Son aylarda xeyli döyüşçüsünü itirən İŞİD terror təşkilatı itkilərin yerini doldurmaq üçün yerli əhalini silahlandırmağa çalışır. Lent.az-ın məlumatına görə, Suriya və İraqın müəyyən ərazilərinə nəzarəti ələ keçirən terrorçular yerli əhali arasından gəncləri silahlı münaqişələrə cəlb etmək üçün fəaliyyətə başlayıb. Kürdüstan Demokratik Partiyasının (KDP) Musul üzrə nümayəndəsi Səid Memuzini Anadolu agentliyinə müsahibəsində deyib ki, terror təşkilatı təklifi rədd edən gəncləri həbsxanaya salır: "İŞİD gəncləri zorla döyüşlərə cəlb edir. Əlinə silah almağı qəbul etməyən 87 gənc bu gün həbsxanaya salınıb. Daha əvvəl təşkilata xidməti qəbul edən 15 polis də həbsə salınıb".
Kürd siyasətçi İŞİD silahlılarının ev-ev axtarışlar apardığını da əlavə edib: "İŞİDçilər İslam dövləti üçün mübarizə apardıqlarını deyərək əhalini cihada çağırır, bunun üçün təbliğat aparır. Bu məqsədlə evləri tək-tək gəzib axtarışlar aparırlar. Onlar tutduqları gənclərin qarşısında iki seçim qoyurlar. Ya silah götürüb döyüşə getməlisən, ya da 1 milyon 500 min dnar cəza ödəməlisən. Bu seçimlərin heç birini qəbul etməyənlər isə həbsə salınır".
Memuzini deyib ki, hazırda İŞİD döyüşlərdə əsasən yerli sakinlərdən istifadə etməyə çalışır. Döyüşdən qaçmaq istəyənlər isə arxada pusquda dayanan əcnəbi əsilli terrorçular tərəfindən öldürülür.