Ona “mandat alveri” ilə bağlı sual verəndə, çox qəribə baxdı, əsəbləşdi, yoxsa təəccübləndi bilmirəm... Bütün hallarda adi reaksiya olmadı. Əslində hər suala sakit cavab verirdi, amma bundan başqa. Söhbət boyu emosiyaları kifayət qədər tənzimləyir, hirsləndirmək istəyəndə belə çalışır anadolular demiş efendiliyi pozmasın...
Söhbət millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadədən gedir. Seçkiqabağı hazırkı siyasi vəziyyəti, real mübarizənin harada və necə getdiyini ətraflı dartışdıq. Kifayət qədər fərqli və diqqətçəkən cavablar aldıq:
“SEÇİCİ, VERDİYİMİZ MESAJLARA İSTƏDİYİMİZ CAVABLARI VERMİR”
- Seçki-2015-i, ümumiyyətlə, builki parlament seçkilərinin əvvəlkilərdən fərqini nədə görürsünüz?
- Seçkilərin fərqi anlayışı yoxdur, seçicilərin müxtəlif cür yanaşması məsələsi var. Seçkilər hər dəfə olduğu kimi, yenə də məcəlləyə əsasən, konstitusiya ilə noyabrın ilk həftəsində keçirilir. 2005 və 2010-da da vəziyyət elə beləydir də... Lakin başqa bir məsələ var - seçicilərin aktiv və passiv olduğu dönəmlər. Bu gün seçici verdiyimiz mesajlara istədiyimiz cavabları vermir. Nədənləri çoxdur. Aşağı-yuxarı bu səbəbləri sadalayıb oxucunu da yormaq niyyətində deyiləm. Amma bunun günahı nə olursa-olsun seçicidə deyil, siyasətçilərdə, siyasi təşkilatlardadır. Həmçinin də müxalifətdə və iqtidardadır. Düşünürük ki, bu vəziyyəti dəyişmək də bizim vəzifəmizdir. Bütün bunları bir cümlə ilə xarakterizə etsək, bu gün biz seçicini maraqlandıran və bu proseslərə cəlb edəcək mesajları verə bilmirik.
- Seçki 2005-lə 2015– ci ilin parlament seçkisi arasında xeyli fərqin olduğunu görürük. 2010-cu ildəki seçkilərlə də müəyyən fərq var. İqbal Ağazadə 2005-ci ildə durduğu yerdədimi? Siz özünüzü o vaxt, yoxsa indi daha güclü hesab edirsiniz? Bu fərqləri necə yaşayırsınız?
- Mən heç vaxt durduğum yerdə olmağı arzulamazdım. Çünki dinamika yoxdursa, bu ölü bir həyatdır. Mən durduğum yerdə deyiləm. Siyasətçi olaraq heç vaxt geriyə baxmağı xoşlamamışam. Ümumiyyətlə, insan olaraq da geriyə baxmağı heç vaxt sevməmişəm. Geridə məni xatirədən başqa heç bir şey gözləmir. O xatirələrin ən yaxşısı belə ən azından təəssüf doğurur, heyf ki, keçib getdi deyirsən. Ona görə də hər zaman irəli baxıram. İrəli baxdığım üçün də hər zaman durduğum yerdən xeyli irəlidəyəm. Bu gün istər siyasi partiya rəhbəri, istər millət vəkili, istərsə bir insan kimi də yaşım irəli gedib.
- Yaşınızı bir o qədər də hiss etmirik hələ, özünüzə yaxşı baxırsınız...
- Ola bilər (gülür). Düşüncələrim də, yaşım da xeyli irəliləyib. Düşünürəm ki, 2005-lə bu günü biz təkcə aktivlik aspektindən xarakterizə etməməliyik. 2005-ci ilin dünyada baş verən hadisələri ilə 2015-ci ilin hadisələri, bölgədə, regionda, coğrafiyada baş verən proseslər arasında xeyli fərqlər var. 2005-ci il “Qızıl gül”, “Narıncı inqilab”ların baş verdiyi bir dönəm idi. 2015-ci il Rusiyanın Avrasiya İttifaqı yaratmaq, Ukraynanı parçalamaq, müharibə şəraiti yaratmaq kimi niyyətlərini gerçəkləşdirməyə çalışdığı bir dövrə təsadüf edir. 2005-ci ildə hələ “Ərəb baharı” olmamışdı. “Ərəb baharı”na hələ xeyli var idi. O zaman Yaxın Şərqdə nisbi sakitlik ağır da olsa davam edirdi. Yalnız 6 il sonra, 2011-ci ildə “Ərəb baharı” başladı. Bunun nəticəsində də Yaxın Şərqdə çox ciddi katakalizmlər yaşandı. Bu baxımdan insanların çaba göstərməsi, ortaya enerji qoyması faktı geriləməyə başladı. Niyə? Çünki hər bir insan hüzur, sakitlik və rahatlıq istəyir. Son illərin mübarizəsi hüzurları pozan bir mübarizədir. Son illərin mübarizəsi problemlər gətirən bir mübarizə oldu. Mən demirəm ki, bu gerçək mübarizə deyil. Hər bir ölkədə Qəddafi varsa o, bir gün mütləq yıxılmalıdır. Bir ölkədə Səddam Hüseyn varsa o, mütləq yıxılmalıdır.
- Elə bu formada yıxılmalıydılar?
- Onların özləri yıxılmanı qəbul etməyəndə yıxılmanın da sonu bu cür olmalıdır. Ancaq bu proseslərin doğurduğu nəticələr vətəndaş üçün olduqca ağır nəticələrdir. Azərbaycan seçicisi də mahiyyət etibarilə hüzuru, rahatlığı sevən bir seçicidir. Qarşıdurmanı sevmirlər. Tarixən də bu cür tərbiyə olunmayıb, bu cür köklənməyib. Ümumiyyətlə, 2015-ci il seçkilərinə bu sadaladıqlarımın da təsiri böyükdür. 2006-cı ildən bu yana dünyada siyasi mübarizə sülhdən keçir. Bunu artıq dərk edirlər. 2008-ci ildə Amerika Birləşmiş Ştatlarında Barak Obamanın gəlişi dünyada siyasətin barış və dialoq müstəvisini yaratdı. Məsələlərə münasibətdə yeni çalarlar gətirməyə başladı. Bu gün İranı heç vaxt bağışlamayacağıq deyənlər Tehranla dialoq üçün masa arxasına əyləşir. Bəşər Əsədlə mübarizə aparanlar sülhün, problemin həllinin yollarını axtarırlar.
“TƏƏSSÜF Kİ, AZƏRBAYCANIN MÜXALİF SİYASİ ELİTASI BUNU DA İÇİNƏ SİNDİRƏ BİLMƏYİB”
Bu gün Ukraynada hər şeyin qarşıdurmaya getdiyi bir vaxtda ATƏT-in vasitəsi ilə sülhün yollarını axtarırlar. Baxmayaraq ki, Ermənistan-Azərbaycan münaqişəsində işğal olunmuş torpaqlarımız var və hüquq tam şəkildə bizim tərəfimizdədir, bizdən də sülh istəyirlər. Müharibə olmayacaq, müharibədən nə qədər insanlar əziyyət çəkəcək deyən bir dünya var. Bunlar varsa, biz siyasətimizi buna uyğun ölçüb-biçməliyik. Düşünməliyik ki, haqqımız uğrunda bizə mübarizə aparmağa imkan vermirlərsə, Bakının mərkəzində siyasətin rəngi nə rəng olmalıdır? Siyasətin rəngi hansı rəngə çalmalıdır ki, onu qəbul etsinlər? Təəssüf ki, Azərbaycanın müxalif siyasi elitası bunu da içinə sindirə bilməyib, həzm edə bilməyib. Mübarizə deyərkən ənənəvi mübarizəni və özünün təcrübələrinə əsaslanan prosesi əsas gətirir. Bu da yanlışdır, çünki dünyada hər şey dəyişir. Çünki dəyişməyən bir ölülərdir, bir də dəlilər. Ona görə mən də durduğum yerdə deyiləm.
- Bu sadaladıqlarınızı Azərbaycan seçicisinin yuxarı təbəqəsi dərk edir. Bəs daha böyük kəsimi təşkil edən orta təbəqə və kütləyə fikirləri hansı yollarla çatdırmaq lazımdır?
- Aşağılar üçün ancaq bir şey önəmlidir. Sakitlik və rahatlıq olsun. Hətta onların əvəzinə mübarizə aparan olsun. Onlar sadəcə görsün ki, hər şey yaxşıdır. İkincisi və onlar üçün ən mühümi isə sosial-iqtisadi vəziyyətin yaxşı olmasıdır. Onların əsas qayəsi budur. Biz bunlara haradan çıxacağıq? İndi vəziyyətə oradan baxırıq.
“QRUPLARIN MÜBARİZƏSİNDƏ İQTİDAR QALİB GƏLİR”
Bilirsiniz, xarici siyasətdə üç parametr var. Ondan bir üçbucaq, bir pramida düzəldirlər. İri dövlətlərin və beynəlxalq təşkilatların marağı, dövlətin və yaxın qonşuların marağı. Bu pramidanı tamamlaya biləndə dövlət irəliyə gedə bilir. Daxildə də üç maraq var. Birincisi, iqtidarın marağı, ikincisi dövlətin, üçüncüsü isə cəmiyyətin marağı. Azərbaycanda iqtidarla dövlətin marağı aşağı-yuxarı tənzimlənməyə çalışılır. Boş qalan yer cəmiyyətin marağıdır. Orada korrupsiya, məmur özbaşınalığı da var. Azərbaycan siyasətçiləri heç vaxt cəmiyyət problemləri ilə o cəmiyyətin öz içərisinə girmək istəmədilər. Həmişə dövlət və iqtidar problemlərindən girmək istədilər. Mesajlara baxsanız görərsiniz ki, deyirlər ki, bu iqtidar dövlətin pulunu aparıb filan etdi, dövlət maraqlarımıza bu qədər zərbə dəyir və s. Cəmiyyət özündən onlara gedə bilər. Cəmiyyət öz problemlərindən ona doğru gedir, əksinə yox. Onlardan özünə doğru gələ bilməz. Dövlət sevgisi də belədir. Vətəndaş güvənli vətəndaş olanda dövlətini sevir. O güvəni də dövlət yaradır. Bizim aşağı təbəqəyə verdiyimiz mesaj cəmiyyət problemlərindən keçmir. Sual verə bilərsiniz çox ağıllı-ağıllı danışırsınız, bəs bunları cəmiyyətə niyə vermirsiniz? Deyə bilərsiniz ki, hətta bunun yollarını da bilirsiniz. Cəmiyyətin informasiya qəbul edilən tərəfləri çox olmalıdır. Bir adamın deməyi bəzən problemləri dəyişmir. İndi Azərbaycanda bir sıra qrup var. Mətbuat vasitəsi ilə ismarışlarını göndərirlər. Bunların da həmin çağırışları yanlışdır. İkincisi, iqtidar var ki, mənim cəmiyyətə çatdırdığım mesajlarda o maraqlı deyil. Elələri üçün əsas məsələ odur ki, seçici seçkilərdə çox az iştirak etsin. İki tərəf olsun. İqtidar və muxalifət qrupu. Çünki qrupların mübarizəsində iqtidar qalib gəlir.
- Doğrudan da bu cür qruplar varmı?
- Var, var. Etiraf etsək də, etməsək də qruplar var, Çində qrup milyonluq ola bilər, Azərbaycanda on-on beş nəfər. 3 nəfər də olsa bu qrupdur (gülür).
- Namizədliyini vermək üçün hakim Yeni Azərbaycan Partiyasının namizəd siyahısını gözləyənlər çox oldu. Bəs siz nə qədər gözlədiniz bu siyahını? Sürpriz siyahı idimi?
- Heç gözləmədik. Mən açıq deyirəm sizə, Azərbaycan siyasi səhnəsində Ümid Partiyası qədər bu məsələlərə açıq münasibət bildirən siyasi qurum olmadı. Avqust ayının 2-də 70 dairədən dairələr üzrə namizədlərin siyahısını elan etdik. Biz proseslərə başqa cür baxırıq. Biz onu gözləmirik ki, başqa partiyadan kim verir, gedim başqa dairədən boş yer tapıb namizədimi göndərim. Biz seçkiyə 60 günlük zaman arasından baxmırıq. Seçki uzun bir prosesdir. Elə 20 gün prosedurdan doğan məsələlərə sərf olunur. Biz dairələrlə fərqli şəkildə işləmişik. İstəyirik ki, digər siyasi təşkilatların da seçkilərə yanaşması bu cür formalaşsın. Bu gün iqtidarın çəkinəcəyi yer müxalifət, müxalifətin çəkinəcəyi yer iqtidar olmalıdır. Mənim əlimdə bir şey varsa, başqasında bu şey yoxdursa onu itirməyə mən qorxmalıyam. Qarşımdakında onsuz da bu şey yoxdur və onun itirəcəyi də nəsə olmayacaq. O, məndəkini almaq istəyir. Ona görə də iqtidar fikirləşsin ki, o hansı dairədən kimin namizədliyini verir. Mən niyə fikirləşməliyəm.
- Siz namizədinizi açıqlayandan sonra düşünmədinizmi ki, həmin dairədən YAP-ın elə bir nüfuzlu namizədi ola bilərdi ki, sizin namizədinizin şanslarını xeyli azaltmış olsun?
- Əgər millət vəkilliyi namizədliyinə səksən adamın namizədliyini irəli sürürsənsə, aşağı-yuxarı bunların namizədliyinə etibar edirsən. Artıq sizdə onların hər birini bir millət vəkili kimi görmək düşüncəniz var. Əgər siyahıda o varsa, onun da şansları sənin üçün yüksəkdir. Ya həmin namizədin adı siyahıda olmalı, ya da olmamalıdır.
- Yenə də Xətaidən namizədliyinizi vermisiniz?
- Bəli.
- Bəs niyə həmişə oradan? Özünüzü seçicilərinizə daha yaxın hesab edirsiniz həmin dairədə?
- Bilirsiniz, seçicilər orada məni tanıyır, mənim mesajlarıma cavab verirlər. Seçicilərim məni eşidir, mən də seçicilərimi. Bu gün mən həmin binaların qarşısına getsəm, yaşlı qadınından cavanlara, gənclərə qədər hər kəs məni tanıyır. 40 min seçicimin ən azından 20 mini mənə sima etibarı ilə tanışdı. Biz bir-birimizi tanıyırıq.
- Ancaq hamıda belə deyil...
- O da mənim problemim deyil.
- Bunun belə olması üçün millət vəkili olaraq siz niyə Milli Məclisdə məsələ qaldırmırsınız?
- Mən onda maraqlı deyiləm ki...
- Niyə? Öz seçicilərinizdən başqa seçicilərin taleyi sizi maraqlandırmır?
- Yox...
- Elə deputat var ki, seçici onun heç üzünü görə bilmir...
- Parlamentdə çoxluq mənim partiyamdan olsaydı, mən istərdim ki, hamı elə olsun. Amma çoxluq onların olduğu üçün mən bunu istəmərəm, çünki biz onların yerinə iddia edirik.
“AXCP QABIĞINA SIXIŞMIŞ BİR TƏŞKİLATA ÇEVRİLİB”
- İqbal bəy, bəs “Qarabağ” blokunun taleyi niyə belə oldu? Təbii ki, əbədi heç nə yoxdur, amma həmişə seçkilərə ADP ilə birgə qatılırdınız...
- Bir problem olmadı əslində. Problemin olmamasının səbəbi də odur ki, biz “125-lər” siyasi bloku ilə uzun müddət siyasi proyektlər üzərində işləyirdik. Proyekti istədiyimiz səkildə reallaşdıra bilmədik. Amma hər halda irəliləyişimiz var. Bizim ADP ilə üst-üstə düşən namizədlərimiz də var. Amma biz geri çəkilmədik.
- Bu blok gələcəkdə yenidən gündəmə gələ bilərmi?
- Hər şey ola bilər. Hər halda hesab edirəm ki, hər şeyin sonu deyil. 2013-cü ildə də mən namizədliyimi vermişdim, Sərdar bəy də sonradan namizədliyini irəli sürdü. Hər halda ondan sonra da bizim blokdakı fəaliyyətimiz davam etdi. Normaldır, cəmiyyətimiz buna da alışmalıdır. Siyasi partiyalar dava üçün deyil; birləşdilər, ayrıldılar, sonra da düşmən oldular... Biz niyə düşmən olmalıyıq?
- Ümid Partiyasının hazırda əsas müttəfiqi kimdir?
- Azərbaycan xalqı.
- Bəs siyasi təşkilat olaraq?
- Siyasi təşkilat olaraq elə bir müttəfiqimiz yoxdur. Demokratik seçki keçirilməsi istiqamətində hər kəslə əməkdaşlığa hazırıq.
- Qarşıdan AXCP-nin qurultayı gəlir, dəvət olsa gedəcəksiniz?
- Bilmirəm, çətin dəvət göndərilsin.
- Niyə belə hesab edirsiniz ki?
- AXCP bir az qabığına sıxışmış bir təşkilata çevrilib. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası açıq təşkilat deyil.
- Bəs siz açıq təşkilat olaraq onları öz tədbirlərinizə dəvət edirsiniz?
- Bəli, əlbəttə dəvət edirik. İştirak da edirlər.
- Hazırda siyasi səhnədə kimi özünüzə rəqib görürsünüz?
- Bizim bircə rəqibimiz var, o da iqtidardır. Başqasını da rəqib kimi qəbul etmirik.
- Namizədlərinizdən başqa müxalifət partiyaları ilə toqquşan varmı?
- Var. Arif Hacılı ilə Üzeyir Cəfərov toqquşur.
- Bəs Üzeyir bəyi Arifi Hacılının xətrinə geri çəkmək fikriniz var?
Düzü İqbal bəydən bu suala belə cavab gözləmirdik. Sualın cavabını növbəti yazımızda təqdim edəcəyik.
Ardı var.
Səbinə ƏVƏZQIZI
Fotolar Tural Turana məxsusdur.