Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusun Fransa səfirliyi tərəfindən Azərbaycandan qaçırılması planının olması xəbərinə Milli Məclisin sədr müavini Bahar Muradova münasibət bildirib. Millət vəkili açıqlamasında deyib ki, əgər deyilənlər doğrudursa, bu, təəssüfedici haldır: “Düşünürəm bu məsələ ilə bağlı müvafiq qurum özü izahat verməlidir. Bu suala cavabı onlardan istəsəniz daha məqsədəuyğun olar. Çünki mən bununla bağlı ətraflı məlumata malik deyiləm. Həqiqətən də belə olub, yoxsa mətbuatda bu cür gedib, bax, bunu dəqiq söyləyə bilmədiyim üçün hansısa bir fikir bildirmək istəməzdim. Bircə onu deyə bilərəm ki, diplomatik nümayəndəliklərin konkret fəaliyyət istiqamətləri var və onlar öz işləri ilə məşğul olmalıdır”.
O, Leyla Yunusun saxlanılmasına da münasibət bildirib: “İlk növbədə deyim ki, mənim bu məsələyə hər hansı bir münasibət bildirməyim doğru olmaz. Əgər hüquq mühafizə orqanları Leyla Yunusla bağlı əməliyyat həyata keçiriblərsə, demək buna zərurət olub. Bu hadisə yeni baş verib. Mənim üçün də bu prosesin baş vermə səbəbləri maraq doğurur. Əlbəttə məsələnin nə ilə yekunlaşacağını diqqətlə izləyəcəyəm”.
Xatırladaq ki, tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23.30 radələrində Heydər Əliyev Hava Limanından Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Saat 04.00 radələrində isə Arif Yunusun evində halı pisləşib və o, təcili yardımla xəstəxanaya aparılıb. Leyla Yunus isə hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadəsi alınır.