Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qızılca artıq Bakıda da sürətlə yayılır, daha bir virus isə...

28-11-2023, 13:16   


Orta məktəblərlə yanaşı, ali təhsil ocaqlarında da yoluxmalar var; həkim Qoşqar İsmayılov: “Peyvənd olunmurlar, xəstəliyi bağçalara, məktəblərə daşıyırlar”

Azərbaycanda qızılca virusu getdikcə daha da geniş ərazilərə yayılmaqdadır.

Artıq Bakıda da təhsil ocaqlarında qızılca virusu aşkarlanıb. Belə ki, Azərbaycan Texniki Universitetində ümumilikdə 8 tələbə qızılcaya yoluxub. Bu barədə mediaya universitetdən məlumat verilib. Bildirilib ki, həmin tələbələr izolyasiya olunublar. “Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib”, - deyə qeyd edilib.

Eyni zamanda Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Mərkəzi Aran Regional Təhsil İdarəsindən mediaya bildirilib ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb: “Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraitdə davam etdirilir, vəziyyətləri stabildir.

Həmçinin təhsil müəssisələri arasında kəskin yoluxma halı baş verdiyi təqdirdə müvafiq səhiyyə qurumu (Gigiyena və Epidemiologiya Mərkəzi) və aidiyyəti yerli təhsili idarəetmə orqanı (Mərkəzi Aran RTİ) tərəfindən müvafiq addımlar atılacaq. Hazırda kəskin yoluxma faktı olmadığı üçün həmin ümumi təhsil müəssisələrinin bağlanılması ilə bağlı qərar qəbul edilməyib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi hazırda aidiyyəti olaraq ümumi təhsil müəssisələrinə müvafiq tapşırıqlar verib, xəstəliyin simptomları aşkar olunan şagirdlərin dərhal xəstəxanaya müraciət etməsi, eyni zamanda qızılca əleyhinə peyvənd olunmaları tövsiyə olunub".

Yada salaq ki, ötən ay Şəki Şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyəti müvəqqəti dayandırılmışdı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bundan əlavə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialının üç tələbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) isə bir tələbəsində qızılca aşkar edilib.

Valideynlər isə bildirirlər ki, hətta qızılca peyvəndini etsələr belə uşaqları virusu ağır keçirirlər, bəs bu nə ilə əlaqədardır?

Bu arada, sosial şəbəkələrdə valideynlər övladlarında naməlum virusun olduğu ilə bağlı şikayətlərini də bildirirlər. Bildirilir ki, qusma ilə özünü göstərən xəstəliyi uşaqlar çox ağır keçirirlər. “Üç gündür ki, nə gecəmiz var, nə gündüzümüz. Əlamətləri isə rota virusdan tam fərqlidir. Nə ishal var, nə də qızdırma. Sadəcə, halsızlıq və durmadan qusma. Bir saatın içində demək olar ki, 15-20 dəfə qusma baş verir. Artıq  vəziyyət o həddə çatır ki, ağızdan qan gəlməyə başlayır. Həkimin bildirdiyinə görə, ölkədə yeni yayılan virusdur və Fransa mənşəlidir. Uşaqlara diqqət edin”, deyə  valideyn bildirir.

Övladları oyun xəmiri və “slaym”larla oynayanların DİQQƏTİNƏ! – Bu  xəstəliklər var

Qoşqar İsmayılov 

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Terapevtik Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri Qoşqar İsmayılov mövzu ilə bağlı “Yeni Müsavat”ın bu və digər suallarını cavablandırıb. O deyib ki, iki aydır uşaqlar arasında qızılca virusu geniş vüsət alıb: “Bunun ən başlıca səbəbi peyvəndlərin vaxtında vurulmamasıdır. Peyvənd olunmurlar. Xəstəliyin bağçalarda, məktəblərdə yayılmasına səbəb olurlar. O ki qaldı uşaqlarda qusma, mədə-bağırsaq sistemi xəstəlikləri, bu da son dövrlər çoxalıb. Lakin mən təcrübəmdə qusma nəticəsində ağızdan qan gəlməsinə rast gəlməmişəm. Əksər uşaqlarda qusma, qarıngetmə , qarında güclü ağrılar, bağırsaqda güclü spazm müşahidə edilir ki, bu da  altı aylıq uşaqdan tutmuş, daha böyük uşaqlarda da görünür. Bunun əsas səbəbi adenaviruslardır. Bəzən də bu qeyri-infeksion xəstəliklə bağlı olur. O ki qaldı tədris müəssisələrinin karantinə bağlanması məsələsinə, yoluxma hələ o səviyyədə artmayıb ki, bağçalar, məktəblər bağlansın”.

Onu da nəzərə çatdıraq ki, qızılca ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb.

Onu da qeyd edək ki, yaxın günlərdə uşaqlar arasında hepatit A virusu da aşkarlanmışdı. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar