Çempionlar Liqasının 2013/2014-cü illər mövsümünün ilk finalçısı müəyyənləşib. Krallara layiq "Bavariya"-"Real" oyununda "Kral klubu" şahanə qələbə qazanıb - 4:0.
Münhenin məşhur "Alyans Arena" stadionunda keçirilən bu oyun öncəsi matç ətrafında böyük ajiotaj var idi. Səbəb təkcə alman-ispan duelinin daim böyük maraq kəsb etməsi deyildi. Həm də o idi ki, bu iki klub arasında daimi rəqabət, gərgin mübarizə ənənəsi var. "Bavariya" ilə "Real"ın oyunları həmişə kilid oyunlar sayılıb. Təsadüfi deyil ki, bu iki komandanın oyununu ÇL-də erkən final sayanlar da çox idi. Üstəlik "Real"ın İspaniyadakı barışmaz rəqibi olan "Barselona"nın indi alman klubunu çalışdıran sabiq baş məşqçisi Xosep Qvardiola amili. Necə deyərlər, növbəti "El Klassiko", amma bu dəfə alman torpaqlarında...
“Bavariya”nın “Alyans Arena”da bu hesabla uduzacağını hətta ən bədbin adamlar da proqnozlaşdıra bilməzdi. Amma oldu. Mdriddən Münhenə qayıdanbaş yolda ÇL-in finalına vəsiqəni az qala ciblərindıə hesab edən almanlar nəinki "Santyaqo Bernabeu"dakı 0:1 hesablı məğlubiyyətin qisasını ala bilmədilər, hətta iki oyunda bircə qol vura bilməmək qədər antirekorda imza atdılar. Bu oyun da madridlilərin xeyrinə başa çatdı. Amma bu dəfə 1:0 yox, 4:0 hesabı ilə...
Yada salaq ki, bu iki iddialı komanda arasındakı ilk görüş aprelin 23-də “Santyaqo Bernabeu”da keçirilmiş və həmin oyunda müsəlman fransız Kərim Benzemanın vurduğu yeganə qol “Kral klubu"na qələbə qazandırmışdı.
"Bavariya" - "Real" - 0:4
Qollar: Serxio Ramos (15 və 20), Kriştiano Ronaldo (34 və 90).
İndi "Real" finala çıxacaq rəqibini gözləyir. Bu, madridlilərin həmşəhərliləri "Atletiko" da ola bilər, London "Çelsi"si də. Aprelin 30-da üz-üzə gələcək bu komandaların Madriddə keçirdiyi ilk oyun 0:0 hesabı ilə bitib.