsizlik sisteminin çökdüyü bir şəraitdə, guya Ukranaya yardım edən və onun tərəfində olan bu dövlətlər indi gəlib Qafqazlarda Azərbaycanın əli ilə yaradılmış bu azadlığı, sülhü, təhlükəsizliyin üzərindən xətt çəkib, daim savaşlar getməsi modeli həyata keçirirlər: “Çünki bu, onların həm iqtisadi, həm geopolitik, həm də siyasi maraqlarına uyğun bir siyasət olar. Yəni bölgədə nə qədər düşmənçiliklər, savaşlar olacaqsa Amerikanın, Qərbin silah partiyası, siyasi və iqtisadi qüvvələri özlərini qazancdan hiss edəcəklər. Siyasətin mahiyyəti bundan ibarətdir”.
Azər Talıbov
Anaxeber.info