Əli Nağıyev: “Heydər Əliyev Eynullaya görə məni işdən çıxarmaq istəyirdi”

2-05-2014, 19:09   
Əli Nağıyev: “Heydər Əliyev Eynullaya görə məni işdən çıxarmaq istəyirdi”
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından biri olmuş və uzun illər ona faktiki rəhbərlik etmiş, sonradan məsul nazir və səfir vəzifələrində çalışmış Əli Nağıyev moderator.az saytına müsahibə verib.

Ə.Nağıyev müsahibəsində oxucuların indiyədək bilmədikləri bir çox məsələlərə aydınlıq gətirib. O cümlədən vaxtilə onunla birgə işləmiş, sonradan yolları ayrılmış və hazırda virtualaz.org və haqqin.az saytlarına rəhbərlik edən Eynulla Fətullayevlə bağlı bəzi məqamlara.

Daha dəqiq desək, Heydər Əliyevlə sonuncu görüşünü xatırlayan Əli Nağıyev deyib ki, prezident onu məhz Eynulla Fətullayevə görə işdən çıxarmaq istəyirmiş: “Rəhmətlik Heydər Əliyevlə təkbətək sonuncu görüşüm 2002-ci ildə olub. Onda da göstərdi ki, nə qədər böyük və ədalətli Kişidir. Əslində məni çağırmışdı Eynulla Fətullayevin məsələsi üstündə işdən çıxarmağa. Bir dəfə Eynulla qəzetdə yazı yazaraq Vaqif Hüseynovu (Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş sədri-red.) müdafiə etmişdi. Onu çağırıb dedim ki, belə şeylər nə sənə xeyir gətirir, nə mənə. O da qayıtdı ki, səhv etmirəmsə, Vaqif Hüeynovun anası və ya qayınanası çağırıb ağladı, hissiyatım da məni sövq elədi ki, bunu yazam. Dedim “bir də belə şeylər eləmə”.

Sonra ikinci yazını yazdı. Eynullanı çağırdım ki, “necə fikirləşirsən, bütün bunlardan sonra biz bir yerdə işləyə bilərikmi?”. O da ərizəsini gətirib stolun üstünə qoyub getdi. Həmin gün Eynullanı işdən çıxardım, sabahısı məni Prezident Aparatına Heydər Əliyevin yanına çağırdılar. Səhv etmirəmsə Tariyel (prezidentin o vaxtkı köməkçisi-red.) zəng elədi ki, Kişi səni çağırır. Hər şey elə qurulmuşdu ki, mən ora gedən kimi işdən çıxarılım. Yəni mənim işdən çıxarılacağımdan zövq alacaq adamlar hamısı hazır vəziyyətdə gözləyirdilər. İnanın ki, mənim də bütün bunlardan xəbərim yox. Amma ürəyimə dammışdı ki, hansı mövzuda danışılsa belə, Eynulla məsələsi də mənə eşitdiriləcək.

Bu yerdə yada salım ki, mən Eynullanı 1994-cü ildə partiyaya gətirmişəm. Onda 19 yaşı vardı, cavan uşaq idi. Amma o yaşda olan adamların içində o cür intellektual adam çox azdır. Özü də mən bunu o məqsədlə partiyaya gətirmişəm ki, gəncləri siyasi aktivliyə sövq eləsin. Bu məqamda qeyd edim ki, bu gün adını çəkmək istəmədiyim bir nəfər var, onu da vaxtilə YAP aparatında işə götürmüşdüm, o Eynulla haqqında bir mənfi xarakteristika yazıb gətirmişdi mənə. Hansı ki, bu adamın intellektual səviyyəsi Eynulladan çox aşağıdır.

Mən də yazıya baxıb tulladım üstünə. Təsəvvür edin ki, həmin xarakteristikanı saxlayıblar, gətirib 8 il sonra Heydər Əliyevin stolunun üstünə qoyublar ki, biz o vaxt Əli Nağıyevə Eynullanın belə bir adam olduğunu demişdik. Heydər Əliyev də qayıtdı mənə dedi ki, bəs mənə deyirlər o vaxt sənə bu barədə deyiblər, niyə vaxtında ölçü götürməmisən? Dedim ki, Heydər Əliyeviç, Eynullanı mən partiyaya gətirəndə 19 yaşı vardı, İstəmişdim ki, savadlı adam bizimlə olsun. Mənim xüsusi aparatım yox idi onun nə fikirləşdiyini bilim… Həm də dedim ki, Heydər Əliyeviç, onu yazan adamın səviyyəsi Eynullayla müqayisə olunacaq qədər deyil…

Mən onunla çox açıq və səmimi söhbət etdim, əlimdəki bütün faktları qoydum ortaya. Dedim Heydər Əliyeviç, 19 yaşlı bir uşağı pariyaya cəlb etməkdə mənim nə marağım ola bilərdi?

Mənimlə tam razılaşdı. Baxmayaraq ki, hər şey, bəlkə də mənim işdən çıxarılmağımla bağlı fərman da hazırlanmışdı…”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.