Azərbaycanda ilk dəfə olaraq heyvan ətlərinin mənşəyini DNT testləri ilə müəyyən ediləcək. Bu haqda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu sınaqlar satılan və istifadə olunan ətin hansı heyvan növünə aid olduğunu ayırd etməklə bu sahədə istehlakçı hüquqlarının qorunmasına kömək edəcək. Komitənin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılib. İlk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq istifadəyə verilib. Sınaqlar həm çiy, həm də bişmiş və ya emal olunmuş ətin üzərində aparılacaq. Artıq AzTEST-in Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında at ətindən DNT ayrılaraq “Real-time PCR” cihazında sınaq aparılıb və müsbət nəticə əldə edilib. Sınaqlar üçün laboratoriyada, əsasən, Almaniyanın “QiaGen” şirkətinin istehsalı olan Ekstraktor (QiaCube) və “Real-Time PCR” cihazlarından, həmçinin, Almaniyanın test reagentlərindən istifadə olunacaq.