Ağdamlı Aqillə ilk tanışlığımız 10 saylı CÇM-ə qədəm qoyduğumuz andan başladı. Qarayanız, hündürboy bir adam idi. Eyni yaşda olardıq. Gözümə narahat adam kimi dəyirdi.
Bayıldan “voronok”da gəlmişdik. Maşında tanış olmaq mümkün olmamışdı. İstiydi, hər kəs öz hayındaydı. Həmin gün 3-cü yoxlanışdan sonra bizi - təxminən 15 dustağı karserin gəzinti üçün nəzərdə tutulan yerinə apardılar. Bayılda gün işığından məhrum olunan dustaqların birdən-birə günün altına atılması yaxşı hal deyildi. Kölgələnməyə yer yox idi. Köynəyimizin boyunluğunu qaldırmışdıq. Demək olar ki, hamının saçı dibdən qırxılmışdı. Zonda saçını necə gəldi qırxmasınlar deyə, mən də özüm könüllü olaraq saçımı belə qırxdırmışdım.
“Eşşək” ayamalı baş gizir Əli
Gəzinti yerində nəzarətçilərdən, “Eşşək” ayamalı baş gizir Əli və çavuş rütbəli lerikli Rafiq vardı. Yenicə yerləşmişdik ki, ayaqlarını çəkən bir mayor nəzarətçilərə yaxınlaşdı. Nə isə danışdılar və mayor getdi. Rafiq əlindəki qeydiyyat dəftərini açıb bir-bir adları oxudu. Əliyev Aqil İbad oğlu deyildikdə, həmin qarayanız hündürboy adam səsini çıxartdı.
- Keç bu üzə, - Rafiq dəmir hörgülü qapını açıb Aqili məftillərlə hasarlanmış üzbəüz gəzinti yerinə dəvət etdi və oturmaq üçün kətil verdi. Ardınca mən dəvət gözləmədən nisbətən kölgə düşən həmin tərəfə keçdim. Rafiq:
- Ağsaqqal, sən hara? - dedi.
- Ağsaqqal deməyin hara, qabağımı kəsməyin hara? Eşitmədin, mayor ikimizin də adını çəkdi? – talışların şivəsində dedim. Rafiq gülümsədi və söhbəti böyütmədi.
Aqil ilə beləcə tanış olduq. İndi isə yaxın dostuq.
Aqil Az. CM-in 213-cü maddəsi ilə həbs olunmuşdu. Bu maddədə vergidən yayınma nəzərdə tutulur. Əslində isə onun həbsinin motivləri tam başqa idi. Aqilin mənə nəql etdiyini qısaca danışsam yerinə düşər:
“Özəl müəssisəm – oksigen hazırlayan mini zavodum vardı. Vergilərdə Xətai rayonunda qeydiyyatda idim. Rayonun vergi müfəttişliyində yaxın dostum işləyirdi. Çox vaxt yanıma gələrdi. Olurdu ki, arada mən də onun yanına gedəm. Bir dəfə də onun kabinetində oturub dərdləşir, köhnə xatirələri təzələyirdik. Onun daxili telefonu zəng çaldı. Rəisi idi. Bir qədər danışdıqdan sonra dostum dedi ki, boş dayanmamışam, işləyirəm, yanımda filan firmanın müdiri var. Bir qədər də qulaq asdıqdan sonra, dostum dedi ki, bəs rəis deyir, onu da götür, gəl yanıma. Nə isə, getdik. Rəisin yanında iki nəfər də əlavə adam vardı. Dostları imiş. İçəri girməyimi gördüm. Ayağa qalxıb üstümə hücum çəkdi. Küçə söyüşləri ilə danışdı. Niyə vergidən yayınırsan, büdcəyə ziyan vurursan və sairə... “Başa düşmədim, məni niyə təhqir edirsiniz, mən vergidən yayınmamışam. Və tərbiyəsiz danışma”, - dedim. Bu isə dayanmadan söyür, özünü yanındakılara göstərirdi: - Basacağam səni qoduqluğa” və sair...
Arvadının gözü onun-bunun ....-da qalsın
Dostum imkan tapıb deyə bilmədi ki, mən vergidən yayınan, cinayətə cəlb olunan firma müdiri deyiləm. Artıq rəislə yaxın dayanmışdım. Gözləmədiyi halda ağzının üstünə bir şillə vurdum. Duruxdu, əlini telefona atanda, birini də vurdum. Yıxdım yerə 2- 3 dəqiqəyə onun ağız-burnu partladı, üst-başı qan oldu, sonda da qasığına bir təpik vurdum. Dedim, sənin “buranı” şikəst edəcəm ki, arvadının gözü onun-bunun ora-burasında qalsın. Beləcə, məni tutdular. Günah onda idi”.
Sonradan, kifayət qədər xərcin hesabına Aqil “işini” vergidən yayınmaya çevirib, il yarım müddətinə həbs cəzası almışdı.
Həkimlər məhbusa spirt satır
İlk gündən sonra bir oturub-durmağa başladıq. Tibb məntəqəsində eyni otağı kirələmişdik, yeməyimiz içməyimiz bir idi. Əksər dustaqlar qumar oynayıb, narkotikdən istifadə etməklə rejim qaydalarını pozurdularsa, biz Aqillə spirtli içki içməklə bu azarımızı öldürürdük. Həkimlər aptekdə satılan 100 qramlıq spirti üçqat qiymətə bizə satırdı.
Aqilə hörmət kifayət qədər idi. həm Ağdam əhli, həm də başqa əhlin dustaqları onun hörmətini saxlayardı. Elə CÇM-in işçiləri də. O, sözün həqiqi mənasında ağsaqqalıq edə bilirdi. Bizim dostluq münasibətlərimiz, “xlebnik” olmağımız həm Cəlilabad, həm də Ağdam əhlinin üzvlərinin münasibətinin yaxşı olmasına da səbəb olmuşdu.
Aqil səliqə-sahmanı sevən adam idi. Hətta mənim dolabımdakı əşyaların səliqəli yığılmasına nəzər salar, “şustryaka” tapşırıqlarını verərdi. Uzun axşamlarda mən ucadan şeir oxuyardım, o isə çay dəmləyər, qulaq asar, başagəldi maraqlı hadisələr danışardı. Bizim otağımız hər axşam “burjuy”ların daha çox cəm olduğu otaq idi. Arada ikimiz olanda zarafata salar, deyərdim, ürəyim alma istəyir, armud istəyir, bir soyanı təmizləyəni yoxdur. Elə ürəkdən gülərdi ki...
Aqilin yanına çox dost, qohum gələrdi. Heç nəyə ehtiyacı yox idi, azadlıqdan başqa. Kasıblara əl tutmağı da vardı. Ən çox gələn isə qardaşları Zabil və Mobil idi. Mobillə əkiz idilər və bu iki qardaşı ayırmaq mümkün deyildi. Bir dəfə qəribə hadisə baş verdi. Mobil və Zabil görüşdən sonra bayıra çıxdıqda zabitlərdən birisi Mobilin qolundan tutaraq saxlayaraq, yaxınlıqdakı əsgərləri köməyə çağırmışdı ki, dustaq çöldədir. Sonradan həmişə gülə-gülə bunu xatırlayardıq.
Türmədən qaçmağa razı olmadı
Aqilin iki oğlu və iki yaşlı bir qızı vardı. Balalarından sarı, xüsusi ilə qızından ötrü çox darıxırdı. Bir gün Aqilə dedim ki, sən gəl, get evə, bir həftə qal, təzədən qayıdarsan. Təəccüblə üzümə baxdı:
- Necə? Bu, mümkün olmaz, – dedi. Ardınca isə: - Daha mənə yox da, mən sənə iranlılar deyiləm ki, dolayasan, - deyib ürəkdən güldü.
- Tam ciddi deyirəm. Mobillə səni hər kəs dəyişik salır. Onu saxlayarıq burda, bilməzlər. Bunun üçün qorxmağa dəyməz.
Həmin gün bütün gecəni bu barədə söhbət etdik. Aqili qorxudan həm də o idi ki, Mobil burda özünü idarə edə bilməsin, çaşdırsın, ona olunan müraciətləri, bizim bildiyimiz hadisələri, tanıdığımız adamları çaşdırsın.
- Narahat olma, hay salacam ki, xəstələnmisən, sançastdan çıxmırsan çölə, həm də Mobil mənim yanımda olacaq.
Razı salıb, axır ki, saqqızını oğurlaya bildim. Həmin günü Aqil də xəyalən uşaqlarının yanında oldu. Növbəti görüş zamanı qardaşlara fikrimizi bildirdik. Zabil, böyük qardaş təklif etdi ki, bu, belə olmaz, gedək türmə rəisinin yanına, razılaşdıraq məsələni, xərcini çəkək, nə qədər lazımdır, inandıraq ki, səsi-sorağı çıxmaz. Amma buna yol vermək olmaz, allah eləməmiş üstü açılar, daha pis olar.
Zabilə dedik ki, sənin təklifin keçərli deyil və rəhbərlik bununla razılaşmaz. Həm də artıq Aqilə qarşı olan sayğı, inam itə bilər. Mobil isə əvəzedici qismində “zonda” qalmağa əlbəəl razılaşdı. Yetər ki, qardaşı bir həftə azadlıqda qalsın.
- Seyid Lazım ağanın cəddi, lap “srok”un hamısını qalaram.
Türmədən qaçışın gerçəkləşməsi növbəti görüşə, özü də bazar gününə razılaşdıq. Bazar günü qələbəlik olur. Görüşə gəlib gedənlərin çoxluğu imkan verirdi ki, niyyətimiz baş tutsun.
Vaxt-vədə tamam oldu. Görüş zamanı xəlvəti yerdə mobillə Aqil üst geyimlərini dəyişdi. Görüş sonu içəridən çölə daşınacaq qablar, mələfələr qablaşdırılan çantanı Aqil əlinə götürdü. Qapıya tərəf getdik. Mobil (Aqil) qardaşı Aqili (Mobili) yola salırdı. İki nəfər zabitin yanından keçdik, hər ikisi, Aqilə üz tutub:
- Kurtkanı qardaşınla dəyişmisən, deyəsən, - dedilər.
Aqil fikrindən daşındı, məni tanıdılar dedi. Və qaçış baş tutmadı.
Sonradan bu hadisəni danışıb xeyli güldük. Aqil deyirdi ki, doğurdan da bir həftə özümü evimdə hiss etdim.
Nəzrətçini otaqdan qovdu
Çapıq Şahin deyilən nəzarətçi vardı. Axşamlar vaxtının çoxunu “sançast”da keçirər, çay içər, hətta şam da elərdi. Artıq bəzi nəzarətçilər və zabitlərlə dostluq da vardı aramızda. Bizimlə yaxın olan nəzarətçilər ondan gileylənir, ehtiyatlı olmamızı tövsiyə edirdilər.
- O, “stukaç”dır, yediyi qaba tüpürəndir. Adamı uf demədən baqaja qoyar, - bunu da elə onun paqon yoldaşları demişdi. Bir gün hər ikimiz də görüşdə idik. Nəzarətçilər, DPN-ka işçiləri və başqaları bizimlə görüşüb, hədiyyələrini almışdılar. Aqil “axşam növbəsi də gəlsin, hərəsinə bir qutu siqaret verək, getsinlər”, - demişdi ki, lerikli Rafiqlə, Çapıq Şahin içəri daxil oldu. Rafiq ayaqqabılarını kandarda çıxarıb otağa sərdiyimiz palazın üstünə ayaqyalın keçdisə də, Çapıq ayaqqabı ilə daxil oldu. Ərklə, əlini stolun üstünə qoyulan meyvəyə uzatdı.
- Arvada bənzəriniz haradadır, bir çay süzsün içək, - dedi.
“Şustryak”ımızı nəzərdə tuturdu. Aqil əsəbi halda uzandığı çarpayının üstündən ayağa qalxdı:
- Bas bayıra, qoduq. Gözüm səni görməsin! Almanı da qoy yerinə.
Şahin zarafata salsa da, köməyi olmadı. Aqil almanı alıb, açıq pəncərədən bayıra atdı. Aradakı gərginliyi Rafiqlə mən yatırtdıq. Həmin gündən sonra Çapıq Şahin tibb məntəqəsinin həyətinə gəldikdə bizim otağımıza girməzdi.
Aqil məndən 14 gün qabaq azadlığa çıxdı. O gedəndən sonra özümü doğrudan da kimsəsiz hiss edirdim. Çöldən mənə və Ağdam əhlinə sovqat göndərmişdi. O gedəndən sonra bəzən mənə onun adı ilə Aqil deyərək müraciət edirdilər. Mən azadlığa çıxdığım gün məni CÇM-in qarşısında qarşılayanların içərisində o da vardı - qardaşları, dostları ilə gəlmişdi. Bağrına basdı:
- Ayə, sən öl, Rauf (rejimin rəisi) deyirdi ki, Faiq səndən sonra “plats”da tək gəzir, öz-özünə danışır.