Erməni kəşfiyyatının Azərbaycan sosial şəbəkələrinə hücumu

2-05-2014, 19:14   
Erməni kəşfiyyatının Azərbaycan sosial şəbəkələrinə hücumu
Bir sıra KİV-lər ANS ÇM radiostansiyasında Qafqaz musiqisindən ibarət hit-paradda erməni musiqilərinin səsləndirilməsini müzakirə mövzusuna çeviriblər. Bu barədə bəzi KİV-lər bizə suallar ünvanlayırlar. MTRŞ sədri Nuşirəvan Məhərrəmli də bununla bağlı mətbuata açıqlama verib.

ANS PRESS aprelin 9-da sayta yerləşdirilən materialı yayımlamaqla mövcud suallara cavab verir.

Xatırladaq ki, material sayta yerləşdirilən vaxt Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hələ baş tutmamışdı.

Həmin materialı bir daha təqdim edirik:

ANS Şirkətlər Qrupunun mətbuat xidməti son zamanlar sosial şəbəkələrdə şirkətin ünvanına edilən hücumlara cavab verib:

Son zamanlar Azərbaycanda cəmiyyətin bəzi təbəqələrində, ayrı-ayrı kütləvi informasiya vasitələrində, habelə sayt və portallarda ANS-ə münasibətdə Roma Papasından artıq katolik olmaq həvəsi özünü biruzə verməkdədir.

Ən qəribəsi də burasıdır ki, bu qüvvələr ANS-in məhz ana xəttini - vətənpərvərlik ruhunu şübhə altına almağa yönəlik mövqe sərgiləyirlər. Məsələn, dünənədək nurçuların ruporu olan informasiya vasitəsi bu gün xütbəsini baş məqaləyə dəyişir və ANS-ə ittihamlar yağdırmağa cəsarət edir. ANS-ə - məhz o şirkətə ki, onun yaradıcıları bütün müharibəni birinci gündən sonuncu günədək çiyinlərində kamera və avtomatla keçiblər, bütün dünya məhz ANS-in operatorlarının çəkdiyi kadrlar vasitəsilə Azərbaycanın təcavüzə məruz qaldığının şahidi olub, məhz ANS-in əməkdaşlarının sayəsndə Qarabağ həqiqətlərindən xəbər tutub. ANS-çilər yaralanıblar, itkilər veriblər. ANS-i bu gün öz aləmlərində ittiham etdiklərini düşünənlər elə ANS-in cəbhədən verdiyi qaynar reportajlar altında böyüyüblər.

Bəs söhbət nədən gedir və üzdəniraq “həmkarlarımız"ı qıcıqlandıran nədir? Azərbaycanın birinci FM stansiyası, özü də Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan radiostansiyada bir aya yaxındır ki, Qafqaz musiqisindən ibarət hit-parad efirə gedir. Təbii ki, burada hər bir Qafqaz xalqı kimi ermənilərin də təmsilçisi iştirak edir, onun da ifasında mahnı səslənir. Həmişə passionarlığı, öndə getməsi və avanqardda olması ilə seçilən ANS bu dəfə də cəmiyyəti qabaqlayıb, Dağlıq Qarabağ əhalisini məhz Azərbaycan vətəndaşları saydığından onların nümayəndəsinin ifasını da xit-parada daxil edib. Bu adicə bir radio-layihədir, (yeri gəlmişkən ermənilərin dünya şöhrətli müğənnisi olan Şeri bu gün də efirə “Şer deməsən, xeyir gəlməz!” cümləsinin təqdimatı ilə efirə verənlər var və burada qeyri-adi heç nə axtarmaq lazım deyil) və onu yaradanlar heç bir siyasi məqsəd güdmürlər. Əksinə, Azərbaycanın özəl radiostansiyası erməni mahnısını səsləndirəndə Ermənistanın uzun müddətdir ki, dünyaya Azərbaycanı vəhşi, ermənifob, qəddar bir miillət kimi tanıtmaq siyasətini ifşa edir.

ANS ÇM bu addımı ilə bizi sivil, mədəni, hətta düşməni belə mədəniyyətdən ayırmağı bacaran bir millət kimi dünyaya çıxarır. O, əslində, Cəlil Məmmədquluzadənin “Kamança” əsərinin bəşəri fəlsəfəsini davam etdirir. Bu günlərdə qaçqın Azərbaycan ailəsinə sığınacaq verdiyini dünyaya hayqıran, iqtisadi inkişaf nazirimiz haqqında film çəkən ermənilər özlərini əslində məxsus olmadıqları humanist qiyafədə təqdim edirsə, biz niyə irsi alicənablığımızı nümayiş etdirməyək? Özü də bir halda ki, bu nümayişkəranəlik var. Məsələn, məgər Azərbaycan “Onu bağışlamaq olarmı” filmində Tərlan obrazını efirə mozaikalaşdıraraq verir ki, bu rolu oynayan erməni aktyorudur?!

Əslində, biz gözləyirdik ki, ermənilər etiraz edəcək, xit-paradda onların təmsilçisinə yer verməyimizi süngüdə qarşılacayaqlar. Qəribədir ki, əksi baş verir. Baxmayaraq ki, “Eurovision” mahnı müsabiqəsində artıq Azərbaycan neçənci dəfədir ki, iştİrak edir və bu müsabiqədə onun rəqibləri arasında Ermənistan təmsilçiləri də olur. Bəlkə yaddan çıxarmışıq: “Eurovision” Bakıda keçirilərkən ermənilərin bu yarışa qatılmamasına necə əsəbiləşirdik. Bakıda çıxış etməyin təhlükəli olduğunu, ermənifobiyanın mövcudluğunu söyləyənləri təkzib edirdik ki, yalan danışırlar, Azərbaycan mədəniyyətdə düşmən axtarmır, buyurub gəlsinlər - deyirdik. Ermənistanda keçirilən “Qızıl Ərik” kinofestivalına "Bakıfilm"in “Xoca” filminin iştirakına yol vermədiyi üçün erməniləri asıb kəsirdik… Bizdən nümunə götürməyə çağırırdıq. İndi nə oldu birdən?

Özü də ANS ÇM bu layihəyə bir aydan artıqdır ki, başlayıb, amma kimlərsə məhz indi bu mövzunu qabardır, ANS-in imicinə guya ziyan gətirmək məqsədilə fəallıq nümayiş etdirirlər. Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində ANS-ə hücumların yəqin ki, alt qatı da var. Belə olmasaydı, bir neçə gün əvvəl Kəlbəcər qaçqınlarının adından sui-istifadə edilməzdi, bu gün isə adi bir radio layihəsi ətrafında şivən salmazdılar. Deməli, bu, kimlərəsə lazımdır. Amma heç bir halda dövlətin maraqlarına yox. ANS bu gün Sumqayıtda, Bakıda və başqa şəhərlərdə yaşayan 40-minə yaxın erməni kimi Dağlıq Qarabağda yaşayan 100 mindən çox ermənini də Azərbaycan vətəndaşları sayır və onlarla eyni zamada mədəniyyət dili ilə danışmağı təklif edir. Maraqlıdır: Azəbaycanlı idmançı İrəvanda erməni güləşçisinə qalib gəlməyi şərəf sayır və Azərbaycan bayrağını qaldırdığına görə ona abidə ucaltmağı təklif edirik, amma radio xit-paradında azərbaycanlı müğənni Nadir Qafarzadənin erməni həmkarına qalib gəlməsinə niyə sevinmək istəmirik?

Unutmayaq ki, Ermənistan Azərbaycanı həmişə ermənifobiyada günahlandırır. ANS ÇM-in Qafqaz musiqisi xit-paradı həm də bu məqsədə işləyir. Azərbaycan düşmənlə müharibə aparır, mədəniyyətlərlə yox və bizə vətənpərvərliyi öyrətmək lazım deyil. Biz kimin kim, nəyin nə olduğunu yaxşı bilirik. O ki, qaldı üzdəniraq “patriotlara”, əldə etdiyimiz məlumatlara görə, onlarla artıq müvafiq orqanlar məşğul olur və atıq ilkin məlumatlara görə, yazılan bir çox qızışdırıcı məqalələrin, statusların müəlifləri, İP adresləri məhz Ermənistan kəşfiyyatına məxsusdur. Araşdırma davam edir… Daha doğrusu ardı var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.