Ramiz Mehdiyev Paşayevləri hədəfə alıb

1-11-2013, 13:07   
Ramiz Mehdiyev Paşayevləri hədəfə alıb
PA rəhbərinin rəqiblərini sıradan çıxarmaq istəyi hakimiyyətdə ciddi qarşıdurmaya səbəb ola bilər

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin son keçirdiyi tədbirlər və etdiyi çıxışlar hakimiyyətdəki ən güclü qruplaşmalardan biri olan Paşayevlərə qarşı yönəlib. Bu barədə redaksiyamıza iqtidardakı mənbə məlumat verib. Mənbə Ramiz Mehdiyevin çıxışlarına diqqət çəkərək deyir: “Administrasiya rəhbəri çıxışlarında əsasən elm və təhsil sahəsini hədəfə alır. Məhz bu sahə Paşayevlərin nəzarətindədir. Paşayevlər son illərdəki uğurlarından biri Mikayıl Cabbarovun təhsil naziri, Akif Əlizadənin isə Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təyinatıdır. Hər iki şəxs birmənalı olaraq Paşayevlərin kadrı hesab olunur. Bu baxımdan da Ramiz Mehdiyev çıxışlarında ad çəkmədən məhz onları hədəf seçir”.
Bundan başqa Ramiz Mehdiyevin nəzarətində olduğu şübhə doğurmayan rəsmi dövlət qəzeti “Azərbaycan”da dərc edilən “Mənəviyyat manifesti” başlıqlı məqalədə də elm və təhsil sahəsinə dair sərt tənqidlər yer alır. Mənbənin iddiasına görə, “Azərbaycan” qəzetində Ramiz Mehdiyevin razılığı olmadan bu tip məqalələrin dərc olunması sadəcə mümkün deyil. “Çox böyük ehtimalla bu məqalə hes redaksiyada deyil, elə Prezident Administrasiyasında hazırlanıb”, - deyə mənbə bildirir.
Qaynağımızın sözlərinə görə, hazırda hakimiyyətin Rusiyaya meyllənməsi Ramiz Mehdiyevin iqtidardakı mövqelərini gücləndirib. PA rəhbəri də fürsətdən istifadə edərək bütün rəqiblərini, xüsusilə Paşayevləri sıradan çıxarmaq niyyətindədir. “Lakin Paşayevlər də iqtidarda kifayət qədər böyük gücdür. Çox güman ki, onların da Ramiz Mehdiyevə cavabı gecikməyəcək”, - deyə mənbə əlavə edib.
Elçin Mirzəyev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.