Adətən seçki ilində büdcədən maliyyələşən təşkilatların əməkdaşlarının əməkhaqları artırılır. Əsasən parlament və prezident seçkiləri ərəfəsində baş tutan bu proses zamanı daha çox müəllim və tibb işçilərinin maaşlarında cüzi də olsa, dəyişiklik olurdu. Ölkədəki real ağır iqtisadi şəraitdə cüzi maaş artımı insanların həyatına hissolunacaq şəkildə təsir göstərməyib.
Maraqlıdır ki, seçki ərəfəsində bu ənənəvi maaşartırma prosesi nədənsə bu dəfə təkrarlanmadı. Parlament seçkilərinə düz bir ay vaxt qalıb. Amma hökumət hələ də büdcə təşkilatlarında çalışanların, o cümlədən müəllim və həkimlərin maaşlarının artırılması məsələsində susqunluq nümayiş etdirir.
Yeri gəlmişkən, 2016-cı ilin dövlət büdcəsi təsdiq edilərkən, bir sıra layihələr təxirə salınsa da, hökumət büdcənin sosial xərclər hissəsində azalmanın olmadığını bəyan etmişdi.
Ekspertlər də hesab edir ki, əməkhaqlarının qaldırılmaması gəlirlərin kəskin azalmasıyla bağlıdır. Ölkənin neftdən gələn gəlirlərinin azalması istənilən sahəyə təsir göstərir. Büdcəyə daxiolmaların azalması fonunda da maaşların olduğu kimi qalması təbiidir. Yaranmış vəziyyət hökuməti artım məsələlərində konservativ mövqe tutmağa məcbur edir. Başqa sözlə, hökumət riskə getmək istəmir.