Torbyörn Yanqlandın hakimiyyətlə gərgin müzakirələri gözlənilir; onun səfəri mayda gözlənilən əfv fərmanının daha çox dustağa şamil edilməsinə səbəb ola bilər
Avropa Şurasının baş katibi Torbyörn Yanqlandın mayın 8-də Bakıya səfəri zamanı Azərbaycanda insan hüquqlarının vəziyyəti gündəliyin əsas mövzularından biri olacaq.Strasburqdakı mənbələrdən "Turan”a məlum olub ki, Yanqland SDİ direktoru Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun saxlanması ilə bağlı vəziyyətə, onlara təzyiqlərə toxunacaq.
Bundan əlavə, siyasi məhbuslar mövzusuna, mayda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi ilə əlaqədar bu problemin həlli barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, 2013-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hazırladığı qətnamə layihəsi rədd edilib.
Sənəddə Azərbaycanda siyasi məhbus probleminin həll olunmadığı, ölkənin bu sahədə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi vurğulanırdı. Azərbaycan tərəfi hesabatın qüsurlu olduğunu deyirdi. Qətnamə layihəsi səsverməyə çıxarıldı və 79 nəfər lehinə, 125 nəfər əleyhinə olmaqla rədd edildi.
Bundan sonra Azərbaycan hakimiyyəti artıq siyasi məhbus məsələsinin gündəmdən çıxdığını bildirdi. Prezident İlham Əliyev də bu ilin yanvarında Brüsselə səfəri zamanı Avropa Birliyi Şurasının (Aİ-nin ali orqanı) prezidenti Herman Van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirdi ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur.
İ.Əliyev bildirdi ki, onun opponentlərindən heç biri həbsdə deyil: "Azərbaycanda siyasi məhbus yoxdur, AŞ PA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları və demokratik inkişaf sahəsində öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”.
Amma elə həmin ərəfədə Sülh və Demokratiya İnstitutu siyahı açıqlayaraq Azərbaycanda siyasi məhbusların sayının 135-ə çatdığını bildirdi.
Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu isə onların siyahısında 42 siyasi məhbusun olduğunu bildirdi.
Qeyd edək ki, yanvardan sonra daha bir neçə nəfər siyasi məhbus elan olunub.
Bu il may ayında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dönəmi başlayacaq. Azərbaycan altı ay bu quruma sədrlik edəcək və prezident İlham Əliyevin bununla bağlı çıxışı olacaq.
Hüquq müdafiəçiləri hesab edirlər ki, buna qədər Azərbaycanda siyasi məhbus məsələsi həll olunmalıdır ki, Bakı AŞ Nazirlər Komitəsinə sədrlikdən ölkənin maraqları üçün istifadə edə bilsin. Əks təqdirdə, Azərbaycan AŞ Nazirlər Komitəsi və AŞ PA-da çətin suallarla üzləşə bilər.
Onu da əlavə edək ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu bugünlərdə bildirib ki, mayda böyük əfv gözlənilir. Bu baxımdan AŞ baş katibinin Azərbaycana səfəri və siyasi məhbuslar məsələsi ilə bağlı müzakirələr aparması bir sıra siyasi məhbusların adlarının əfv siyahısına salınmasına səbəb ola bilər.
Əks təqdirdə, AŞ-la Azərbaycan hakimiyyətinin münasibətləri yenidən gərginləşə bilər.
Ekspertlər Torbyörn Yanqlandın siyasi məhbuslar məsələsi ilə bağlı Bakıda aparacağı müzakirələrin asan keçməyəcəyini düşünürlər.