Son günlər Füzuli Musayevlə münasibətlərinin bitməsi ilə gündəmə gələn Ayan Babakişiyevanın “Qafqazinfo”ya müsahibəsi
- Ana olduqdan sonra yaradıcılıq fəaliyyətinizi yenidən bərpa etmisiniz. Yaradıcılığınızda nə kimi yeniliklər olacaq?
- Çoxlu mahnılarım var. Səhnəyə dönüş etmişəm deməzdim, çünki həyata baxışım dəyişib. Sadəcə atdığım hər addıma fikir verirəm, getdiyim verilişləri, ifa etdiyim mahnıları, çəkdirdiyim kliplərə xüsusidiqqət edirəm. Məncə artıq hər şeyi düşünərək etmək lazımdır. Hər zaman Faiq Şücəddinov, Aygün Bəylər, Xanım İsmayılqızı, Elçin İmanov, Kamal müəllimlə çalışmışam. Hər şeyin ən yaxşısını istəmişəm. Çalışdığım insanlar da bu günki gündə məni tək qoymur, yaradıcılıq baxımdan mənə hər zaman dəstəkdirlər. Yaradıcılığımda daha möhtəşəm yeniliklər olacaq.
- "Qorxuram gecələrdən” mahnısına tezliklə klip çəkdirəcəyinizi bildirmisiniz. Bu klipi digərlərindən nə fərqləndirəcək?
- Tezliklə çəkilişlərə başlayacağıq. Ana olmağımla əlaqədar kilolar almışam, iki- üç kq artıq çəkim var. Formaya düşdükdən sonra çəkilişlərə başlayacağıq. Hər zaman istəmişəm ki, hər şeyin idealı, hər şeyin gözəli olsun. Son vaxtlar Ceyhun İbrahimoğlu ilə işləyirəm, üç klipimi ekranlaşdırıb. “Qorxuram gecələrdən” mahnısını eşidənlər düşünürlər ki, qəmgin mahnıdır, amma çox dinamik, gözəl mahnıdır. Onu o qədər gözəl əhval-ruhiyyə ilə ifa etmişəm ki, istəyirəm klip gözəl olsun.
- Həmkarlarınızın çoxu konsert verir. Konsert haqqında düşünmürsünüz?
- Şou-biznes əhlini nəzərə alsaq, deyə bilərəm ki, konsertlə heç kimin populyarlığının üstə populyarlıq gəlmir. Sadəcə tamaşaçılara hesabat verirsən ki, konsert verməyi, canlı ifa etməyi bacardım. Konsert barədə, ümumiyyətlə, düşünmürəm, tam başqa planlar qururam. İnşallah konsert verməyin zamanı gələcək, mən də tamaşaçılarımın qarşısında hesabat verəcəm. İstəyirəm konsertim yüksək səviyyədə olsun.
- Əksər ifaçılar albomdan gəlir əldə etmədikləri üçün albom çıxartmırlar. Siz necə düşünürsünüz?
- Albom mütləq olacaq, yeni mahnılarım çoxdur. Son müddətdə nə ifa etdiyim bütün mahnılar sevilib bəyənildi. Xanım İsmayılqızının, Elçin İmanovun, Kamal müəllimin bəstələri hit oldu. Ona görə albom mütləq lazımdır, mahnıların dinləyicinin əlində bir sırada olmağı vacibdir. Albomdan Azərbaycanda gəlir əldə etmək olmur, bu gün heç kim disk almır, mahnıları internetdən yükləyib qulaq asır. Şəxsən mən də internetdən yükləyib avtomobilimdə dinləyirəm. Lakin düşünürəm ki, albom lazımdır, xarici səfərlərdə, tədbirlərdə olursan. İnsanlara nəsə təqdim etmək lazımdır.
- Haqqında ən çox istər mənfi, istər müsbət xəbərlər yayılan ifaçılardan birisiz. Bu sizə necə təsir edir?
- İstər mənfi, istər müsbət xəbər olsun hamısına gözəl yanaşmışam. Həmişə tənqidə müsbətmünasibət göstərmişəm, əsas odur təhqirə keçməsin. Bilirəm ki, tanınmış, sosial şəbəkələr, media üçün maraqlı simayam. Xəbərlərin altda yazılan şərhlər var ki, onları oxumuram. Mənim üçün maraqlı deyil. “İnstagram” səhifəmdə 15-16 min izləyici var, özüm artırmamışam, normal insanlar məni izləyir. Orada müsbət fikirlərlə qarşılaşıram, bu mənə gözəl təsir edir. Ötən gün bir şəxs haqqımda mənfi fikirlər yazmışdı, şəklinə baxdım bildim kimdir. Çünki o şəxsin nömrəsi məndə var, “Whatsapp”da da eyni şəkli yükləyib. Gülməli gəldi ki, heç olmasa, “İnstagram” səhifəndə o şəkli dəyiş. Bu qədərmi sənin həyatın yoxdur. Bir az öz həyatınla məşğul ol, öz həyatını yaşa. Həyatları məndən ibarətdir. Bu mənə çox gülməli gəlir.
Bilirəm ki, haqqımda mənfi şərhlər yazanlar o münasibətdən xəbərdar olan və o həyatın içində yaşayanlardır. Ona görə mənə maraqlı deyil. Sağlam tənqidə münasibətim çox yaxşıdır, o zaman bilirəm ki, bunlar məqsədli deyil.
- Sosial şəbəkədə aktivsiz. Bu şəbəkələr sizin üçün nə ifadə edir?
- Çalışıram şəbəkə izləyicilərimə neqativlərimi ötürməyim. Ən çox “İnstagram”dan istifadə edirəm, “Facebook” səhifəm də var. Bu gün hər kəs “İnstagram”a yönəldiyim üçün mənim üçün ora daha maraqlıdır. Məni sevənlərə, ünsiyyətdə olanlara yaxın olmağa çalışıram. Gözəl sözlər yazırlar, bu məni ruhlandırır.
- Bayaq vurğuladınız ki, çalışıram şəbəkə izləyicilərimə neqativlərimi ötürməyim. Bəziləri düşünür ki, siz özünüzü orada xoşbəxt göstərməyə çalışırsınız. Ayan həqiqətənmi xoşbəxtdir?
- Düşünmürəm ki, kimsə orada özünü xoşbəxt və ya bədbəxt göstərməyə çalışır. Ürəyim şəkil paylaşmaq istəyir paylaşıram, nəsə yazmaq istəyir yazıram. Özünü xoşbəxt göstərmək istəyən özü-özünü aldadır. Necə varsan elə ol. Çünki bir müddət sonra insanlar səni tanıyır və yalan, ya doğru olduğunu bilir.
- Ana olmaq necə hisdir?
- Ana olmaq gözəl hisdir. Bunu hansısa sözlə ifadə edə bilməzsən. Övladımın üzünə baxıram, onun gülüşü, hərəkətləri, baxışı məni dünyanın ən xoşbəxti edir. Bu mənə bəs edir, onun üzünə baxanda dünyanın bütün pisliklərini unuduram. Mənə heç nə təsir etmir, övladım və mən dünyanın ən xoşbəxtiyik.
- Hamiləlikdən sonra sizi əvvəlki formada gördük.
- Hamiləlikdə 10 kilo almışdım. Onları da verdim. İdmanla məşğul oluram, dieta saxlayıram. Bir aya 10 kilo arıqlamışam. Demək olar ki, ac qalıram, su ilə qidalanıram. Hamilə olanda da dieta saxlayırdım, yeyib-içdiyimə diqqət edirdim, ancaq anamın bişirdiyi yeməkləri yeyirdim.
- Ana olandan sonra həyatınızda nələr dəyişdi?
- Ana olandan sonra xarakterim dəyişmədi, lakin dünyaya baxışım dəyişdi. Dostlarımın sayını azaltdım, gördüm düşmənlərimin də sayı azalıb. Sağ olsunlar gözəl dostlarım var, onları dəyişmək istəmirəm, mən necə varam elə qəbul ediblər və edəcəklər.
- Bu günlərdə ən böyük dəstəkçiniz kimdir?
- Ən böyük dəstəkçim anamdır, övladımdır, qardaşımdır. İnsan ana olduqdan sonra anasının qədrini daha çox bilir, onu daha yaxşı başa düşür. Anlayırsan ki, o hər zaman haqlıdır. Övladıma da anam baxır, qayğısına qalır.
- Qardaşınla əkizsiniz və hər zaman birlikdəsiniz. Münasibətləriniz necədir?
- Qardaşım Türkiyədə yaşayır, lakin onunla bir nəfəs alırıq. Dəstəkçilərimdən biri də odur, həm də dostumdur, hər şeyi bölüşürük. Bizdə hər şey gözəldir.
- Ən böyük peşmançılığınız?
- Bunu dönə-dönə deyəcəm ki, bugünkü gündə ana olmağım və övladımın yanımda böyüməsi mənim üçün hər şeydir. Onun üzünə baxanda hər şeyi unuduram. Peşman olmağa da dəyməz.
- Hər zaman bahalı geyimlərinizlə diqqət çəkmisiniz. Geyim seçərkən nələrə diqqət edirsiniz, kimdən yardım alırsınız?
- Yenə də deyirəm, ən yaxın rəfiqəm anamdır, çalışıram anamla məsləhətləşim. Bilirəm ki, kim çox istəsə də məni anamdan çox istəməyəcək. Geyim seçərkən anam yanımda olur və ən böyük məsləhətçim anamdır. Çalışıram zövqlü geyinim, geyindiyim libaslar insanları təəccübləndirsin. Efir adamıyıq nə qədər sadə geyinsək də, efir qeyri-adiliyi tələb edir.
- Ayan dəbdəbəli həyata meyillidir?
- İnsan yaxşıya tez alışır və istəyir ki, yaxşı hər zaman yanında olsun. Dəbdəbəli həyata deməzdim, amma rahat həyata, həyatımda hər şeyin yolu ilə getməyinə, hər şeyin nəzarətim altında olmasına alışmışam. Allahın bu gününə şükür ki, hər şey gözəldi, hər şey superdir, həyatımda heç nə dəyişməyib, əvvəl necə idisə, indi də elə davam edir.
- Ayanın özünə qoyduğu qadağalar var?
- Özümə heç bir qadağa qoymamışam. İnsanın həyatında elə şeylər olur ki, qadağan etsəndə, yenə istəmədiyin hadisələr baş verir. Bu olmalıdırsa, qismətdə varsa olur.
- Həyatında kiməsə həsr etdiyin mahnı var?
- Şəxsi həyata toxunmayaq, həyatımda yox olan şeylərdən danışmaq istəmirəm. Bugünkü gündə şəxsi həyatım övladımdır, o mənim üçün hər şeydir, dünyanın hər bir nemətidir, varlığıdır.
- Qızın Selenayla bağlı hansı arzuların var?
- O arzular mənim ürəyimdədir, onu deməzlər. Təbii ki, övladım üçün hər şeyin ən yaxşısını, ən gözəlini istəyirəm. Bütün analar istəyir ki, övladı sağlam olsun və hər şeyin gözəlini yaşasın. Mən də o sıradayam.