Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin üçün KRİTİK seçki həftəsi: Qərb Moskvada terror anonsu verir, Patruşev isə Qafqazda xaos...

13-03-2024, 08:19   











Bu həftəsonu Rusiya prezident seçkisinə gedir.   Üç gün ardıcıl olaraq səsvermə keçiriləcək. Anaxeber.info bildirir ki, siyasi elitada bir narahatlıq var. Bu da seçki günləri ölkədə destabilizasiya yaranacağı qorxusudur. Müharibə şəraitində seçkiyə gedən hakimiyyət Qərbdən təhlükə gözləyir. Kreml sarayı daxildə iğtişaşlar, xaos, qarışıqlıq ola biləcəyi əndişəsindədir. Ötən həftə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıq şəkildə bəyan etdi ki, Qərb seçkiyə müdaxilə etmək, Şimali Qafqaz və federal ərazilərdə informasiya təbliğatı ilə qarışıqlıq yaratmağa çalışır. Xarici İşlər Nazirliyindən Mariya Zaxarova da buna bənzər ifadələr işlətdi. Əslində seçkinin sakit və Putin üçün həzm-rabedən keçiriləcək proses olacağı göz qabağındadır. Onun rəqibləri də Kremlin "cib müxalifəti"dir. Sadəcə, Rusiya iqtidarı üçün əsl müxalifət Qərbdir. Putin hakimiyyəti işarəni oradan gözləyir. Eyni zamanda, seçkinin nəticələri tanınmaya bilər ki, bu da üzərində həbs orderi olan Putini qeyri-legitim prezident kimi qəbul olunacağı deməkdir. Ancaq Qərb nə planlaşdırır: Kreml sarayında çevriliş, yoxsa kataklizm? Buna nail ola bilərmi?

Yeri gəlmişkən, müxalif internet resursları Vaşinqtonun təhriki ilə rusları prezident seçkisini boykot etməyə çağırır.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb. ABŞ həmçinin aparıcı İT mütəxəssislərinin iştirakı ilə uzaqdan elektron səsvermə sisteminə kiberhücumlar həyata keçirməyi planlaşdırır. Bu cür təxribatla seçicilərin əhəmiyyətli hissəsinin səslərinin hesablanmasını qeyri-mümkün etmək istəyirlər. Bundan əlavə, Bayden administrasiyası Amerika QHT-lərinin qarşısına seçkilərin nəticələrini şübhə altına almaq üçün martın 15-17-də keçiriləcək səsvermədə seçici fəallığını azaltmaq vəzifəsi qoyub.
Həmçinin, ABŞ və Böyük Britaniya “Rusiyada terror” xəbərdarlığı edir.
ABŞ-nin Rusiyadakı səfirliyi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib. Digər dövlətlər də bu çağırışa qoşulublar. 
Təxminən eyni gündə Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada sinaqoqlara hücum hazırlamaqda şübhəli bilinən “İslam Dövləti” (İŞİD) terror qruplaşması üzvlərinin zərərsizləşdirdiyini elan edib. Siyasi şərhçi Aqşin Kərimova görə, bu hadisə və xəbərdarlıqlar Rusiyada prezident seçkisi öncəsi kəşfiyyat hazırlıqlarının qiymətləndirilməsinə əsas verir. Vaşinqton və Londondan gələn siqnallar Rusiyada böyükölçülü terror aktlarının törədilməsi planlarını göstərir. Hərçənd ki, ABŞ və Böyük Britaniyanın Rusiyada hazırlanan terror barədə kəşfiyyat məlumatlarını müxtəlif kanallar vasitəsilə Moskva ilə bölüşdüyü istisna edilməməlidir. Çünki ekstremist təşkilatlar, o cümlədən İŞİD Rusiya ilə yanaşı Avroatlantik məkanın da təhlükəsizliyinə təhdiddir.
Hər halda, bu xəbərdarlıqlar üç nöqteyi-nəzərdən diqqət mərkəzində saxlanıla bilər. Birincisi, Rusiyada hər hansı təxribat Kremlin Ukraynada başlatdığı müharibəyə daxildə hazırlanan cavab kimi başa düşülə bilər. Yəni mümkün terror aktlarının hazırlanması Rusiyanı Ukraynada apardığı hərbi kampaniyadan çəkindirmək narrativlərinə malikdir.
İkincisi, Rusiyada prezident seçkisində ölkə başçısı Vladimir Putinin qələbə qazanmaq ehtimalının yüksək olması Moskvanın Ukraynada hərbi imkanlarını tədricən genişləndirmək perspektivini ortaya qoyur. Çünki seçkinin nəticələrindən sonra Kreml Vladimir Putinin qələbəsini əlamətdar hadisə kimi qiymətləndirmək təbliğatını aparacaq. Ardınca isə Rusiyanın Ukrayndakı uzunmüddətli müharibə səylərinə əlavə daxili dəstək qazandırılması istiqamətində təşəbbüslər gözə çarpacaq.
Üçüncüsü, Rusiyanın daxilində terror aktları ilə etirazlar yaradıb onları yönləndirmək gündəliyi masada ola bilər.
Ancaq konkret olaraq bu planların müəlliflərin hansı qüvvələr olduğunu müəyyən etmək də çətindir. Proqnozlaşdırmaq olar ki, seçki ərəfəsində Rusiyada irili-xırdalı təxribat cəhdləri görünəcək. Bu amil Rusiyanın xarici təhdid mövzusundakı çağırışlarının təkrarlanmasına gətirib çıxara bilər.  

Anaxeber.info 
Azər Talıbov

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar