Hacı İbrahimin Xəzərdə tikdirdiyi şəhərin son halı - FOTO
Nehrəmli iş adamı pul dalınca Çinə gedir; “Bu əfsanəvi şəhərin tikintisini davam edəcək. Ölkədən qaçmağa hazırlaşdığım haqda deyilənlər tam əsassızdır”
“Avesta” Konserninin prezidenti, “Xəzər Adaları” layihəsinin müəllifi Hacı İbrahim Nehrəmlinin ölkədən qaçmaq istəməsi ilə bağlı xəbərlər yayılıb. Buna səbəb kimi onun Benəlxalq Banka 450 milyon manat kredit borcunun olması göstərilir. Guya tanınan iş adamı bu borcunu ödəmək istəmədiyi üçün ölkədən qaçmağı planlaşdırır.
Hacı İbrahim musavat.com-a bildirib ki, haqqında yayılan məlumatlar cəfəngiyatdır: “Mənim Azərbaycandan qaçmağım haqda yayılmış xəbər tam əsassız və yalandır. Kredit borcum var, bunu danmıram. Amma bu borcu ödəyəcək imkanlarım da var. Mən indinin biznesmeni deyiləm. Hələ yenidən qurma dövründən iş sektorunda öz sözümü demiş adamam. Çox iqtisadi böhranlar yaşamışıq. Hamısından da alnımız açıq, üzümüz ağ çıxmışıq. İnşallah bu dəfə də belə olar. Bu günlərdə Çin şirkəti ilə müqavilə bağlamışam. O müqaviləyə uyğun olaraq gələn ayın əvvəllərində Çinə və Honkonqa səfərim gözlənilir. İnanıram ki, bu səfərlər uğurlu olacaq və “Xəzər Adaları” layihəsi davam edəcək. Mən bu əfsanəvi şəhərin tikintisini başa çatdıracam”.
“Xəzər Adaları”ndakı son vəziyyəti öyrənmək üçün şəhərin tikildiyi ərazidə olduq. Tikinti demək olar dayandırılıb. Xəzərin içərisinə doğru layihənin maketinə uyğun olaraq 3 kilometr ərazi artıq qurudulub və üzərində tikinti işləri aparılıb. Bunları kənardan da görmək mümkündür. Eyni zamanda kənardan ərazidə fəhlələrin işləmədiyini, sakitliyin hökm sürdüyünü də müşahidə etdik.
Adalara yaxın ərazidə yaşayan Məhərrəm adlı şəxs bildirdi ki, əvvəllər burada qızğın iş getsə də, 4 aydan çoxdur ki, sakitlikdir:
“Əvvəllər bura o qədər qum, daş və digər tikinti materialları gətirirdilər ki, səsdən evdə otura bilmirdik. Yəni güclü iş gedirdi. Özüm də kənardan baxırdım, xoşuma gəlirdi. Getdikcə dənizin içərisinə doğru suyu quruda-quruda irəliləyirdilər. Bax oraya çıxıb (ərazidəyə yaxınlıqda yerləşən təpələri göstərir) baxırdım adalara. Hələ uşağın bir “binokul”u vardı. Onunla baxırdım. Özüm Biləsuvardanam. Orada yaşayan qohumlarımdan da bu tikintilərdə işləyənlər var idi. Ancaq 3-4 ay olar ki, onlar işləmirlər. İşlədikləri ayların haqqını alıblar”.
Sakindən ayrıldıqdan sonra “Xəzər Adaları”nın giriş postu kimi tanınan və mühafizəçilərin oturduğu yerə yollandıq.
Bizə bildirdilər ki, Hacı İbrahim Nehrəmli ofisdə deyil. Onun əsasən baş ofisdə oturduğu bildirildi. Orada olarkən öyrəndik ki, layihənin inşası üçün istifadə olunan tikinti materiallarının əsas hissəsi giriş postunun yaxınlığında saxlanılır. Bununla yanaşı tikinti aparmaq üçün istifadə olunan texnika da məhz buradadır. Mühafizəçilər bildirdilər ki, adalarda iş dayandıqdan sonra tikintidə istifadə olunan texnikaların bir hissəsi burada saxlanılır. Adalarda olduğumuz zaman bir nəfər də olsun fəhləyə rast gəlmədik. “Xəzər Adalar”ında tikinti işləri tamamilə dayandırılıb. Texnikalar isə tozun altındadır. Uzun zamandır istifadə olunmadığı açıq şəkildə sezilir.
Giriş postunda söhbət etdiyimiz mühafizəçilər Hacı İbrahim Nehrəmlidən razılıq etdilər. Onlar bildirdilər ki, maaşları hələ ki, vaxtı-vaxtında verilir. Bununla bağlı problemləri yoxdur. Həmçinin söylədilər ki, sabaha bir ümidləri var. O da Hacı İbrahim Nehrəmlinin yaxın zaman üçün planlaşdırdığı Honkonqa olan səfəridir.
Hacı İbrahimin qaçmaq istəyi ilə bağlı yayılan xəbərlər də məhz bu səfərin ətrafında yaranıb. Ancaq orada olarkən bizə məlumatların əksini söyləyib, yayılan xəbərləri də əsassız adlandırdılar.
Özünü “Xəzər Adaları”nın mühafizə rəisi kimi təqdim edən və yazıda ona elə bu cür xitab etməyimizi xahiş edən şəxs bildirdi ki, Hacı İbrahimin xaricə getməsində bir səbəb var. O da müqavilədir:
“Hacı İbrahimin Honkonqa gözlənilən səfəri, Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla imzaladığı müqavilənin davamıdır. Onun qaçması ilə bağlı yayılan xəbərlər, sadəcə olaraq əsası olmayan informasiyalardır. Hazırda “Xəzər Adaları”nın tikilən hissəsinə bir milyard dollardan çox vəsait təklif edirlər. Hacı İbrahimin də Beynəlxalq Banka olan borcu cəmi 450 milyon manat civarındadır. Yəni o, istəsə layihədən imtina da edə bilər. Daha nə üçün xaricə qaçmalıdır ki? O, xaricə gedərək, özünün də qeyd etdiyi kimi müqavilənin davamını imzalayıb, ayrılan vəsaiti gətirərək “Xəzər Adaları”nda tikintiyə davam edəcək”.
Əldə etdiyimiz məlumata görə, səfərin 6 oktyabr tarixində reallaşması planlaşdırılır.
Əli Rais
Musavat.com
Fotolar müəllifindir