ABŞ xüsusi xidmət orqanlarının Rusiya Prezidenti Vladimir Putinin sərvəti ilə bağlı hazırladığı 7 il əvvələ aid gizli sənəd ortaya çıxıb. Açıqlanan sənəddə qeyd edilir ki, Putin 40 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı lideridir.
"Nyu York Tayms" qəzeti Putinin sərvəti ilə bağlı FTB-nin 7 il əvvəl gizli bir hesabat hazırladığını, ancaq bu günə qədər həmin hesabatı açıqlamadığını qeyd edib. Məqalədə Krımın işğalı və Ukraynadakı hadisələrlə bağlı ABŞ-ın Rusiyaya qarşı başladığı sanksiyaların məqsədinin xüsusilə Putinə və yaxın ətrafına maliyyə cəhətdən zərər vermək olduğunu iddia edilir.
Qəzetdə Putinin sərvəti ilə bağlı ABŞ-ın əlində konkret məlumatların olmadığı da vurğulanır. Bildirilir ki, əldə olan yalnız Kremlin Rusiya liderinin illik qazancının 102 min dollar olması ilə bağlı hesabatıdır. Ancaq Vaşinqton 40 milyardın toplanmasında Putinin enerji şirkətləri "Surqutneftqaz", "Qunvor" və "Qazprom" ilə əlaqələrindən şübhələnir. Bu şirkətlərdən gələn nağd gəlirlərlə bağlı söz-söhbətlər isə ABŞ-ı çaşbaş qoyub. "Nyu York Tayms" həmçinin qeyd edir ki, Putinin 40 milyardlıq gəlirində 2003-cü ildə İraqın edam edilən sabiq diktatoru Səddam Hüseynlə Moskva arasındakı ticarət əlaqələrinin də böyük payı olub.