Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ diktatorları çökdürməyə başlayır

1-05-2014, 10:48   
ABŞ diktatorları çökdürməyə başlayır
FTB onların xaricdəki pullarının üzə çıxarılması ilə bağlı xüsusi qrup yaradıb

ABŞ Federal Təhqiqatlar Bürosu devrilmiş diktatorların və korrupsiner hökmdarların xaricdə gizlədilmiş aktivlərini axtarıb üzə çıxarmaq üçün xüsusi qrup yaradıb.
Bu barədə Londonda Ukraynada Yanukoviç hakimiyyətinin ölkədən çıxardığı aktivlərin geri qaytarılmasna dair təşkil edilmiş iki günlük beynəlxalq konfransda ABŞ-ın baş prokuroru Erik Holder elan edib.

Ukraynanın yeni hakimiyyəti dünyanın 136 ölkəsinə müraciət edərək devrilmiş prezident Viktor Yanukoviç də daxil olmaqla onun hakimiyyətinin 68 vəzifəli şəxsinin bank hesabları barədə informasiya verməyi xahiş edib.

Ukraynanın baş prokuror əvəzi Oleq Maxniçki tədbirdə bəyan edib ki, Yanukoviç ölkədən 100 milyard dollardan artıq vəsait oğurlayıb. Baş prokuror əvəzi deyib ki, Yanukoviçin oğurladığı pulların bir hissəsi Avropa banklarındadır, bir qismi isə Rusiyaya köçürülüb. Maxniçkinin iddiasına görə, təkcə bu ilin əvvəlində ölkədən 32 milyard dollar çıxarılıb. Özü də həmin vəsaiti nağd şəkildə yük maşınları ilə daşıyıblar. Onun fikrincə, indi Ukraynanın şərqindəki separatçı hərəkat həmin pullarla maliyyələşdirilir.

Konfransda çıxış edən Erik Holder deyib ki, korrupsiya və xalqlardan oğurlanmış pulların aşkar edilməsi üçün hələ 2010-cu ildə "maliyyə spesnazı” yaradıb. Bu qrupda yer alan mütəxəssislər Nigeriya diktatoru Sani Abaçanın 550 milyon dollarını aşkar edərək geri qaytarmağa kömək ediblər. Holder amerikalı mütəxəssislərin Ukraynada da işlədiyini bildirib. Yanukoviçin oğurladığı pulların izinə düşmək üçün xüsusi agentlər və çirkli pulların yuyulması üzrə mürəkkəb sxemləri araşdıran analitiklər cəlb olunublar.

Qeyd edək ki, bu addım bütün korrupsioner və avtoritar rejimlərə aiddir. Yəni, Azərbaycan da qrupun hədəfində olan ölkələrdən biridir.
Mövzu ilə bağlı siyasi ekspert qismində fikirlərini öyrəndimiz Rahim Hacıyev bildirdi ki, Yanukoviç və ətrafının Ukraynadan qanunsuz yolla əldə edib, xarici ölkələrə yerləşdirdikləri maliyyə vəsaitlərinin axtarılmasına həsr olunmuş London konfransı böyük əhəmiyyət kəsb edir. Tədbir zamanı ABŞ baş prokurorunun verdiyi bəyanatı diktatura rejimlərinə qarşı ciddi addımların atılacağının anonsu kimi dəyərləndirən Rahim Hacıyev vurğulayıb ki, son illər ərzində dünyada demokratik dəyərlərin yayılması yolunda diktatura və korrupsioner rejimlər çox böyük əngələ çevrilib: "Məhz bu tipli rejimlər konkret ölkələrdə insan hüquq və azadlıqlarına qarşı açıq şəkildə repressiya tətbiq etməklə fərqlənirlər. Korrupsioner rejimlərlə mübarizədə böyük əhəmiyyət kəsb edən məsələ onların oğurladıqları maliyyə vəsaitlərindən məhrum edilməsidir. Komissiyanın yaradılması onu sübut edir ki, bu istiqamətdə səmərəli fəaliyyət göstərmək üçün prinsipial qərar verilib. Güman etmək olar ki, korrupsioner və diktatura rejimlərinin sıradan çıxarılması prosesinin sürətləndirilməsində belə addımların böyük rolu olacaq”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə hesab edir ki, artıq demokratik dünya diktatorların, korrupsioner rejimlərin terror təhlükəsindən, gizli iqtisadiyyatın yaratdığı təhdidlərdən narahat olur. Qubad İbadoğlunun fikrincə, bu qərar eyni zamanda ayrı-ayrı hökumətlərə təzyiq etmək məqsədi də daşıyır: "Bu istiqamətdə əldə olunan informasiyalar sonradan həm də siyasi təzyiq vasitəsinə çevrilir. Düşünmürəm ki, bu komissiya indiyə kimi fəaliyyət göstərməyib. Bu əvvəllər də olub. Sadəcə olaraq bunu indi leqallaşdırıblar. Çünki ABŞ həmişə diktatorların, korrupsioner rejimlərin xaricdəki maliyyə vasitələrini diqqətdə saxlayıb”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar