Qarabağda ağır döyüşlər - düşmən 7 əsgər itirdi, Azərbaycan 3 şəhid verdi...

29-09-2015, 09:04   
Qarabağda ağır döyüşlər - düşmən 7 əsgər itirdi, Azərbaycan 3 şəhid verdi...
Qarabağda ağır döyüşlər - düşmən 7 əsgər itirdi, Azərbaycan 3 şəhid verdi...
Siyasi analitiklər və hərbi ekspertlər böyük savaşın başlanmasını indi daha real sayır; Sərkisyanın özünüifşa bəyanatından sonra ordumuzun raket zərbələri Qarabağ ermənilərini qaçmağa vadar edib...


Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginlik davam edir. Ötən həftənin son günlərində 4 hərbçisini itirən, 16 əsgərini isə yaralı vəziyyətdə hospitallara daşıyan Ermənistan rəhbərliyinin qisas alınacağı barədə anonsundan sonra vəziyyət daha da gərginləşib.

Sentyabrın 27-də gün ərzində və 28-nə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var. Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub. “Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir” - nazirliyin məlumatında bildirilir.

Xəbər verildiyi kimi, Azərbaycan ordusunun Dağlıq Qarabağdakı işğalçı erməni birləşmələrinə 3 gün öncə cavab olaraq endirdiyi raket-artilleriya zərbələri Ermənistanda və Xankəndində şok effekti yaradıb. Cəbhədəki itkilərdən özünü itirən erməni hakimiyyəti xalq etirazlarından ehtiyatlanaraq baş vermiş hadisə ilə bağlı cinayət işi açıb. Xankəndində isə “şəhər günü” ilə bağlı keçiriləcək bayram tədbirləri ləğv edilib. Bazar günü keçirilən dövlət komissiyasının iclasında Ermənistan prezidenti Serj Sərkisyan bəyan edib ki, “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”.

Qeyd edək ki, erməni prezident bu iddianı ilk dəfə səsləndirib. Bundan öncə Qarabağın işğalında iştirakını dəfələrlə bəyan etsə də, Dağlıq Qarabağı müstəqil subyekt kimi təqdim etməyə çalışırdı və Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlarda iştirakına cəhd edir, bu da olmasa, Bakını Xankəndi ilə danışıqlar aparmağa çağırırdı. Müşahidəçilərə görə, ordumuzun sarsıdıcı zərbəsi Sərkisyanın özünü ifşa etməsinə şərait yaradıb.

“Prezident Serj Sarkisyanın Dağlıq Qarabağın Ermənistana məxsus olmasına dair bəyanatı təəccüb doğurmaya bilməz, çünki o, İrəvanın bu məsələ ilə bağlı rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir”. Bunu isə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi Metyu Brayza bildirib. (“Vestnik Kavkaza”) Brayza deyib ki, Sərkisyanın bəyanatı onu təəccübləndirir: “Nəzərə alaq ki, bu, Ermənistanın uzun müddət ərzində tutduğu mövqe ilə ziddiyyət təşkil edir. Bu mövqeyə görə müstəqil ”Dağlıq Qarabağ respublikası" mövcuddur, onun “vətəndaşlar”ı öz liderini özü seçir, “o”, öz iqtisadiyyat və hüquq sahələrinə özü rəhbərlik edir və Ermənistan nə diplomatik, nə də hüquqi cəhətdən onu tanımır". Diplomat əlavə edib ki, Sərkisyanın nə üçün belə bir bəyanat verdiyini başa düşmək çətindir: “Məgər Ermənistan hökuməti öz siyasətində kəskin dəyişiklik edib? Lakin siyasətin bu kimi dəyişdirilməsi Dağlıq Qarabağın bir çox sakinləri üçün, xüsusilə də bu regionun siyasi liderləri üçün dərin məyusluq yarada bilər”.

Məyus olan, üstəlik, böyük savaşın hər an başlayacağından təşvişə düşən Qarabağdakı ermənilər isə artıq xilas yollarını aramaqdadır. Bir müddət öncə Ermənistanın Azərbaycanla (Tovuz istiqamətində-red.) həmsərhəd kəndlərinin sakinlərinin də evakuasiya olunduğu xəbəri yayılmışdı. Erməni hakimiyyəti İrəvan ətrafında qurulan qaçqın şəhərciyini hərbi təlimlərin tərkib hissəsi kimi izah etməyə çalışsa da, ekspertlər bunu müharibə hazırlığı kimi izah etmişdilər. Yayılan digər məlumata görə, Azərbaycan ordusunun erməni hərbi birləşmələrinin mövqelərini raket-artilleriya atəşinə tutmasından sonra təmas xəttinə yaxın Ağdərə ərazisində qeyri-qanuni yerləşdirilən əhali evlərini tərk edir. Publika.az xəbər verir ki, “Kavkazskiy uzel”in Azərbaycanın işğal edilmiş Ağdərə rayonunun Talış və Maqadis kəndlərindən hazırladığı reportajda əhalinin qaçmağa hazırlaşdığı qeyd olunur.

Əhali 24-25 sentyabr tarixlərində şiddətli atışmalara şahid olduqlarını deyir. Lakin onlar etiraf edirlər ki, Azərbaycan ordusu birbaşa kəndləri, mülki əhalini hədəfə almayıb. Buna görə də kənd əhalisindən heç kim ölməyib. Maqadis kəndinin icma rəhbəri Zaven Avanesyan bildirib: “Kəndi hədəfə almırdılar, lakin mərmilər yaxınlıqda partlayır, kəndin üzərindən uçub çaya düşürdü”. Talış kənd sakini Nikolay Abelyan ailəsini kənddən çıxarmaq niyyətində olduğunu bildirib. “Hər kəsdə qorxu yaranıb və heç kim müharibənin olmasını istəmir”, - deyə o bildirib. Talış kənd icmasının rəhbəri Vilen Petrosyan isə qeyd edib ki, indiyə qədər bu cür güclü atəş səsləri eşitməyiblər: “Qarabağ müharibəsindən indiyə qədər belə güclü atışma olmamışdı. Onların hədəfi hərbi postlar idi. Kənd postlardan cəmi 3 kilometrlik məsafədə yerləşir, istəsəydilər asanlıqla evləri vura bilərdilər. Kənddə böyük qorxu var və hər kəs evlərini tərk etmək istəyir. Mən hökumətin qarşısında vəziyyət pisləşəcəyi təqdirdə qadın və uşaqların çıxarılması üçün yol çəkilməsi məsələsini qaldırmışam”.

Reportajda təmas xətti yaxınlığında qanunsuz şəkildə köçürülən ermənilərin böyük qorxu içində olduğu və evlərini tərk etməyə hazırlaşdıqları qeyd olunur.

***

XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, rəsmi Bakı bütün beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ardıcıl iş aparır: “Nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə əlaqədar 4 qətnaməsi var. Həmin qətnamələrin icrasından irəli gələn məsələlər də bilavasitə BMT Təhlükəsizlik Şurasının nəzarətində olmalıdır. Biz çox təəssüf edirik ki, Təhlükəsizlik Şurası özü qəbul etdiyi qətnamələrin tələblərinin icrasını təmin etmir”. XİN təmsilçisi qeyd etdi ki, bu il BMT-nin 70 illiyi qeyd olunur və qurumun 70-ci sessiyası çərçivəsində müzakirə olunan məsələlərdən biri də Qarabağ münaqişəsidir: “BMT Baş Assambleyasının gündəliyində ”Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlı" məsələ var. Eyni zamanda “GUAM ölkələri ərazilərində həlli uzadılmış münaqişələr məsələsi” gündəlikdə yer alıb".

H.Hacıyev Ermənistanın aqressiv davranışlarına münasibətdə rəsmi Bakının mövqeyinin dəyişmədiyini xatırlatdı: “Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün bütün zəruri addımları atacaq. Hazırda ATƏT-in Minsk Qrupunun həmsədrlərinın vasitəçiliyi ilə danışıqlar gedir. Danışıqlar Azərbaycanın gözlədiyi nəticəni verməsə, Azərbaycanın ata biləcəyi addımların nəticələrinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşəcək. BMT nizamnaməsi də Azərbaycana bu hüququ tam şəkildə verir”.



Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə dedi ki, Ermənistanın cinayətkar dövlət başçısının son isterik çıxışları onu deməyə əsas verir ki, bu adam bəlkə də hakimiyyətinin son günlərini, aylarının olmasını dərk edir: “Uzun illər Qarabağla bağlı hətta ən kritik dönəmlərdə belə öz səbrini basmağı bacaran Serj Sərkisyan bu dəfə bütün baryerləri və əndazəni aşdı. Onun yeganə istəyi tez bir zamanda Azərbaycanı müharibəyə cəlb etmək və bununla da öz hakimiyyətini daha da bir az uzatmaqdır. Çünki günü-gündən paytaxt İrəvanda və Ermənistanın digər bölgələrində Sərkisyana qarşı narazılıqlar artır. Belə olan şəraitdə əgər hər hansı ciddi toqquşmalar baş verərsə, mənim düşüncəmə görə, Azərbaycan çox asanlıqla istədiyi nəticəni əldə edə bilər”. Cəbhədəki son toqquşmalara və qarşılıqlı itkilərə, ordumuzun durumuna gəldikdə, Ü.Cəfərov bunları söylədi: “Əlbəttə, unutmaq lazım deyil ki, əgər müharibə başlayarsa, bizim də itkilərimizin olması qaçılmazdır. Buna hazır olmaq və baş verə biləcək itkilərə görə nə panikaya düşmək, nə də Silahlı Qüvvələrimizi tənbeh etmək lazım deyil. Ordumuz indi çox hazırlıqlıdır və düşməni ən sərt formada cəzalandırmaq üçün bütün imkanlara malikdir”.



Erməni prezidentin Azərbaycanla savaşa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Moskvanı köməyə çağırmasına gəlincə, hərbi ekspert hesab edir ki, Sərkisyanın bu cəhdləri fayda verməyəcək: “Çünki həm ikitərəfli sazişlərə görə həm də müqavilə şərtlərinə görə, adıçəkilən ölkə və qurum yalnız Ermənistana birbaşa təhlükə olduğu zaman məsələyə qarışa bilər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində onlar hansı hüquq əsnasında Ermənistanın işğalçılıq siyasətinə dəstək verə bilər? Ona görə də mən belə bir köməyin olacağına inanmıram. Olarsa, bunun zərərini Rusiya çox ağır formada görəcək”.

Bəs arzuolunmaz vəziyyət yaranarsa, o halda Bakı Ankaradan hərbi dəstək istəyə bilərmi?



Ü.Cəfərov: “Düşünmürəm ki, Azərbaycan Türkiyəni köməyə çağıra bilər. Şükürlər olsun ki, Silahlı Qüvvələrin həm maddi imkanları, həm də şəxsi heyətin hazırlıqları Ermənistanın işğalçı qoşunlarını separatçılarla birgə ərzilərimizdən uzaqlaşdırmağa kifayət edir”.

Politoloq Arzu Nağıyev “Yeni Müsaqvat”a bildirdi ki, Sərkisyanı danışdıran bir neçə amil var: “Əsas amil Rusiya ilə tərəfdaş olmasıdır və təbii ki, ərazisində 102 saylı bazanın yerləşməsidir. Çox istəyir ki, müharibənin əsas nüvəsini Ermənistan ərazisinə çəksin və təbii ki, KTMT -nin üzvü kimi Rusiya da bu münaqişənin leqallaşmış üzvü olsun. Məhz buna görə də elə bəyanatlar verir və təbii ki, bu, dünya ictimaiyyətinə də bir ismarışdır. Cəbhə bölgələrində, istər Dağlıq Qarabağdakı ermənilərlə təmas xəttində, istərsə də sərhəd rayonlarında ermənilər tərəfindən edilən son təxribatlar planlı şəkildə, məhz BMT-nin sessiyası vaxtı baş verdi. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə hər iki dövlətin xarici işlər nazirlərinin görüşü zamanı belə bir təxribatlara əl atmaq erməni təcavüzünün məntiqi davamı kimi qiymətləndirilməlidir”.



A.Nağıyev xatırlatdı ki, bu təxribatlar vaxtı ermənilər çoxsaylı itki verərək geri çəkilib: “Çox təəssüf ki, Azərbaycan ordusunda da şəhidlər var. Məlumdur ki, Ermənistanın son vaxtlar Rusiya ilə yaxınlaşması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyü də bunun əsas səbəblərindən biridir. Bütün bunlardan qaynaqlanan təxribatların məntiqi nəticəsi kimi Sərkisyan açıq şəkildə etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daxili işidir və avtomatik olaraq işğal faktını da çəkinmədən etiraf edir. Ermənistan rəhbəri bilir ki, beynəlxalq təşkilatlar susur, havadarlar isə onların tərəfdarıdırlar. Qeyd etmək istərdim ki, ən pis sülh, ən yaxşı müharibədən daha önəmlidir. Buna görə də Azərbaycan tərəfi hələ ki Dağlıq Qarabağ münaqişəsinin həllini Madrid prinsipləri çərçivəsində sülh yolu vasitəsilə həll etməyə çalışır və bunun üçün bütün diplomatik səylərdən istifadə edir. Təbii ki, bununla paralel olaraq erməni təcavüzkarlarına da güc nümayiş etdirmək vacibdir, ona görə ki, erməniləri sülh danışıqları masasına əyləşdirmək üçün mütləq hərbi güc göstərmək lazımdır. Çünki artıq çıxış yolumuz qalmır. Səbəbi də odur ki, beynəlxalq təşkilatlar bəyanat verməkdən o tərəfə keçmirlər”.

Vəziyyətin gərginliyi həmsədrləri növbəti dəfə ənənəvi bəyanatlarını səsləndirməyə vadar edib. Eyni zamanda XİN başçılarının görüşündə prezidentlər səviyyəsində danışıqların davam etdirilməsi istiqamətində prinsipial razılığın əldə olunduğu deyilir. Rəsmi Moskvadan da Qarabağ cəbhəsində baş verənlərə reaksiya gəlib. “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni həllərin axtarışı və artıq əldə edilmiş həllərin reallaşdırılması prosesinə sadiqdir”.

"Trend"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşün açılışında deyib. S.Lavrov bildirib ki, mən şadam ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləmək üçün artıq atılmış addımlara əlavə edə biləcəyimiz imkanımız yaranıb: “Hər bir həmsədr ölkə bu prosesə sadiqdir”.

Lakin qəribəsi odur ki, bu dəfə də nə Moskvadan, nə də Qərbdən Ermənistanın təcavüzkarlığına işarə də vurulmayıb. Belə vəziyyət isə müharibəni qaçılmaz edir.


Elşad PAŞASOY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar