“Oğlumu həbsdə vəhşicəsinə döyüblər”

30-04-2014, 15:38   
Şəmkir rayon sakini Vələddin Hüseynov və onun həyat yoldaşı yaşadıqları rayonun hüquq-mühafizə orqanlarının özbaşınalığı ilə bağlı RATİ-də mətbuat konfransı keçirib.

Onların sözlərinə görə, 27 yaşlı oğulları Sərvər Hüseynov 21 apreldə polislər tərəfindən evdən aparılaraq, həbs olunub. Valideynlərinə Sərvər Hüseynovun həbsinin səbəbləri barədə heç bir məlumat verilməyib. Ancaq 4 ay öncə hüquq-mühafizə orqanları Sərvər Hüseynovu qaynatası Fərhad Kazımovun seyfindən 20 min manat oğurlamaqda günahlandırmışdı. Valideynləri isə Sərvərin oğurluq etmədiyini, polisin onu günahsız olaraq, həbs etdiyini iddia edirlər.

V.Hüseynov oğlu Sərxan Hüseynovun həbsini əsassız sayır. Bu həbsdə qudası Fərhad Kazımovun Şəmkir rayon polis şöbəsində işləyən oğlu Kamran Kazımovun marağı olduğunu iddia edir. Bununla bağlı V.Hüseynov ölkənin hüquq-mühafizə orqanlarına müraciət etsə də, heç kəs bu müraciətə əhəmiyyət verməyib.

“Oğlumu qanunsuz olaraq həbsdə saxlayırlar”

V.Hüseynov deyib ki, oğlu qudasının çobanı kimi xidmət göstərib: “Oğlum qaynatasının çobanı kimi işləyirdi. Bu xidmətin əvəzi olaraq, qaynatası F.Kazımov hər ay S.Hüseynova bir qoyun verəcəyini vəd edib. Keçən il dekabrn sonunda baş verən pul oğurluğu ilə bağlı 4-5 nəfər, o cümlədən də, oğlum saxlanıb. İstintaq aparılıb, cinayəti sübuta yetmədiyi üçün hamısı sərbəst buraxılıblar. Amma bu il aprelin 21-də yenidən həmin cinayət işi qaldırılıb, oğlum 7 sutka həbs edilib. Aprelin 28-də oğlumun cəza müddəti bitib. Amma hələ də azadlığa buraxılmayıb. Mənim oğlum haqqında heç bir məhkəmə qərarı yoxdur. Onu qanunsuz olaraq həbsdə saxlayırlar”.
“Oğlumu həbsdə vəhşicəsinə döyüblər”

Sərvər Hüseynovun anası Mərcan Hüseynova dəfələrlə oğluyla görüşmək istəsə də, polis buna imkan verməyib: “Mən dəfələrlə oğlumla görüşmək istəmişəm. Amma icazə vermirdilər. Sonradan oğlumla kompüter vasitəsilə görüşə bildim. Oğlumu həbsdə vəhşicəsinə döyüblər. Kompüterdən oğlumu seyr edərkən onun danışa, tərpənə bilmədiyini gördüm. Hətta Sərvər danışarkən belə, sözlər ağzından zorla çıxırdı. Onu o qədər döyüblər ki, Sərvər axırda onların dediyini qəbul etməyə məcbur olub. Biz onu görmək üçün polis şöbəsinə getdikdə, onu bizdən xəlvət evində axtarışa aparıblar. Əlləri qandallı şəkildə evə salıblar. Evdə gəlinim tək idi. Hətta onu da otaqdan çıxarıb, deyiblər ki, “Narahat olmayın, hər şey qaydasındadır. Tezliklə buraxacağıq”. Sonra onlar guya pərdənin karnizindən 1500 manat pul tapıblar. Pərdədən öz qoyduqları pulu tapandan sonra oğlumdan qol çəkməsini tələb ediblər. Ancaq yazıq uşağı o qədər döyüblərmiş ki, imza çəkməyə belə, halı olmayıb. Gəlinim də savadsızlıqdan onların dediyinə əməl edib, yoldaşının yerinə qol çəkib”.

“Prokurorluqda məni elə qarşıladılar ki, elə bil insan deyiləm”

V.Hüseynov bildirib ki, ona qarşı prokurorluqda hörmətsizlik edilib: “Prokurorluqda məni elə qarşıladılar ki, elə bil insan deyiləm, valideyn deyiləm. Yəni mən ermənidən də pis oldum ki, mənə qarşı belə münasibət göstərirlər? Onlar deyirlər ki, Sərvəri Cinayət Məcəlləsinin 310-cü bəndinə görə saxlayıblar. Biz savadsız insanlarıq. İmkansızlıqdan vəkil də tuta bilməmişik. Prokurorluqdan bizə dedilər ki, “Gedin, hara şikayət edirsiz edin”. Biz də öz haqqımızı tələb etmək üçün son ümid olaraq, Bakıya üz tutduq”.

S.Hüseynovun anası isə oğlunun həbsini qanunsuz saydığını, buna görə də YAP sıralarından istefa verdiyini və Azərbaycan vətəndaşlığından da imtina edə biləcəyini deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.