Ərgün Dilər
“Takvim”, Türkiyə, 27 may 2020-ci il
Hələ bayram öncəsi yazmışdım ki, İsrailin Çinlə yaxınlaşması və ABŞ-ın israrına rəğmən, bundan vaz keçməməsi çox önəmli bir hadisədir. Arxa planda Londonun təzyiqi olsa da, Təl-Əviv administrasiyasının bunu ABŞ-a, ABŞ-ın gizli prezidenti Pompeoya çatdırması əsla və qəti olaraq adi bir addım deyil. Bu, kartların necə qarışdırıldığının və paylandığının əlamətidir. Bu güc balansına görə çox şey baş verəcək. Sürpriz hadisələr olacaq.
Bu çərçivədə, ABŞ Xarici işlər naziri Pompeonun İsrail səfərinə dönək. Koronavirus pandemiyası dövründə rəsmi səfər etmək belə, İsrailin nə qədər önəmli olduğunu ortaya qoymaqdadır.
Bəllidir ki, Pompeo və “Dərin Amerika” Təl-Əvivi razı salmaq istəyirdi. Təzyiq də edirdi. Bu səbəblə, həmin səfər həyata keçirildi. Ağla gələn ilk sual budur: “İsraillə Çinin yaxınlaşması çox önəmlidirmi?” Əlbəttə. Təl-Əvivdə öldürülən Çinin İsraildəki səfiri Du Veyin may ayında keçirdiyi görüşlər sui-qəsdin səbəbini, eyni zamanda gərginliyin artdığı yeri açıqlayır. Ancaq o sui-qəsddən bir neçə gün öncəyə getməkdə böyük fayda vardır.
13 may 2020-ci il tarixdə ABŞ Xarici işlər naziri Pompeonu gətirən təyyarə Təl-Əvivdəki Ben-Qurion hava limanına endiyi zaman hər şey normal görünürdü. Pompeo addımını yerə atdıqdan qısa bir müddət sonra öz tvitter hesabından belə bir mesaj paylaşdı: ”İsraildə olmağımdan məmnunam. İki kritik təhdidlə – Covid-19 və İranla mübarizə aparırıq. İsrail və ABŞ bu çətinliklərə qarşı yan-yana duracaq”.
Ancaq əsil önəmli olan Pompeonun təyyarədən enmə anı idi. Pompeonun təyyarədən enərkən üzünə taxdığı maska mesajların ən dərinini daşıyırdı. Mənim kimi düşünən bir çox şəxsə görə də, Pompeo, Vaşinqton tarixinin ən təsirli diplomatıdır. Belə şərh verən bir çox şəxs var. MKİ-nin direktoru da olmuş olan Pompeo, üzündəki maska ilə ABŞ-İsrail ittifaqının önəmini bildirirdi. Maskanın üzərində ABŞ və İsrail bayraqlarının qarışığından ibarət olan bir naxış var idi. O, təyyarədən enər-enməz mesaj birbaşa müvafiq ünvana göndərilirdi.
ABŞ Xarici işlər naziri Pompeonun İsraildə çox önəmli təmasları oldu. O, İsraillə Çin arasındakı təmasların bitməli olduğunu aydın şəkildə dilə gətirdi. Ayrıca, Çinin səfiri Du Veyin həddini aşan görüşlər keçirdiyini paylaşdı. İsrailli vəzifəli şəxslərin “Kimlərlə görüşüb?” sualına “Siyahı əlimizdədir. Buna bir son verin” cavabını verdi.
Pompeonun yüksək tonla danışması və masaya aydın mövqe ilə gəlməsi ortada idi. Həmsöhbəti də Netanyahu deyildi. Çünki “Dərin Amerika”ya görə, Netanyahu ABŞ üçün “yox” kimi bir şeydir. Bu səbəblə, Pompeo, MKİ-nin Təl-Əvivdəki bürosunda keçirdiyi görüşlərdə Çinin Afrikadakı təsirinin azaldılmasını və səfir Du Veyin həmən deportasiya edilməsini israrla istədi. Ayrıca, Türkiyənin Orta Şərqdə atdığı addımlar, Misirdəki yeni dövr, Tunis və Əlcəzairlə bağlı yeni qərarlar, Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin Vaşinqtonun planlarını həyata keçirəcəkləriylə bağlı olan bütün məsələlər detallı şəkildə müzakirə edildi.
Ancaq Təl-Əviv administrasiyası öncəlikli olaraq Du Veyin deportasiya edilməsinin mümkün olmadığını Pompeoya söylədi. Pompeo da o anda, “O zaman biz deportasiya edərik” cavabını verdi. Və o cavab hələ də Təl-Əvivdə danışılır. Bəli, MKİ Du Veyi “deportasiya” etdi. Özü də hədəf olduğu bilindiyi və çox sıx şəkildə qorunduğu halda.
Du Veyin 7-10 may 2020-ci il günlərində İngiltərənin çox önəmli vəzifəli şəxsləriylə keçirdiyi görüşlər Vaşinqtonu narahat etmişdi. Koronavirus sonrası dövrdə qurulacaq yeni sistemin mərkəzində yer tutması planlaşdırılan Çinlə bağlı Londonun atdığı addımlar sıxlaşmışdı. Narahatlığın səbəbi bu idi.
Yenə Vaşinqtonla London arasında gedən mübarizəni görürdük. Bunu İsrail vasitəsilə də, Çin vasitəsilə də hiss edirdik. Pompeonun koronavirus pandemiyasının yaşandığı günlərdə rəsmi səfər həyata keçirməsinin səbəbi bu idi. Pompeo çox açıq danışdı. Ancaq İsrail də, Çin də Pompeonun bu addımlarını nəzərə almadı. Du Veyi ölümə aparan səbəb İngiltərənin vəzifəli şəxslərilə keçirdiyi fövqəladə görüşlər idi. İsrailin vəzifəli şəxsləri bu görüşlər haqqında Vaşinqtona məlumat verməmişdilər. Çünki Vaşinqton-Təl-Əviv xətti qopmuşdu. Bu da sıxıntının digər üzü idi. Pompeo son xəbərdarlığı etmək üçün 13 mayda Təl-Əvivə getmişdi.
İndi yeni bir dövr başlayıb. İsrail də panikadadır. Çünki Du Vey çox önəmli biri idi. Çinin İsraildən ilk tələbi Du Veyin yaxşı mühafizə edilməsi idi. İsrail Du Veyi qoruya bilmədi. Ancaq hələ ki, İsrail-Çin əlaqələri İngiltərənin dəstəyilə müsbət yöndə gedir. Lakin bunun nə qədər davam edəcəyini bilən yoxdur.
Çox yaxında çox önəmli daha bir sui-qəsdi də görə bilərik. Bu, mümkündür. Ehtimalı heç də az deyil. Vaşinqton bu dəfə daha təsirli olan simvolik bir şəxsi ortadan qaldıra bilər. Əgər bu, gerçəkləşərsə, İsrail Vaşinqton tərəfindən işğal edilənədək sui-qəsdlər davam edər. Qəribədir, ancaq dünyanın gəldiyi nöqtə budur. Balans pozulduğu halda, yenisi elə də asan qurula bilmir.
Təl-Əvivdə alınan, demək olar ki, hər bir qərar Londonun tələbiylə alınmaqdadır. Bunu ABŞ da, Çin də bilməkdədir. ABŞ üçün problem də elə tam buradadır. Bu durumun dəyişməsi üçün təzyiq etməkdədirlər. Sui-qəsdə rəğmən, İsrail İngiltərədən xəbərsiz addım ata bilməz. Durum belədir.
“Dərin Amerika” İsrailin bütün planlarına “bəli” dediyi halda, Londonun burada hələ də güclü olmasını anlamaqda çətinlik çəkir. Bu səbəblə, Vaşinqton strategiya dəyişikliyinə getdi, getməyə məcbur oldu. Du Veyə qarşı sui-qəsdə bu prizmadan baxmaq lazımdır.
Du Veyi MKİ-nin Təl-Əvivdəki əməliyyat qrupu deyil, Lenqlidən gələn xüsusi bir qrup ortadan qaldırdı. Çünki bu sui-qəsd çox gizli bir əməliyyat idi və düşünürdülər ki, MKİ-nin Təl-Əvivdəki mərkəzindən hansısa bir şəkildə məlumat sıza bilər. Alınan önləyici tədbirlər o qədər uğurlu olmuşdu ki, Təl-Əviv sui-qəsddən yalnız 4 saat sonra xəbər tutdu. Ancaq Du Veyin evindəki kamera sisteminin 21 dəqiqə ərzində qapadılması, villadakı bəzi sənədlərin də yox olması heç gündəliyə gəlmədi.
Koronavirus pandemiyasından sonra hər bir ölkənin mövqeyi dəyişəcək. Bunu görməkdə çətinlik çəkmirik. Çünki London mövcud mövqeyini qorumaq istədiyi halda, Vaşinqton yeni dünyaya tamamilə yenilənmiş ölkələrlə səyahət etmək istəyir. Qarşıdurma İsraildə belə, bu qədər açıq şəkildə baş verirsə, bir çox ərəb ölkəsində səssizlik hakim ola bilərmi? Bu, mümkündürmü? Əlbəttə, deyil.
Honkonqdan Çinə, Fransadan İngiltərəyə qədər hər bir dövlət müdaxilə ilə baş-başa qalacaq. Xüsusilə ABŞ-ın Fransa küçələrini qanlı bir şəkildə qarışdıracağı söylənməkdədir. Deyirlər ki, “Sarı jiletlilərin etdiyi kimi olmayacaq”. Pıçıltı ilə danışılsa da, iddia belədir.
İqtisadi çətinliklərlə birlikdə, küçə etirazları nəticə verərmi? Yeni sui-qəsdlər olarmı? Həlledici şəxslər ortadan qaldırıla bilərmi? Pulla əməliyyat keçirilərmi? Bunlara kim “xeyr” deyə bilər?Yeni güc balansı yaradılanadək savaş davam edəcək. Bu, dəqiqdir.
ABŞ-ın İsraillə qarşı-qarşıya gəlməsi və Vaşinqtonun Təl-Əvivi təhdid etməsi bir ehtimal olaraq dəyərləndirilirdimi? İki paytaxtın bir-birindən bu qədər uzaq düşəcəyini kimsə təxmin edə bilirdimi? Yeni güc balansının qurulması baxımından, İsrailin və dünya yəhudilərinin mövqeyi həyati önəm daşımaqdadır. Bunu da görəcəyik. Çox sürpriz şeylər olacaq.
Tərcümə Strateq.az-ındır