Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderin nəticəsinə əsasən, “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (26.09.2024 – 26.09.2025) “Azerspace-2” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək.
Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 1 milyon 581 min manat ödəyəcək.
Məlumatda bildirilir ki, “Azerspace-2” peykinin dəyəri 81 milyon ABŞ dollarına (138 milyon manat) bərabərdir.
Qeyd edək ki, bundan əvvəl “Azerspace-2” peykinin sığortalanması xidmətlərini “Qala Sığorta” ASC (VÖEN- 1700066901) həyata keçirib. “Azərkosmos” “Azerspace-2”nin bir ilik sığortası üçün “Qala Sığorta”ya 865 min 300 manat ödəyib.
Açıqlanan məlumatlardan da göründyü kimi, “Azərkosmos” eyni xidmət üçün “Paşa Sığorta”ya “Qala Sığorta”ya ödədiyi vəsaitdən təxminən 2 dəfə çox vəsait ödəyəcək.
Onu da bildirək ki, bu ilin iyun ayında “Azərkosmos” başqa bir peykin – “Azerspace-1” peykinin sığortalanması xidmətlərini də “Paşa Sığorta”ya həvalə edib. “Paşa Sığorta” ASC bir il müddətində (04.06.2024-04.06.2025) “Azerspace-1” peykinin sığortalanması xidmətləri üçün “Azərkosmos”dan 1 milyon 436 min 500 manat alacaq.
Daha əvvəl Azərbaycanın müşahidə peyki olan “Azersky” peyki də “Paşa Sığorta” ASC tərəfindən sığortalanıb. 2022-ci ildə “Azərkosmos” 45 milyon manat dəyəri olan “Azersky” peyki üçün “Paşa Sığorta”ya 518 min manat sığorta haqqı ödəyib.
Elnur Əli