“Üç erməni zabitinin cəsədi kəlbəcərli əsirlərlə dəyişdirilsin”

14-11-2014, 02:32   
“Üç erməni zabitinin cəsədi kəlbəcərli əsirlərlə dəyişdirilsin”Əhməd Şahidov: “Vurulan helikopterdə ölən ermənilərin cəsədləri hələ bir müddət atəş altında qalmalıdır”


Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğunu, bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar Azərbaycanın hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcəyi və hava sərhədlərini pozanların Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəyi ilə bağlı Azərbaycan tərəfinin ardıcıl xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Silahlı Qüvvələrinin helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum ediblər.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus “Mİ-24″ tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb. Helikopterdə olan 3 erməni hərbi qulluqçusu həlak olub və onların meyitləri hazırda Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan zonada qalıb.

Ermənistan silahlı birləşmələri həlak olmuş erməni zabitlərinin meyitlərini hadisə yerindən götürə bilmirlər və səbəb kimi həmin ərazilərin Azərbaycan ordusu tərəfindən atəş altında saxlanıldığını göstərirlər. Bununla bağlı Qırmızı Xaç Komitəsinə müraciət edən Ermənistan rəsmiləri Azərbaycan tərəfinə təzyiqlər edilməsini və meyitlərin ərazidən uzaqlaşdırılması üçün vasitəçilik edilməsini xahiş ediblər. Qeyd edək ki, helikopterin həlak olan ekipajı heç də qondarma Dağlıq Qarabağın deyil, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularıdır.

Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov yaranmış situasiyanın sırf müharibə qanunları ilə tənzimləndiyini deyərək, həlak olan erməni hərbçilərinin meyitlərinin hadisə yerindən götürülməsini və ailələrinə təhvil verilməsini mümkün saymış və bunun beynəlxalq konvensiyalarla tənzimləndiyini demişdir. Lakin Ermənistan tərəfi analoji məsələlərdə beynəlxalq hüquq normalarına riayət etmədiyindən, indiyə kimi əsir götürülmüş, döyüş zamanı şəhid olmuş Azərbaycan hərbçilərinin geri qaytarılması zamanı müharibə qanunlarını kobud şəkildə pozduğundan indi özü həmin vəziyyətlə üzləşib.

Yaranmış vəziyyətdən maksimum yararlanmağı təklif edən ADİHİ rəhbəri indiyə kimi beynəlxalq qurumlar qarşısında qaldırılan kəlbəcərli əsirlərlə bağlı məsələni bir daha gündəmə gətirməyin faydalı olacağını bildirir: “Düşünürəm ki, vurulan helikopterdə ölən ermənilərin cəsədləri hələ bir müddət atəş altında qalmalı, ermənilərin cəsədləri istəməsinə cavab olaraq, Azərbaycan tərəfi də Dilqəm Əsgərov və Şahbaz Quliyevi tələb etməlidir. Yəni, 3 erməni meyitinə 2 azərbaycanlı əsir dəyişdirilsin. Tərəflər arasında vasitəçilik etmək istəyən beynəlxalq qurumlar həqiqətən də öz niyyətlərində səmimidirlərsə, o zaman kəlbəcərli əsirlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Azərbaycana təhvil verilməsinə yardımçı olmalıdırlar.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar