Parlamentin dünəki iclası spiker Oqtay Əsədovun həm deputatların, həm də jurnalistlərin ünvanına sərt çıxış etməsi ilə yadda qaldı.
Spiker Oqtay Əsədov bildirdi ki, Milli Məclis büdcədən əlavə ayda iki dəfə iclas keçirir: “Bura hamımızın birbaşa iş yeridir. İki dəfə iclas olan vaxtlar biri yarım saat gecikir. Qanuna səsvermə zamanı yetər səs yoxdur. Çox xoşagəlməz hal alınır. Biz deputat seçiləndə üzərimizə öhdəlik götürmüşük. Bəzən bizim deputatlarımız birbaşa borcumuz olan iclasa gəlmir, müxtəlif tədbirlərə gedirlər. Milli Məclis olan günü ondan vacib tədbir olar? Baxırıq ki, millət vəkili günün birinci yarısı gəlir, baxırsan ki ikinci yarısı yoxdur. Özümüz özümüzə bir balaca hörmət etməliyik. Komitə sədrlərindən başqa deputatların 70%-ini mən otaqlarında görməmişəm”.
Eyni zamanda O.Əsədov bəzi jurnalistlərin işindən narazı olduğunu bildirdi: “Mətbuatda analitik yazılar görmürəm. Çox təəssüf ki, Milli Məclisdə o qədər məsələlər müzakirə olunur, müsbət qanunlar qəbul olunur, amma sonda baxırsan ki, yazılanlardan biri də müsbət bir şey deyil. Kimsə hansısa neqativ tapıb ondan danışmaq istəyir”.
“Qafqazinfo” spikerin çıxışına deputatlardan münasibət öyrənib.
Deputat İqbal Ağazadə hesab edir ki, spikerin parlamentdə təmsil olunan deputatlara yönəlik çıxışları, iradları, təklifləri, məsləhətləri ola bilər: “Məsələhətləri kimin necə yerinə yetirməsi, qəbul etməsi məsələnin başqa tərəfidir. Parlamentin sədri kimi də cənab Oqtay Əsədovun belə təkliflər, məsləhətlər verməyə haqqı var. Digər tərəfdən əslində O. Əsədov Yeni Azərbaycan Partiyasının təmsilçisidir. Parlamentdə təmsil olunanların əksəriyyəti də YAP-nın üzvləridir. Bu iradlarını partiyadaşlarına tutmaq onun tam haqqıdır. Partiya təmsilçisi kimi partiyadaşlarına ünvanlanan mesaj, təklif, məsləhət bildirməyə hüququ var. Jurnalistlərə gəlincə isə, necə ki onlar siyasətçiləri və ya ictimai-siyasi xadimləri hər bir miqyasdan tənqid edə bilirlər, düz və ya səhv olduğu qənaəti ilə bağlı mövqə ifadə bilirlər, o cümlədən siyasətçilər də digərlərini daha yaxşı və yaxud daha da tənqidi yazı yazmağa dəvət edə bilər. Bu normal yanaşma tərzidir. Güman edirəm ki, burada başqa not axtarmağa ehtiyac yoxdur”.
Deputat Zahid Oruc çıxışın konkret olaraq parlament üzvlərinə və ya jurnalistlərə yönəlik tənqid olduğunu düşünmür: “Konkret həm Məclisin əvvəlində, həm də sonradan açıq diskussiya zamanı kimi müəyyənləşmiş və indiyə qədər də iclasların sonunda çox da özünü göstərməyən bir formanın seçilməyində məqsəd parlamentin işinin cəmiyyətə daha ciddi şəkildə çatdırılması idi. Eyni zamanda Milli Məclisin həqiqi obrazının ictimaiyyətə təqdimatı idi. Bundan ötrü bəzən millət vəkillərinin bəziləri biri digərinin münasibətindən tutmuş, eyni zamanda Məclisin iclaslarını salonda vestibüldən izləyən media təmsilçilərinə kiçik ayrı-ayrı epizodları qabartması və bununla da istər qanunvericilik, istərsə də cəmiyyətdəki hər hansı problemlərin tribunaya gətirilməsi bir kənarda qalmağı mövzusuna kökləndi. Parlament üzvlərinin də çoxunun müxtəlif təklifləri oldu. Kimi ayrıca telekanal vasitəsilə bunu həyata keçirməyi məqbul saydı. Əgər bu mümkün deyilsə, mövcud olan televiziyalarla müqavilə qaydasında bunu həyata keçirmək mümkündür. Çünki bir həftədən sonra hansısa xronika hazırlamağın heç bir mənası yoxdur. Bu parlament işinin cəmiyyətə çatdırmağın normal modeli sayıla bilməz”.
Deputatın sözlərinə görə, spikerin dediyi tənqid bəzən parlament üzvlərinin həqiqətən də iclaslarda iştirak etməməsi, sanki buna bəzən ikinci dərəcəli iş kimi baxması, həmçinin parlamentin binasında gəlib əyləşməmələri məsələsinə kökləndi: “Bu da əslində haqlı irad idi. Ancaq bu qəti şəkildə kimisə danlaq, sədarətin parlamentin aşağı hissəsində əyləşən insanlar üzərində bir dərs keçməsi kimi dəyərləndirilməməlidir. Düşünürəm ki, media nümayəndələrinə qarşı da xüsusi səlib yürüşü elan olunmadı. Əksinə, qeyd olundu ki, Milli Məclisdə akkreditasiyadan keçən çoxlu mətbuat orqanları var ki, onların bir çoxu ildə bir dəfə də çap olunmur. Düşünmürəm ki, parlament mətbuat orqanları ilə düşmənçilik aparacaq. Xüsusi olaraq kimsə qalın divarlar çəkmək niyyətindədir. Bu mümkün deyil. Spikerin mövqeyi kifayət qədər səmimi və parlamentin işinə müsbət təsir edəcək mövqədən idi”.
Fərəc Quliyev bildirib ki, spiker iclasda sərt çıxış etməyib: “Sadəcə spiker müzakirə üçün ayrılan vaxtın uzadılması təklifi ilə çıxış etdi. Bəzi jurnalistlərin yalnız neqativ gördüklərini ışıqlandırmasını tənqid etdi. Bildirdi ki, 70 faiz deputatlar onlar üçün ayrılmış otaqlardan istifadə edirlər. Qalan 30 faiz isə istifadə etmirlər. İşin effektivliyini artırmaq üçün çağırışlar verdi. Spikerin jurnalistlər haqqında olan fikirlərini bölüşürəm. Bəzi jurnalistlər bəzən çox yersiz məqamlardan istifadə edərək mövqə qoyurlar”.
İlyas İsmayılov isə iclas boyu həmişə yerində olduğunu qeyd edib: “Təbii ki, hər yerdə nizam-intizam olmalıdır. Nizam-intizam olmayan yerdə inkişaf ola bilməz. Jurnalistlərlə bağlı deyilənlərə də mən də şərikəm. Vaxtilə amerikalı jurnalist Hitman, Misirdən olan jurnalist Heykəl var idi. Bütün dünya onların yazılarını oxuyurdu. Jurnalistlər analitik yazılar verməlidir. İnkişaf bu istiqamətdə getməlidir. Belə çıxışları müsbət qarşılayıram. Bu tip tənqidlərdən müsbət nəticə çıxarmaq lazımdır. Hər deyilənə qarşı getmək olmaz”.