Bəxtiyar Hacıyevi polisdə döydülər, təhqir etdilər

29-04-2014, 12:15   
Bəxtiyar Hacıyevi polisdə döydülər, təhqir etdilər
Gənc siyasətçi Bəxtiyar Hacıyev polis bölməsində təzyiq və təhqirlərə məruz qalıb. Bu barədə B. Hacıyev özü məlumat verib. O deyib ki, ötən gün səhər saatlarında zəng edərək, onu Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə izahat vermək üçün dəvət ediblər: “Günorta saat 3 radələrində ora getdim, izahat yazmağa başlayanda dedilər ki, qalxın ayağa, rəis gəlir. Polis mayoru İltimas Yusifli otağa girdi, girən kimi üstümə gəlib məni ağır ifadələrlə təhqir etdi. Mən ondan soruşdum ki, bu nə danışıqdır? O isə eyni tərzdə, təhqir, səviyyəsiz, əxlaqsız ifadələrlə danışmağa davam elədi, sonra sinəmdən, qolumdan tutub itələməyə başladı. Mən də “Eybi yox, siz nə deyirsiniz deyin, nə edirsiniz edin, mən də müraciət edərəm” dedim. O isə “Kimə müraciət edəcəksən, kimə güvənirsən ə?” dedi. Mən ona bildirdim ki, onun davranışından Prezidentə şikayət edəcəyəm. O isə cavabında yenə təhqiramiz ifadələr işlətdi. Mən onun bu sözlərdən dəhşətə gəlmişdim”. B. Hacıyev bildirib ki, İltimas Yusifli onun telefonunu əlindən alaraq, bölməni tərk edib: “Polislərə isə tapşırdı ki, aparın bunu narkoloji dispanserə, oradan bir rəy alın ki, bu narkomandır, gəldi bizi təhqir etdi, şöbəni dağıtdı, həm də cibinə də bir şey atın, tutun basın içəri. Polis əməkdaşları isə məni həbs etdirmək üçün raport tərtib etməyə başladılar. Bir neçə dəfə telefonla danışmaq, vəkilimlə əlaqə saxlamaq istəsəm də, buna imkan vermədilər. Bir müddət sonra rəis yenidən ora gəldi. Mənə dedi ki, sən nurçusan, NİDA-çısan, sənə istədiyim şeyi “yapışdıra” bilərəm və səni tutduraram. Sonra aktrisa Mətanət Əhmədovanı çağırtdırdı, gətirdi və onun, mənim və polis əməkdaşlarının yanında Mətanətə tapşırdı ki, Mətanət “Bəxtiyar Hacıyev məni özünü öldürmə həddinə çatdırıb” məzmunlu ərizə yazsın. Rəis dedi ki, narkotika ilə olmasa da, bununla səni tutduracam, sən müxalif düşüncəli adamsan, nurçusan, nə istəsəm edəcəm, heç kim də mənə heç nə edə bilməz, heç kim də səni müdafiə etməyəcək”.
Saat 20.00 radələrində Sabunçu Rayon Məhkəməsinə aparıldığını deyən B. Hacıyev onun işinə hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə baxıldığını bildirib: “Məhkəməyə raport təqdim etdilər ki, mən guya polis şöbəsinə gəlib, onları təhqir etmişəm. Hakimə bildirdim ki, mən öz vəkilimlə iştirak etmək istəyirəm. Hakim əvvəl prosesi sabaha təxirə saldı. Sonra isə bildirdi ki, raport düzgün təqdim edilməyib, ona görə də məhkəmə filan yoxdur, polis işçilərinə tapşırdı ki, mənim telefonumun şöbədə saxlanması qanunsuzluqdur və dərhal qaytarılmalıdır. Maraqlıdır, dələduzları qoruyan, onlara görə məni təhqir edən, qanunsuz olaraq telefonumu əlimdən alan və ən nəhayət, dəfələrlə Prezidentə müraciət edəcəyimi deyəndə hər dəfə “kimə arxalanırsansa ...” ilə başlayan təhqirləri edəcək qədər özünə güvənən bu mayor kimə arxalanır? Bu ölkədə lazım gələndə general da həbs edirlər, generalın bacısı oğlunu da, nazir də, deputat da. İndi görək, bu məsələyə rəsmi orqanlar necə münasibət bildirəcəklər? “Prezidentə müraciət edəcəm” deyəndə o ifadələri işlədən şəxsi polis orqanlarına layiq biləcəklərmi?”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.