Ağır dönəmini yaşayan Sərkisyan rejimi Azərbaycana meydan oxuyarkən kimə və nəyə arxayındır; “Səhra tülküsü”nü danışdıran hansı qüvvədir?; Hərbi və siyasi ekspertlər son durumu şərh edir...
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Silahlı Qüvvələrimizin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb. Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.
Məlumatda daha sonra deyilir ki, Azərbaycan Ordusu heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.
Düşmən ordusunun növbəti dəfə təxribata əl atması Ermənistan prezidenti Serj Sərkisyanın rəsmi Bakıya ünvanlı hədələrindən sonraya təsadüf edir. Bu da onu göstərir ki, cəbhədəki gərginlik və itkilər Sərkisyan rejiminin özünə lazımdır. Faktiki olaraq yaşanan gərginliklər erməni cəmiyyətinin anti-Sərkisyan aksiyalarını arxa plana keçirib. Erməni prezident BMT Baş Assambleyasının 70-cı sessiyasında çıxışı zamanı deyib ki, Azərbaycan “aqressiv siyasətini” dayandırmasa, Ermənistan siyasi və hərbi addımlara əl atacaq.
Bu fikirlər bir daha Ermənistanın işğalçılıq siyasətinin təsdiqidir. Lakin təəssüf doğuran budur ki, BMT-nin ali kürsüsündən cinayətlərinə haqq qazandıran işağlçı Ermənistanın liderinə təşkilat rəhbərliyindən Baş Assambleyasının kağız üzərində qalmış qətnamələrini xatırladan olmayıb. Yalnız Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sessiyanın ümumi müzakirələrindəki çıxışında düşmən ölkə rəhbərinin cavabını verib və qətnamələrə diqqət çəkib.
Nazir vurğulayıb ki, Ermənistan prezidenti müzakirələr zamanı saxtakarlıq, təhrif və yalan yığımından ibarət çıxışında reallıqda öz hökuməti tərəfindən məhəl qoyulmayan və əksinə gedilən prinsip və dəyərlər barəsində mühazirə oxumağa cəhd edib: “Beynəlxalq ictimaiyyət uşaq, qadın və ahıllar da daxil olmaqla, azərbaycanlı mülki şəxslərin Ermənistanın işğalçı qoşunları tərəfindən amansız qırğınını, Ermənistanda ölkənin bütün siyasi elitasını qətlə yetirməklə hərbi diktaturanın yaradılmasını və saxta prezident seçkilərinə etiraz edən dinc nümayişçilərin öldürülməsinin hələ də xatırlayır. Ermənistanın müharibəyə başlaması və Azərbaycana qarşı güc tətbiq etməsi, onun ərazisinin beşdə birini, o cümlədən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməsi, bir milyona yaxın azərbaycanlını öz evlərindən zorla qovaraq zəbt edilmiş ərazilərdə etnik təmizləmə həyata keçirməsi və münaqişə ərzində digər ağır cinayətlər törətməsi hamıya yaxşı məlumdur. Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı gücün tətbiqini və nəticə etibarilə, onun ərazilərinin işğal edilməsini davamlı olaraq kəskin şəkildə pisləyib.
*****
Elə beynəlxalq birliyin ikili standartları və işğalçı ilə yumşaq davranmağının nəticəsidir ki, işğalda iştirakçı olan erməni hərbçilər də növbəti dəfə Azərbaycana qarşı hədələyici tonda danışmağa başlayıblar. Əslində Haaqa Tribunalı qarşısında dayanmalı olan, Şuşanı işğal etmiş erməni generalı Arkadi Ter-Tadevosyan Azərbaycana qarşı təhdid dolu sözlər söyləyib. “Səhra tülküsü” ləqəbli erməni generalı Azərbaycanın irimiqyaslı müharibəyə hazırlandığını bildirib. Onun sözlərinə görə, sərhəddə vəziyyətin belə kəskinləşməsi geniş beynəlxalq rezonansı doğurub. Erməni cani hesab edir ki, əgər müharibə başlasa, Ermənistan Azərbaycan neft borularına raket zərbələri endirəcək və nəticədə Azərbaycan müharibəni uduzacaq. Ermənistanda boru və başqa obyekt olmadığını deyən general qəfildən barmağını dişdiyərək Atom Elektrik Stansiyasının olduğunu yadına salıb.
Arkadi Ter-Tadevosyan bildirib ki, əgər kimsə AES-i vursa burdan Ermənistan ciddi zərər görəcək. Ter-Tadevosyan ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də danışıb. O bildirib ki, Minsk Qrupunun Ermənistan və Azərbaycan arasındakı indiki ziddiyyətlərin həllini tapmaq üçün verdiyi bəyanatları qaneedici deyil:
“Azərbaycan Minsk Qrupunun formatını dəyişdirmək və yeni formata Türkiyəni daxil etmək istəyir, amma bu mümkün deyil. Bizim regionumuzda sülh Minsk qrupundan asılıdır. Türkiyənin Minsk Qrupuna daxil edilməsi Ermənistan üçün əlverişsiz şərait yaradar”.
Qardaş Türkiyədən Azərbaycana növbəti dəstək BMT tribunasından verilib. “Cənubi Qafqaz sülh, təhlükəsizlik və bölgəmizin rifahı baxımından əhəmiyyətli yer tutur. Lakin orada hələ də mövcud olan münaqişələr və qeyri-sabit vəziyyət bu regionu zəiflədir”.
Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində çıxışı zamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib. O, təəssüflə qeyd edib ki, Cənubi Qafqazdakı münaqişələr hələ də həll olunmamış qalır. A.Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə hörmət əsasında həll edilməsinin vacibliyini bildirib: “Biz Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında münaqişənin sülh yolu ilə həlli üçün səylərimizi əzmlə davam etdirəcəyik. Bu eynilə Gürcüstana da aiddir. Biz bu ölkənin də ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”. Yeri gəlmişkən, erməni KİV-ləri Davudoğlunun çıxışına həssas yanaşaraq Azərbaycana verilən dəstəyi tirajlayıblar.
***
Qeyd edək ki, sentyabr ayında iki qardaş ölkənin hərbçiləri genişmiqyaslı təlimlər keçirib. Üstəlik, oktyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır. Milli Məclis isə son plenar iclasında Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığı ilə əlaqədar mühüm məsələləri nəzərdə tutan bəyannaməni təsdiqləyib.
Bütün bunlar Azərbaycanın Qarabağı xilas əməliyyatlarında Türkiyənin imkanlarından da istifadə edəcəyi barədə məlumatların ciddiliyini artırır. Belə bir məqamda Türkiyə hökumətinin də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı narahatlığı dilə gətirməsi təbii ki, düşməni narahat edir. Təbii ki, regiondakı münaqişə ocaqları Türkiyəni də təhdid edir. Xüsusilə də PKK-nın sığınacaq kimi Qarabağ torpaqlarını münbit ərazi kimi görməsi təkcə Azərbaycan üçün təhlükəli perspektiv vəd etmir. Ancaq Ankaranın Qarabağdakı antiterror əməliyyatlarında iştirakı Türkiyənin NATO ölkəsi olması baxımından tam real sayılmır.
Politoloq Arzu Nağıyev mövqzunu şərh edərkən bildirdi ki, Türkiyənin baş naziri Əhməd Davudoğlulunun mövqeyi anlaşılandır: “Məlumdur ki, bir müddət əvvəl Türkiyənin regional münaqişələrin həllinə və digər proseslərə təsir mexanizmi daha güclü idi və hətta dünyanın super gücləri də ona dəstəkçi idilər. Lakin son vaxtlar Rusiyanın Suriya, İran və İraqla bağlı apardığı siyasət bu mövqeni nəzərə carpacaq dərəcədə zəiflətdi. Eyni zamanda daxildə baş verənlər, PKK-ya qarşı aparılan əməliyyatlar, İŞİD-lə mübarizə, seçkilər ərəfəsində baş verən terror aktları, yeni hökumətin formalaşmasında qarşıya çıxan çətinliklər da buna təsir etdi. Məlumdur ki, Türkiyə daim Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın bir saylı dəstəkçisi olub və Azərbaycanın leyhinə yüksək beynəlxallq tribunalardan fikirlər söyləyib, Ermənistanla məhz bu səbəbdən bütün təzyiqlərə baxmayaraq sərhədləri açmayıb”.
A.Nağıyev bu baxımdan BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Davudoğlunun çıxışını təqdirəlayiq sayır: “Baş nazir öz çıxışında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsinin vacibliyini vurğulamaqla, münaqişənin həllinə də diqqət yetirməyi məqsəduyğun sayıb. Bundan başqa Gürcüstan və ümumiyyətlə, Cənubi Qafqazla bağlı təhdidləri ön plana çəkməklə bir daha regional layihələrin məhz buna görə həyata keçmədiyini vurğulayır. Düşünürəm ki, Türkiyənin bu mövqeyi münaqişə ilə bağlı beynəlxalq təşkilatların işində müəyyən qədər dönüş yarada bilər”.
Yuxarıdakı faktlar bir daha onun təsdiqidir ki, ermənilər həm beynəlxalq kürsülərdə, həm də təmas xəttində təxribatlar seriyasını davam etdirirlər. Belə vəziyyətin böyük savaşla nəticələnəcəyini isə əksəriyyət real sayır. Xüsusilə də Azərbaycanın iki gün öncə hətta zenit-raket divizionunun təlimlərini keçirməsi müharibə ehtimallarının ciddiləşdiyini deməyə əsas yaradır.
***
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a cəbhədəki durmu şərh edərkən dedi ki, Azərbaycan dövləti və onun Silahlı Qüvvələri son vaxtlar çoxlarının yuxusuna haram qatıb: “Hara baxırsan təlaş, hara diqqət yetirirsən, Ermənistan daxil olmaqla havadarları qarışıq, narahatçılıq və əsəbilik var. Bəli, Azərbaycan müharibəyə hazırlaşır və bu proses o vaxta kimi davam edəcək ki, ərazi bütövlüyümüz tam bərpa edilməyəcək və suverenliyimiz təmin olunmayacaq. Bunun başqa adı yoxdur. Qarabağ münaqişəsi Azərbaycanın şərtləri çərçivəsində həllini tapmayacaqsa biz gecə-gündüz bu prosesi aparacağıq və bunu kimsə bizə qadağan edə bilməz. Bir neçə gün bundan öncə başa çatan möhtəşəm 65 minlik təlim toplanışı, indi də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti ”Buk-MB" zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları dediklərimizin tam sübutudur".
Hərbi ekspert bütün bunları normal sayır: “20 ildən çox müddətdə biz dözüm və səbr nümayiş etdirdik. Ancaq beynəlxalq qurumlar Ermənistanın işğalçı dövlət olmasını ona başa sala bilmədilər və hesab edirəm ki, yavaş-yavaş hər şey aydınlaşır və çoxdan gözlədiyimiz o məqam yetişir”. Ü.Cəfərov erməni prezidentin və generalın hədələrinə də reaksiya verdi: “Sözsüz ki, işğalçı tərəf də, onun havadarları da bərk narahatdırlar. Elə bu illər ərzində Azərbaycanın ünvanına saysız-hesabsız hədələr yağdıran o mənfur erməni generalı Arkadi Ter-Tadevosyan da gözəl başa düşür ki, Azərbaycan yaxın vaxtlarda çoxlarını şoka sala biləcək addım atmaqda tam israrlıdır. Adı da özünə layiq olan bu ”səhra tülküsü" ləqəbli erməni general da anlayır ki, Azərbaycanın hərbi sahədə atdığı bütün addımlar məhz müharibəyə, ərazilərin düşmən qüvvələrindən təmizlənməsinə hesablanıb. Bəzi ekspert və təhlilçilərin verdikləri açqılamalara da hörmətlə yanaşmaqla yanaşı, demək, istəyirəm ki, müharibə qərarı hardasa deyil, məhz Bakıda veriləcək. Buna heç kimin şübhəsi olmamalıdır. Bizim hərbi-siyası rəhbərlik qərar qəbul edəndə bunu heç kimdən soruşmayacaq, o cümlədən də Rusiyanın Ermənistandakı səfirindən də. Bu adamlar İrəvanda oturub rəsmi Bakının adından guya müharibə olmayacağı haqqında danışırlar. Özləri də yaxşı anlayırlar ki, söylədikləri sadəcə təmsil etdikləri ölkənin Ermənistanın yanında olması və onlara çətin vəziyyətdə hayan durmaqdan başqa bir şey deyil. Yaxşı olardı ki, onlar işğalçı dövlətin əhalisinə və siyasətçilərinə müraciət edəydilər ki, Azərbaycanın əsəbləri ilə oynamasınlar və Qarabağı, ətraf rayonları işğaıçı qüvvələrdən boşaltsınlar. Belədə isə, məsələ öz həllini tapmadığına görə, istənilən an müharibə riski qalır və bu təhlükə anbaan yaxınlaşmaqdadır".
Şübhə yoxdur ki, özünün ağır dönəmini yaşayan Ermənistan Rusiyaya arxalandığı üçün Azərbaycanın üstünə kükrəmək cəsarətində bulunur. Ancaq paralel olaraq Moskvanın Bakıdan qopardığı hansısa güzəştlər müqabilində ərazilərin müəyyən qisminin azadlığı üçün İrəvana təsir göstərəcəyi iddia olunur.
***
Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, qardaş ölkə Azərbaycana siyasi-diplomatik dəstəyini güclü şəkildə davam etdirəcək, beynəlxalq qurumlarda bizim mövqeyimizi dəstəkləyəcək: “Türkiyənin Azərbaycana müəyyən silah sistemləri satması da sirr deyil və Azərbaycan Türkiyə istehsalı olan istənilən silahı bundan sonra da ala biləcək, bu da məsələnin hərbi dəstək tərəfidir. Yəni Türkiyənin siyasi, diplomatik, mənəvi və müəyyən dərəcədə hərbi dəstəyinə həmişə ümid edə bilərik, lakin Türkiyə ordusunun ehtimal edilən müharibədə birbaşa iştirakından söhbət gedə bilməz”.