“Mən sizdən azadlıq gözləmirəm və istəmirəm!” Seymur Həzinin çıxışına hakimlər tab gətirmədi

30-09-2015, 08:13   
“Mən sizdən azadlıq gözləmirəm və istəmirəm!” Seymur Həzinin çıxışına hakimlər tab gətirmədi
Onun son sözü yarımçıq kəsildi, barəsindəki hökm isə qüvvədə saxlanıldı

“Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin 5 il azadlıqdan məhrum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayəti üzrə proses yekunlaşıb. Sumqayıt Apelyasiya Məhkəməsində Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası hökmün qüvvədə saxlanılması barədə qərar qəbul edib. Məhkəmənin qərarı elan olunmamışdan əvvəl iclasda bir sıra maraqlı məqamlar olub.

Seymur Həzinin vəkili Adil Ismayılov müdafiə çıxışında bildirib ki, məhkəmənin ədalətli qərar verəcəyinə inanmır. Siyasi motivli işlərlə bağlı təcrübəni nəzərə alaraq, belə qənaətə gəlib: “Bu iş üzrə müdafiə çıxışı eləmək çox asandır. Çünki Seymur Həzinin cinayət törətmədiyi hamıya, o cümlədən siz hakimlərə də, prokurora da məlumdur. Amma reallıq odur ki, sizin bunu təsdiqləyib, bəraət verəcəyinizə inamım yoxdur. Bu çıxışımın da nəyisə dəyişəcəyinə inanmıram. Xarici ölkələrdə məhkəmə çıxışlarının şahidi olmuşam. Orada insanlar bu çıxışlara ürəklərini qoyurlar, kiməsə nəyisə sübut eləməyə çalışırlar. Biz kimə nəyi sübut edək?


Seymurun da iki vəkili olub – Elton Quliyev və mən. Elton müəllim Azərbaycanda 3-5 ən yaxşı vəkildən biridir. Adil Ismayılov da pis vəkil deyil. Amma bu iki vəkilin müdafiəsinə baxmayaraq, Seymura heç bir günahı olmadığı halda, 5 il həbs cəzası verdilər. Abşeron Rayon Məhkəməsində hökmdən sonra hakim Şövkət Nəcəfova ilə görüşdük, dedi ki, sizi nəzərə alıb, bu qədər verdik. Yadıma bir əhvalat düşdü. Universitetdə bir məntiq müəllimi vardı, tələbəyə demişdi ki, səni filankəslər tapşırıb, sənə 2 yazıram. Tələbə çıxanda demişdi ki, məni filankəslər tapşırmasaydı, o 2-ni özüm ala bilməzdim? Indi Seymurun da vəkilləri olmasaydı, ona nə qədər cəza verərdilər?

Hökmü ədalətsiz, qanunsuz və əsassız hesab edirəm. Təkcə Məhərrəm Həsənovun barəsində xuliqanlığa görə hökm çıxarılması faktı Seymur əməlində bu cinayətin tərkibinin olmadığının sübutudur. Hökmdən də görünür ki, davanı Məhərrəm Həsənov başlayıb, o törədib.

Bir daha deyirəm, sizin ədalətsiz və qanunsuz qərar verəcəyinizə şübhə etmirəm. Amma çox istərdim ki, verəcəyiniz qərarla mənim səhv düşündüyümü sübut edib, məni utandırasınız”.

Daha sonra Seymur Həzi çıxış edib. Amma onun çıxışı yarımçıq kəsilib. Seymurla hakimlər arasında belə bir dialoq yaşanıb:

– Mən çıxış etmək fikrində deyildim. Bir yəhudi dissident Sovet dövründə Moskvanın küçələrinə ağ kağız yapşdırırmış, onu tutub aparıblar. Deyiblər, nə ilə məşğulsan? Deyib, etiraz edirəm. Deyib axı heç nə yazmamısan? Cavab verib ki, hamı hər şeyi bilir də. Hamının hər şeyi bildiyi ölkədə nəyisə danışıb-danışmamaq bəzən vaxt aparmaqdır. Amma sonradan fikrimi dəyişdim.

Ötən məhkəmə iclasına gələndə indiki çıxışıma bənzər bir çıxış hazırlamışdım. Amma məni gətirəndə axtarış-baxış zamanı üzərimdən götürdülər. Müəssisə rəhbəri sonra gəlib mənə töhmət elan elədi. Guya bu, təxribat xarakterli sənədmiş. Təxribat bilirsinizmi nədir? Təxribat odur ki, Xəzərdə nefti Qərb şirkətləri ilə çıxardığın halda, rus hərbi gəmilərini Qız qalasına qədər buraxırsan, üstəlik, təlim zamanı gəmi topları da atəş açmır. Budur, əzəli düşmənə “sən gəl, biz güllə atmayacağıq” mesajı, budur təxribat…

Hakim:

– Işlə bağlı çıxış edin.

– Məni bu işlə bağlı tutmayıblar ki, cənab hakim. Burada sübut olundu ki, mən xuliqanam?! Burada mənim xuliqanlığım sübut olunsaydı, sizi əmin edirəm, o işlə bağlı danışacaqdım. Hansı işlə bağlı tutulmuşamsa, o işlə bağlı danışacam.

– Əgər sizə siyasi baxışlarınızı ifadə etməyə tribuna lazımdırsa, bura onun yeri deyil.

– Mən sizi başa düşürəm, amma siz də məni başa düşməlisiniz. Siz yəqin heç biriniz həbsdə olmamısız. Heç arzulamıram da həbsdə olasınız. Amma nahaqdan həbs olunmaq… Bu perspektiv heç kimdən yan qaçmır. Hər kəsin özünü müdafiə etmək hüququna hörmətlə yanaşılmalıdır. Mən də sizdən sadəcə, bunu tələb edirəm. Əgər bu doğrudan həyatınız, işiniz üçün çox qorxuludursa, mənə deyin. Konstitusiyaya əsasən, özünü müdafiə etmək şəxsin müstəsna hüququ deyilmi?

Mənim həbsimi bütün dünya siyasi sifariş hesab edir. Yaxşı, siz niyə imkan vermirsiniz ki, mən bu məsələ üzrə özümü müdafiə eləyim? Siz burada hökumətin tərəfindən çıxış edirsiniz, cənab hakim.

– Əgər buna siyasi məsələ kimi baxırsınızsa, bunu dinləməyə bizim vaxtımız yoxdur.

– Bilmirəm sizin buna ehtiyacınız var, ya yoxdur, amma mən bu fikirləri səsləndirməliyəm. Məhkəmə hökumət orqanıdır, ya dövlət orqanı? Nazirlər Kabinetinin bir orqanısınızsa, onda deyərdiniz, mən heç bura gəlməzdim.

– Siyasətlə məhkəmə prosesini qarışdırmayın.

– Bilirsiniz məni niyə tutublar? Liberman Azərbaycana gələndə onun səfərini şərh elədiyimə görə. Azərbaycanın Rusiyanın maraqlarına görə atəşkəsi pozub bu ölkənin övladlarını qurban verdiyini ifşa elədiyimə görə… Mən neyləmişəm?! Nə iş görmüşəm ki?!

– Bu, bizim işimizdə yoxdur.

– Sizin işinizdə çox şey yoxdur.

– Məhkəmə işə mahiyyəti üzrə baxır.

– Siz axı mənim xuliqan olduğumu sübut eləmədiniz…

Bu yerdə Seymur Həzinin vəkili Adil Ismayılov müdaxilə edib: “Seymuru bir neçə dəfə döyüblər. Bunların hamısı işin içində var. Bu şəxs də özünü müdafiə edir. Mən çıxışımda da dedim ki, bu, siyasi işdir. Indi siz deyirsiniz, siyasi iş deyil. Qərar çıxararsınız, görərik…”

Hakimlər Seymur Həzinin çıxışını yarımçıq saxlayaraq, müşavirəyə gedib və təxminən beş dəqiqə sonra geri qayıdaraq, Abşeron Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanıldığını elan ediblər.

***

Amma Seymur Həzinin çıxışının yazılı mətni yayılıb. Mətnin məhkəmədə səslənməyən hissəsini təqdim edirik:

“Bu ilin 8 ayında Milli Ordunun 44 hərbi qulluqçusu şəhid olub, amma əvəzində 44 metr irəliləmə, 4 cümləlik diplomatik qələbə olmayıb. Budur təxribat! Budur milli maraqları sabotaj etmək!

Cəzaçəkmə müəssisələrindən birində sələfilərə işgəncə verəndə “Ya Hüseyn” çağırmağa məcbur edirlər, şiələrə isə “Öməri köməyə çağır” deyirlər. Budur aranı qatmaq! Budur təfriqəçilik! Guya, hansısa təriqətin tərəfini tuturlar, əslində isə oyun oynayırlar, özlərinə gələn zərbənin qarşısına gah şiələri, gah sünniləri, gah da nurçuları verirlər.

Indi də özümü müdafiə edim – əslində isə Azərbaycanı, onun səsi boğulan insanlarını. Buradan bəyan edirəm ki, bu məmləkətdə müdafiəyə ehtiyacı olmayan bir nəfər varsa, o da sizin qarşınızda çıxış edən şəxsdir. Mənim heç kimdən heç kimə şikayətim yoxdur. Bu gün bu tribunadan isə gələcəyi oğurlanan körpələrin, ahıllığı məhv olmuş qocaların dili olmaq fikrindəyəm. Onların haqqı olan rifah və səadəti oğurlayanların yaxasından yapışmaq fikrindəyəm.

Bizi həbs edərkən öz aləmlərində biclik işlədiblər. Bizə tələlər qurub, böhtanlar atıb, qeyri-siyasi maddələrlə ittiham ediblər. Amma ilk növbədə bu addım onların özünü ifşa edir. Guya Azərbaycanı sevirlər. Vətənpərvərliklərindən ölkəni vətən xainlərindən təmizləyirlər. Bunlar elə vətənpərvərdilər ki, bütün azərbaycanlıların hamısını qırmağa hazırdılar. Franko kimi, Hitler kimi, Stalin kimi, Müqabe kimi…

Biz tarixdə böyük millətsevərlərin nə etdiyini görmüşük, Əliyevlərdən də artıq heç nə gözləmirik.

Azərbaycanı sevmək onun insanını bir parça çörəyə möhtac etmək, bank kreditləri altında özünü asmağa, körpülərdən atmağa, yandırmağa vadar etmək deyil. Bu gün azərbaycanlıların sizdən istədiyi tək şey kənddə becərdikləri meyvə-tərəvəzi satmaq üçün Bakıya gətirməyə imkan verməyinizdir. Amma siz nə etdiniz? Maşınların dövlət nömrə-nişanları ilə irq yaradırsız, insanları ikiyə bölürsüz. Bakıya rus gəmlərinin girmək saatı da rayon maşınlarının girmək saatı ilə eynidirmi? Nə fikirdəsiniz, Bakını kimə təslim edəcəksiniz ki, azərbaycanlıları seyrəldirsiniz?

Azərbaycanı sevirsinizsə, büdcədə nazir övladlarının tikinti şirkətlərinə ayırdığınız pulların yarısı qədər bütün xalqın övladlarının təhsilinə pul ayırın. Bunu etsəniz, bilərik ki, bizdənsiniz.

Vətənpərvərsinizsə, Avropada peşkəş etdiyiniz kürünün dəyərinin yüzdə birini Gürcüstanda tövlədə dərs keçən azərbaycanlı uşaqlara xərcləyin, onlar da bilsin ki, dövlətləri var. Siz “yada yar, yara yağı” siyasəti aparırsız, işıq gələn yerə pambıq tıxayırsız.

Azərbaycanın ərazi-bütövlüyünü qeyd-şərtsiz dəstəkləyən platformaları tərk edirsiz. Nədir ki, sizə deyirlər, az yeyin, az dağıdın, vətəndaşınıza hörmət edin. Budurmu vətənpərvərlik?

Bugünlərdə Milli Məclis bir qərar qəbul edərək, jurnalistlərin cəbhə xəttinə getməsi barədə qaydalar müəyyənləşdirdi. Baxın, jurnalist bir xəbər arxasınca getmək üçün yeddi gün ərzində Müdafiə Nazirliyindən, daha yeddi gün isə Milli Təhlükəsizlik Nazirliyindən cavab gözləməlidir. MTN-lə razılaşsa, reportaj hazırlamağa gedə biləcək, əks halda isə yox. Bu, bir tərəfdən jurnalistin “verbovkası” üçün tələ rolunu oynayacaq. Digər tərəfdən, jurnalist hadisə yerinə ən tezi 14 gün sonra gedib çatacaq. Yəni “lələ köçüb yurdu qalandan” sonra.

Guya Kim Çen In necə eləyir ki? O da belə eləyir, amma daha açıq və təmiz formada. Yalnız öz adamlarına yazmaq icazəsi verir, qalanlarının sadəcə, əlini kəsir, güllələyir – Elmar kimi, Rafiq kimi, Rasim kimi.. Məncə, bu daha yaxşı variantdı.

Hələ onu demirəm ki, Azərbaycan kəlağayısını YUNESKO-da eksponat kimi qeydə aldırandan sonra qadınları həbs etdirməyə, şərləməyə, “bandotdel”ə aparmağa girişib. Doğrudanmı bizim ölkəmizdə namusun simvolu eksponat oldu? Budurmu azad söz? Budurmu insan haqlarının təntənəsi? Budurmu ağızdolusu danışdığınız mentalitet? Mən o qızları dindirən müstəntiqlərin yerinə utanıram.

Oturun düşünün, görün adınız hansı işlərin altında yazılır, imzanız haralara düşür, tarixə və övladlarınıza ləkə kimi, sizin özünüzə hansı mənəvi qiymət düşür? Mənim millətimin belə övladları olmamalıdır.

Bir ölkədə ki, milli pulun dəyəri az qala iki dəfə azalır, ölkənin rəhbəri isə durub deyir ki, “xalq bundan ziyan çəkməyəcək”, daha nə gözləmək olar? Bir də ağızdolusu dünyadakı inqilablardan, sosial fəlakətlərdən danışır və kimlərisə ittiham edir. Bu çıxışları edən neçə lider indi yoxdur?! Bu olanlardan dərs götürmək lazım deyilmi? Niyə ancaq inkar və ittiham yolu tutulur?

Bir ölkədə inqilab baş verirsə, sözsüz ki, onu ancaq o ölkənin xalqı edir. Əgər avanqard siyasi qüvvənin gücü çatırsa, onu müsbətə doğru istiqamətləndirir. Gücü çatmasa isə… nümunələr göz önündədir. Amma bütün hallarda diqqəti işin kökünə yönəltmək lazımdır. Məsuliyyət ədalətsiz idarəetmənin, zorakı idarəetmənin, dar dairənin maraqlarına xidmət edən siyasət yürüdənlərin, qısacası, inqilaba qədərki hakimiyyətin üzərinə düşür. Çünki xalqı onlar qəzəbləndirir, insanların səbrini onlar tükəndirir.

Tarix daşa yazılmış yazılar kimidir və hər kəsin həqiqi rolunu, məsuliyyətini özünə yazır. Bu gün isə tarixdən sürətlə dərs çıxarmaq lazımdır.

Bu yaxın aylarda iki diplomatımız rəsmən hakim siyasətə etiraz etdi. Bir diplomatın isə siyasi hakimiyyətə tabesizlik göstərdiyi barədə xəbərlər yayıldı. Diplomatlar Azərbaycan hökumətini tərk etdiyi zamanda Azərbaycan hakimiyyəti də Qərb siyasi platformasını tərk edir. Indi biz əsas iştirakçısı Ermənistan olan hərbi-siyasi platformalarda bərkiyirik. Hərçənd, bu platformaların özü nə qədər bərkdi, bilən yoxdu.

Hansı haqla ölkəmizi “batan gəmiyə” mindirirlər? Adamdan soruşmazlarmı ki, siz hansı ağılla, hansı niyyətlə, hansı strategiya ilə Putinin arxasınca gedirsiz? Məgər görmürsünüzmü ki, Putinin ləpirlərini palçıq doldurur? Bu bataqlığın üfunətini də hiss etmirsiz? Bu nə patologiyadır?!

Bütün bu olanlardan sonra özümə sual verirəm ki, mən harada olmalıyam? Ya bu qorxunc prosesin qarşısında, ya həbsxanada, ya da həyatını bu yolda itirmiş həmkarlarımın yanında. Sizcə, bunlara dözmək olarmı? Şəxsən mən təsəvvür etmirəm ki, ağlı və vicdanı yerində olan şəxs bu olanlara dözə bilsin. Mən türmədə xeyli məhbus görmüşəm, əksəriyyəti də Gürcüstan sərhədində tutulan zəhərdən ziyan çəkən gənclərdi. Onları müalicə etmək əvəzinə, həbs edirlər, analar və balalar gözü yolda qalır, insanların canı çürüyür. Buna dözmək olarmı? Mən də dözmədim və indi layiq olduğum yerdəyəm. Bu, taleyin mənə verdiyi ən gözəl qiymətdir.

Möhtərəm hakim! Bu fikirlər şəxsən sizə yönəlməyib. Özünüz də bilirsiniz ki, bu kimi şəraitdə və məhz bu prosesdə ədalətdən, azadlıqdan, qanunun aliliyindən danışmaq yersizdir. Bu gün mənim dostlarım Asif Yusifli, Rəşadət Axundov, Xədicə Ismayıl, Leyla Yunus, Intiqam Əliyev, Tofiq Yaqublu, Ilqar Məmmədov və sair sizdən azadlıq gözləmədikləri kimi, mən də gözləmirəm və istəmirəm. Bütün hallarda hökumətin mənə qarşı çirkin oyununda rol almış o gəncə də bundan sonra təmiz yaşamağı arzulayıram.

Gənclərimizi isə oxumağa, amma cəsarətlərini kitab tozları altında gizlətməmək üçün yeni kitablar oxumağa çağırıram. Əziz millətimiz isə düşünməlidir ki, ölkəmiz batsa, çəpərləri onları qorumayacaq. Vətən çəpərdən başlamır. Artıq qlobal dünyada çəpər sərhəddən başlayır. Ölkəni xilas etməsək, özümüzün xilasını düşünmək yalnız nağıl ola bilər. Taleyimiz öz əlimizdədir. Əlimizi əsdirməyək…”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar