Gültəkin Hacıbəylinin yaxın qohumu həbs olundu

4-05-2014, 14:08   
Gültəkin Hacıbəylinin yaxın qohumu həbs olundu
Ağır cinayətlərdə ittiham olunan Aynur Mehdiyevanın yaxınları ilə razılaşma əldə olunduğu bildirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Iradə Həsənzadənin sədrliyi ilə Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəylinin keçmiş baldızı Aynur Mehdiyevanın mühakiməsi davam edir. Aynur Mehdiyeva evində işlətdiyi filippinli qadına qarşı ağırlaşdırıcı halda insan alveri və əməyin istismarı cinayətləri törətməkdə təqsirləndirilir və ona qarşı Cinayət Məcəlləsinin 144.1.2.8 və 144.2.1 maddələri ilə ittiham irəli sürülüb.
Etibarlı mənbədən daxil olan məlumata görə, sanksiyasında 8 ildən 12 ilədək və 4 ildən 8 ilədək həbs nəzərdə tutulan bu iki ağır cinayətin qarşılığında Aynur Mehdiyevaya məhkəmə tərəfindən himayəsində azyaşlı uşaqların olması əsas gətirilərək həbslə bağlı olmayan şərti cəza verilə bilər. Məlumatda bildirilir ki, bu barədə artıq Mehdiyevanın yaxınları ilə razılaşma əldə olunub. Aynur Mehdiyevanın və qardaşı Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı bir il öncə hakimiyyətin başlatdığı və hələ də davam edən iyrənc şərləmə və qarayaxma kampaniyasının başlıca icraçıları olduğunu və bunun qarşılığında Mehdiyevlərin hakimiyyət tərəfindən artıq mükafatlandırıldığını və hərtərəfli müdafiə olunduğunu nəzərə alsaq, mənbəmizin dedikləri çox inandırıcıdır. Belə ki, Mahmud Mehdiyevə 9 yaşlı oğlunun anası olan Gültəkin Hacıbəyliyə qarşı mətbuat konfransı keçirib ona böhtan atmağın, məhkəmələrdə müxtəlif uydurma və əsassız iddialarla çıxış etməyin qarşılığında prokurorluq orqanlarında vəzifə söz verilmişdi. Mahmud Mehdiyev üzərinə qoyulan tapşırıqları “vicdan”la yerinə yetirsə də, bu kampaniyanın cəmiyyətdə doğurduğu ikrah və etiraz onun mükafatlandırılmasını gecikdirdi. Hələ ötən ilin yay aylarında mətbuata Mahmud Mehdiyevin vəzifə təyinatı barədə məlumat sızsa da, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov dərhal bu xəbəri təkzib edib. Lakin bu ilin yanvar ayının 23-də Mahmud Mehdiyevin Xətai rayon prokurorluğuna müstəntiq vəzifəsinə təyinatını Baş prokurorluq bugünədək təsdiq və şərh etməkdən imtina edir. Bu da səbəbsiz deyil. Belə ki, Baş prokuror Zakir Qaralovun 18 iyun 2010-cu il tarixli “Intizam məsuliyyətinə cəlb etmə barədə” əmrində deyilir: “Hərbi xidmətdən yayınmağa yönəlmiş və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə görə Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Mahmud Lətif oğlu Mehdiyev prokurorluq orqanlarından xaric olunsun”. Yəni, buradan aydın olur ki, Zakir Qaralov Mahmud Mehdiyevi yenidən, özü də bu dəfə Bakı şəhərinin rayonlarının birinə müstəntiq təyin edərkən özü qanunu kobud şəkildə pozub. Çünki Mahmud Mehdiyevin prokurorluq orqanlarından xaric edilməsinin qanunsuzluğu və onun bərpası barədə məhkəmə qərarı yoxdur. Lakin görünür Gültəkin Hacıbəylini şərləmək və sıradan çıxarmaq istəyi o qədər böyük olub ki, bu məqsədlə hakimiyyət Baş prokuroruna üç il əvvəl imzaladığı əmrini geri oxutdurmaqla onun nüfuzunu və hörmətini xərcləməyə və açıq qanunsuzluğa məcbur etməyə belə getdi. Nəticədə, Zakir Qaralov bu gün üç il əvvəldən fərqli olaraq fərarini və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən Mehdiyevi prokurorluğa yaraşdırır. Bu, həm də, Azərbaycan prokurorluq orqanlarının üç il ərzində keçdiyi yolun- deqradasiyanın əyani göstəricisi kimi dəyərləndirilə bilər. Məsələnin daha bir maraqlı tərəfi isə köhnə-yeni müstəntiqin “cinayətkarlıqla necə mübarizə aparması” barədədir. Aynur Mehdiyeva bir il ərzində filippinli qadının əməyini istismar edir, pasportunu əlindən alıb azadlığını məhdudlaşdırır, ona işgəncə verir, onunla qəddar rəftar edir, “qanun keşikçisi” Mahmud Mehdiyev isə bunları seyr edirdi. Onu da qeyd edək ki, Aynur Mehdiyeva filippinli qadına evlərinə tez-tez polis formasında gələn kiçik qardaşı Allahverən Mehdiyevin “polislərin böyüyü” olduğunu deyir və qaçacağı halda qardaşının onu tutub cəzalandıracağı ilə hədələyirdi. Vəzifə borcu qanunu qorumaq olan, lakin faktiki olaraq bacısının qanunsuz əməllərini himayə etmiş, ona şərait yaratmış Allahverən Mehdiyev hələ də DIN-in zabitidir və DIN bu məsələyə aydınlıq gətirməyə tələsmir.
Ötən ilin sentyabr ayında Aynur və Mahmud Mehdiyevlər Yasamal rayon məhkəməsinə xüsusi ittiham qaydasında ərizə ilə müraciət edərək G.Hacıbəylinin onlara böhtan atdığını və buna görə keçmiş gəlinlərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişlər. “Böhtan” isə Gültəkin Hacıbəylinin bir müsahibəsində onlarla KIV-də yayılmış Aynur Mehdiyevanın saxlandığı xəbərini xatırlatması və “əgən pis idimsə, niyə yalvarırdınız ki, boşanma” deməsidir. Bu gülünc və saxta şikayət əsasında Gültəkin Hacıbəyliyə qarşı hakim Sərdar Mehrəliyev cinayət təqibi başlatsa da, həmin Yasamal məhkəməsinin başqa bir hakimi Fuad Babayev Mahmud Mehdiyevin mətbuat konfransında Gültəkin Hacıbəylini Cinayət Məcəlləsinin 14 maddəsi ilə cinayət törətməkdə ittiham etməsi qarşılığında cinayət işinin açılımasını rədd etdi. Apelyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov da Fuad Babayevin bu qanunsuz və əsassız qərarını qüvvədə saxlamaqla onun qanunsuz əməllərinə şərik oldu. Mahmud Mehdiyev Yasamal məhkəməsində gedən prosesdə dəfələrlə yalan ifadələr verməklə cinayət qanununu pozsa da, hakim Sərdar Mehrəliyev bunu görməzdən gəlir. Hətta Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilərək mühakimə olunan Aynur Mehdiyevanın Yasamal məhkəməsində ifadə verərkən dediyi “heç vaxt ittiham olunmaması, təqsirləndirilən şəxs qismində cəlb edilməməsi” kimi “qırmızı” yalanları belə hakim Sərdar Mehrəliyevin ondan və qardaşından “niyə məhkəməni aldadırsınız?” soruşması üçün yetərli olmamışdır. Indi isə, ağır cinayətlərdə ittiham olunan şəxsin KIV-lərə istinadən saxlanmasını təkrar bildirən Gültəkin xanıma qarşı cinayət işi başladan hakimiyyət Cinayət Məcəlləsinə görə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayət qarşılığında Aynur Mehdiyevaya həbslə bağlı olmayan cəza verməyə hazırlaşır və bu barədə ilkin razılaşma əldə edilməsi barədə məlumatlar mövcuddur. Hakim Iradə Həsənzadənin zərərçəkmişin nümayəndəsi Əlövsət Əliyevin əməyin istismarında təqsirləndirilən Aynur Mehdiyeva tərəfindən başqa bir şəxsin- Günel Məmmədovanın əməyini istismar etməsini aşkarlayan sualını çıxarması, hakim Eynulla Vəliyevin dəfələrlə təqsirləndirilən şəxsə və zərərçəkmişə Mehdiyevanın xeyrinə yönəldici suallar ünvanlaması, hətta filippinli qadını yalan danışmaqda və qədirbilməzlikdə ittiham etməsi bu məlumatların doğruluğunu dolayısı ilə təsdiqləyir. Zərərçəkən Llanto Fe Diaz və Əlövsət Əliyev isə açıqlamalarında Aynur Mehdiyevanın törətdiyi ağır əməllər qarşısında həbslə bağlı olan sərt cəza gözlədiklərini bildiriblər. Aynur Mehdiyevanın işi üzrə növbəti proses mayın 5-də keçiriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.