“Elite Travel” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa olunub. Bu barədə Baş Prokurorurluqdan məlumat verilib. Məlumatda cəmiyyətin təsisçisi Xalıq Sadıxova qarşı cinayət işi başlanıldığı bildirilib: “Aparılmış araşdırmalarla cəmiyyətin təsisçisi Xalıq Sadıxovun vəzifə səlahiyyətlərindən sui-istifadə edib 2012-ci ildə cəmiyyətlə “Azər-Türk Bank” ASC arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan götürdüyü 410 min manat məbləğində pul vəsaitinin 135 min manatını şifahi razılığa əsasən kredit şəklində Sumqayıt və Bakı şəhər sakinlərinə verməklə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan təsisçisi olduğu müəssisənin bank kimi qanunsuz fəaliyyət göstərməsində, eyni zamanda həmin şəxslərə verilən vəsaitlərdən cəmiyyətə ödənilmiş pulun 88 min manatını dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır”. Prokurorluq MMC-nin qanunazidd əməllərinə məruz qalmış digər şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş edib: “Hazırda cinayət işi üzrə “Elite Travel” MMC-nin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur”.