Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yaxın Şərqdə İran barmağı: "Ciddi qarşıdurma gözlənilir"

14-10-2023, 18:26   


Yaxın Şərqdə İran barmağı: "Ciddi qarşıdurma gözlənilir"


İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriya Prezidenti Bəşər Əsədin qəbulunda olarkən diplomatik normalardan kənara çıxaraq İsrailə hücumla bağlı siyasi sirrin üstünü açıb.

“Müqavimət bütün mümkün ssenariləri əvvəllər nəzərdən keçirib və tam hazırdır və yüksək əhval-ruhiyyəyə malikdir” - deyən nazir sonra “Ssenarini əvvəldən hazırlamışıq” fikrini söyləyib.

Abdullahianın bu açıqlamanı təsadüfən ağzından qaçırtdığı, yoxsa bilərəkdən dediyi məlum deyil. Bütün hallarda o, Yaxın Şərqdəki müharibə və terror ssenarisinin İran tərəfindən hazırlandığını rəsmən etiraf edib. 

Bu isə İranın İsrailə qarşı müharibə və təxribat planlarının hələ davam edəcəyindən xəbər verir. Abdullahianın açıqlaması çox güman ki, təsadüfi səsələnməyib və daha çox həm də İsrailə, həm də onu dəstəkləyən dövlətlərə təhdid məqsədi daşıyır.

İranlı nazirin Beyruta, Bağdada və Dəməşqə səfərlərindən sonra “Mən onlara dedim ki, sionistlər müharibə cinayətləri törətməkdə davam etdikcə, digər müqavimət hərəkatlarının müharibəyə girə bilməsi üçün hər cür şans var” - deməsi rəsmi Tehranın İsrailə qarşı cəbhəni genişləndirmək niyyətindən xəbər verir. 

Görünür, İran rejimi Suriya ərazisindən, “Hizbullah” vasitəsilə Livandan, “Həşti-Şəəbi” və “Kətaib Hizbullah” terror qruplaşmalarının əli ilə İraqdan İsrailə qarşı zərbə endirmək niyyətindədir. 

“Kətaib Hizbullah” İraqda və bütün regiondakı ABŞ hərbi bazalarını vurmaqla hədələyib. Bu isə İranın hədəfinin yalnız İsrail olmadığını, ABŞ-ın hərbi bazalarına da hücum gözlənildiyini deməyə əsas verir. 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Hüseyn Əmir Abdullahianın Livan, İraq və Suriyaya səfərləri İsrailə qarşı yeni cəbhənin formalaşmasına hesablanıb:

“Rəsmi Tehran İsrailin İrana qarşı mümkün hücumlarının qarşısını Livanda, Suriyada və İraqda almağa çalışır. Ona görə də Livandan və Suriyadan “müqavimət” adlandırdığı cəbhə açmaq səylərini gücləndirir.

Xüsusilə də “Hizbullah”ın və Livanın bu prosesə çox qarışmaq istəmədiyi müşahidə olunur. Amma İran bunda israr edir. Hesab edirəm ki, Abdullahian siyasi səhvə yol verməyib və real vəziyyəti danışıb. 

Abdullahian kifayət qədər təcrübəli siyasətçidir və İranın mövqeyini ortaya qoyub. Aydın görünür ki, HƏMAS-ın müharibə ssenarisini İran hazırlayıb. Lakin İranın İsrailə qarşı yeni hücum əməliyyatına başlaması mümkün olmayacaq. Nə Suriyanın, nə Livanın, nə də İraqın belə bir hərbi potensialı yoxdur. 

Sadəcə olaraq, İran Yaxın Şərqdəki terror qruplaşmalarından istifadə edəcək. Göründüyü kimi, Yaxın Şərqdə İran, İsrail və ABŞ arasında ciddi qarşıdurma gözlənilir. Burada zəif nöqtə İrandır. Rəsmi Tehran proksi qruplar vasitəsilə İsrailə və ABŞ-a qarşı müqaviməti gücləndirə bilməyəcək. 

Nəticədə, İranın Yaxın Şərq siyasəti iflasa uğrayacaq. İran bunu görürü və artıq tədbirlərə əl atmağa başlayıb”. 

Müşfiq Abdulla
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar