İraq Daxili İşlər Nazirliyi Livanın Suriya ilə sərhədində tutulduqdan sonra nəzarətə alınan qadının İŞİD lideri Əbubəkr Bağdadinin həyat yoldaşı olmadığını açıqlayıb.
Axar.az xəbər verir ki, nazirlik yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək nəzarətə alınan qadının daha əvvəl İraqın cənubunda bir bombalı hücum təşkil edən terrorçunun bacısı olduğunu bəyan edib:
“Livan səlahiyyətliləri tərəfindən nəzarətə alınan Saca Abdul Hamid Dulaimi İraqda terror aktı təşkil etməyə cəhd edən və sonra edam edilən Ömər Abdul Hamid Sulaiminin bacısıdır. Bağdadinin iki həyat yoldaşı var: Əsma Fəvzi Məhəmməd Dulaimi və Əsra Rəcəb Mahel Kaisi. Bağdadinin Saca Dulaimi adında həyat yoldaşı yoxdur”.
Xatırladaq ki, 2 gün öncə Suriyadan Livana saxta pasportla keçmək istəyən bir qadın saxlanılmışdı. Livan səlahiyyətliləri tutulan qadının Bağdadinin həyat yoldaşı, yanındakı uşağın isə onun oğlu olduğunu açıqlamışdı.