Neft diktatorlarına sarsıdıcı zərbə

28-11-2014, 03:21   
Neft diktatorlarına sarsıdıcı zərbəOPEK hasilatı azaltmadı; qiymətin hətta 25$/barell-ə enəcəyi də gözləniləndir

Avstriyanın paytaxtı Vyana şəhərində OPEK-in (Neft Ixracatçıları Karteri) bütün dünyanın səbirsizliklə gözlədiyi toplantısı keçirilib. Dünənki toplantıda OPEK üzvü olan ölkələrin neft hasilatını azaldıb-azaltmayacağı məsələsi müzakirə olunub. Məlumat üçün qeyd edək ki, dünya bazarına çıxarılan neftin 40 faizi OPEK üzvü olan ölkələrin payına düşür. Tədbirdən bir neçə gün öncə Rusiya hasilatın aşağı salınmasını təmin etmək üçün çox ciddi səylər göstərib.

Son aylarda neftin qiymətinin sürətlə düşməsi başlıca gəlirləri neftdən asılı olan ölkələr üçün ciddi narahatlıq mənbəyinə çevrilmişdi. Qərbin ciddi iqtisadi sanksiyaları ilə üzləşmiş Rusiya neftin ucuzlaşması nəticəsində xeyli vəsait itirib və gələcəkdə daha böyük maliyyə vəsaitlərindən məhrum olunması labüdddür. Rusiyanın səyləri heç bir nəticə vermədi. OPEK gündəlik hasilatı əvvəlki səviyyədə - 30 milyon barel səviyyəsində saxlamaq qərarı verdi.

Son dövr ABŞ-da neft hasilatının görünməmiş səviyyəyə çatması ekspertlərin də dediyi kimi dünya bazarına böyük miqdarda neftin çıxarılmasını təmin edib. OPEK-in belə qərar qəbul etməsinin digər səbəbi də ABŞ-ın ərəb ölkələrindən olan ənənəvi müttəfiqləri Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin hasilatı azaltmaq istəməməsi oldu. OPEK-in qəbul etdiyi bu qərar nəticəsində dərhal neftin qiymətində sürətlə ucuzlaşma baş verdi. Baş vermiş bu hadisə başlıca gəlirləri neftdən asılı olan ölkələrə çox pis gələcək vəd edir. Bu neftin qiymətini gələn il üçün 96 və 90 dollar səviyyəsində qəbul etmiş Rusiya və Azərbaycan üçün olduqca pis xəbərdir. Iqtisadiyyatı faktiki olaraq neft üzərində qurulmuş Azərbaycanı yaranmış vəziyyətdə çox ciddi iqtisadi problemlərin gözlədiyini proqnozlaşdırmaq qətiyyən çətin deyil.


Ən pisi odur ki, neftin qiymətinin iqtisadiyyatı əsasən neftdən asılı olan ölkələr üçün fəlakətli səviyyəyə düşəcəyi barədə proqnozlar da verilir. “Luk Oyl” şirkətinin vitse-prezidenti Fedun neftin qiymətinin hətta 25 dollara düşəcəyini istisna etmədiyini bildirib. Bu isə Rusiya və Azərbaycan üçün həlli mümkün olmayan iqtisadi problemlərin yaranması deməkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.