Beynəlxalq miqyaslı fırıldaqçının Azərbaycan bankında 1,5 milyardı olub

29-04-2014, 11:38   

Avstraliya mətbuatı qalmaqallı maliyyəçi, adı beynəlxalq miqyaslı maliyyə fırıldaqlarında keçən Roland Bleyerlə bağlı yeni araşdırma yayıb.

Roland Bleyerin Azərbaycanda 2012-ci ildə bağlanan “Royal Bank”la əlaqələrinə dair yeni fakt məlum olub.

Məqalədə bildirilir ki, “Hayman Private Equity” adlı investisiya fondunun rəhbəri olan Bleyer amerikalı iş adamı Ross Qliksmana qarşı 400 milyon dollarlıq fırıldağın təşkilində “Royal Bank”dan da istifadə edib.

Xatırladaq ki, Avstraliya mediası R.Bleyer və onun etirafları barədə geniş araşdırmanı dərc edib. Həmin araşdırmada göstərilir ki, Roland Bleyer Avstraliyanın Qiymətli Kağızlar Komitəsinin suallarına cavab olaraq özünü “Royal Bank”ın maliyyə komitəsinin direktoru kimi təqdim edib.



Həmçinin məlum olub ki, Roland Bleyer Çikaqodan (ABŞ) olan biznesmen Ross Qliksmanla ortaq biznes layihəsini müzakirə edərkən Avstraliyadan Azərbaycana, “Royal Bank”a 200 milyon dolların transferindən də bəhs edirmiş.

R.Qliksman bu yazışmaları ABŞ Federal Məhkəməsinə təqdim edib. Hazırda ABŞ məhkəməsi bu işlə bağlı araşdırma aparır. R.Bleyer amerikalı biznesmenə 400 milyon dollar “atdığı” barədə iddiaları rədd edir.

Virtualaz.org saytı “The Australian” qəzetinə istinadən xəbər verir ki, kenqurular ölkəsinin keçmiş turizm naziri Con Braunun da Bleyerlə ortaqdır. Məlum olub ki, Con Braun 2009-cu ildə “Hayman Private Equity Australia” şirkətinin yeganə direktoru təyin edilib. Bildirilir ki, əvvəlcə R.Bleyer R.Qliksmana qarşı ABŞ-ın İllinoys ştatının dairə məhkəməsində iddia qaldırıb. İddiaya əsasən Qliksman Bleyerin “Superkite” adlı şirkətinə 900 min dollar kredit borcunu ödəmir.

Daha sonra Qliksman cavab iddiası qaldıraraq Bleyerin onu 400 milyon dollar məbləğində aldatdığını bildirib.

Məhkəmə sənədlərinə əsasən Qliksman 2009-cu ildə ABŞ-da böyük həcmdə daşınmaz əmlak almaq istəyən və “böyük sərvətə və geniş investisiya əlaqələrinə” malik Bleyerin nəzarət etdiyi “Hayman Private Equity” şirkəti ilə təmas qurub. Tərəflər qlobal maliyyə böhranı nəticəsində kəskin ucuzlaşan daşınmaz əmlaka yatırım qoymaq üçün birgə müəssisə yaradıblar.

Bleyer maliyyə fırıldağına görə 90-cı illərdə ABŞ-dan qaçdığı üçün tərəflər danışıqları Sürixdə aparıblar. Qərara alınıb ki, “Hayman Private Equity” yaradılacaq birgə müəssisə üçün öz tərəfindən 500 milyon dollar ayıracaq.

Sonrakı yazışmalarda Bleyer amerikalı ortağına bildirib ki, HSBS bankından 6 milyard avroluq kredit qarantiyası alıb və kredit xəttinin açılması üçün ortaqlar depozit olaraq 400 milyon dollar qoymalıdır.

Məhkəmə sənədlərinə əsasən 2010-cu ildə birgə müəssisəni maliyyələşdirmək üçün Bleyerin Avstraliyadakı bankından “Royal Bank” vasitəsilə 200 milyon dollar köçürülməsi qərarlaşdırılıb.

“Lakin “Hayman Private Equity” investisiya şirkətinin 1,5 milyard dollarlıq aktivlərinin yerləşdirildiyi Azərbaycan bankı ilə bağlı problem meydana çıxıb və maliyyələşmə təxirə salınıb” - deyə qəzet yazır.

Xatırladaq ki, İran və ABŞ pasportları daşıyan Fuad Cam və qardaşı Əli Cama məxsus olan “Royal Bank”ın lisenziyası iri həcmdə şübhəli maliyyə transferləri həyata keçirdiyinə görə geri alınıb. Bank müflis elan edilərək bağlanıb və əmanətçilərin 58 milyon manat pulu batıb. Bankın İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılaraq transferini də həyata keçirdiyi məlum olmuşdu. Hazırda bankın rəhbərləri axtarışdadır.

Livanın keçmiş baş naziri Rafiq Həriri və digər xarici hökumət rəhbərləri ilə əlaqələrinin olduğunu deyən avstraliyalı maliyyəçinin investisiya fondunun “Royal Bank”da saxladığı 1,5 milyard dollarlıq aktivlərin sonrakı taleyi məlum deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.