MTN Bakıda 10 İŞİD-çını yaxaladı - siyahı

8-01-2015, 10:26   
MTN Bakıda 10 İŞİD-çını yaxaladı - siyahı
Nazirliyin əməkdaşları Suriyada vuruşub ölkəmizə dönən bir dəstəni həbs etdi; onların Azərbaycanda terror aksiyaları həyata keçirəcəkləri haqda şübhələr var...
Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları Bakıda anti-İŞİD əməliyyatı keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən 10 nəfər saxlanılıb.

Tutulanlar Azərbaycan Respublikasının vətəndaşları - Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğludur. Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ilə cinayət işləri başlanılmışdır.

Adları qeyd edilənlər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs-qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, Elxan Mustafayev, Bəhruz Rəsulov, Kamran Əzizov, Nadir Əlixanov, Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə, Vidadi Sultani və Ramil Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gediblər. Orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənmişlər.

Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yada salaq ki, ötən il sentyabrın 23-də həyata keçirilən anti-İŞİD əməliyyatı zamanı 26 nəfər yaxalanmışdı. Onlardan biri - 1990-cı il təvəllüdlü Qurbanlı Elşən Əbülfət oğlu Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirən İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudova demişdi ki, Bakıda, hava limanında həbs olunub. May-sentyabr aylarında Suriyada İŞİD qüvvələrinin tərkibində döyüşlərdə iştirak edib. Elşən Qurbanlı bildirmişdi ki, pula görə oraya gedib və peşmandır. E.Behbudov həmin vaxt demişdi ki, MTN-də saxlanılan Mustafayev Elxan İsa oğlu ilə də görüşüb.

O, Azərbaycana keçərkən Qazaxda həbs edilib. Bir ilə yaxın Suriyada döyüşlərdə iştirak edib, İŞİD-in üzvü olub. Əməlindən peşman olduğunu bildirib. İŞİD sıralarında vuruşmuş şəxs E.Behbudova etiraf etmişdi ki, orada bir ayına 150 dollar pul veriblər və işi maşınla yemək daşımaqdan ibarət olub.

İŞİD sıralarında, həmçinin Suriyada Bəşər Əsədə qarşı vuruşan radikal qruplaşmalarda təmsil olunan azərbaycanlıların potensial təhlükə mənbəyi olduqları haqda indiyədək çox deyilib, yazılıb. Bu adamların daha çox ölkəyə qayıtdıqdan sonra təhlükə mənbəyinə çevriləcəkləri də vaxtaşırı vurğulanıb. İndi həmin zaman yetişib - Suriyada, İraqda İŞİD sıralarında vuruşmuş terrorçular Azərbaycana qayıdırlar. Onların elə-belə, xidmətlərini başa vurub qayıtmalarını düşünmək, hər halda, sadəlövhlük olar. Bu şəbəkəyə daxil olan insanların “əsgəri xidməti” başa vurub ölkələrinə qayıtmaları mümkün deyil. Onların Azərbaycanda terror aksiyaları həyata keçirəcəkləri gözardı edilə bilməz. MTN-in İŞİD-də vuruşub ölkəyə qayıdan şəxsləri həbs etməsi də bu təhlükənin nə dərəcədə real olduğunu göstərir.

Mövzunu davam etdirəcəyik.

E.MƏMMƏDƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.