“Oyundan və futbolçuların meydandakı mübarizəsindən razı qaldım. Norveç yığması göstərdi ki, müdafiədə səhvsiz oynayır. Bizim oyunçulara şans vermədilər. Çox qapalı mübarizə apardılar. Düzdü, nəticə yaxşı olmadı. Amma bir xal qazanmaq istəyirdik. Lakin rəqibin arxa xətdəki oyunu buna imkan vermədi. Bir sözlə, komandamdan razı qaldım. Oyunçular istəkli idilər. Müdafiədə və yarımmüdafiədə dəyişikliklər oldu. Qol vurmaq istəyən komanda hücumda da dəyişiklik etməlidi”.
Apasport.az saytının xəbərinə görə, bunu 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin IV turunda Bakıda Norveçə uduzan milli komandamızın baş məşqçisi Mahmud Qurbanov deyib.
M. Qurbanov deyib ki, son oyunda meydanda yalnız yerli oyunçular olub və yaxşı mübarizə aparıblar: “Sadəcə, qol vurmaq çatmadı”.
- Cinahlardan asmalara üstünlük verməyinizin səbəbi nə idi?
- Norveçin qapalı oynamasına görə cinahlardan ötürmələrə üstünlük verdik. Rəqib buna imkan vermədi.
- Futbolçular bu məğlubiyyətə görə nədən şikayət edirdilər?
- Məqsədimiz o idi ki, qısa ötürmələrə və yerlə oyunla rəqibin qapısı önündə qol vəziyyətləri yaradaq. Alınmadı. Oyunçuların şikayəti o idi ki, Norveç millisi onlara oynamağa şərait yaratmadı.
- Əvəzetmələri niyə gec etdiniz? Azarkeşlər Vüqar Nadirovu meydana çağırırdılar. Niyə onu hücuma buraxmadınız?
- Üç əvəzetmənin hamısı mütləq olmalı deyildi. Belə alındı və axıra qədər belə oynadıq.
- Norveçin Estoniyaya qarşı oyununa baxmışdınız. Bəlkə həmin matçdakı analiz sizi aldatdı?
- Həmin görüşə baxmışdıq. Problem standart vəziyyətdən qol buraxmağımız idi.
- Elxan Məmmədov deyib ki, yerli məşqçi də yığmaya gələ bilər. Sizə təklif olarsa, hazırsınız?
- Bu hələlik real görünmür. Belə bir təklif olarsa, cavab verərəm.