Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Blinken və Əliyev təkcə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməyiblər

4-04-2024, 08:49   


Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Antoni Blinken deyib ki, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycanda narahatlıq doğurduğuna dair xəbərlər alıb, bu xüsusda İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib sayıb.

Bildirildiyinə görə, dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

“Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub ” - mətbuat xidmət bildirir.

Məlumatda habelə qeyd olunduğuna görə, telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh danışıqlarına dair müzakirə aparıldığı da bildirilir.

Açıqlamaya görə, İlham Əliyev deyib ki, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamlar tamamilə əsassızdır.

Vaşinqtondan verilən məlumat

ABŞ Dövlət Departamenti: “Dövlət katibi Azərbaycanı... haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb”

ABŞ Dövlət katibi Antoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığı barədə rəsmi Vaşinqton da məlumat yayıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bəyanatında bildirilir ki, dövlət katibi ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayaraq, enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini barədə danışıb.

Onun sözlərinə görə, Dövlət katibi Blinken və Prezident Əliyev bütün bölgənin iqtisadi faydalanmasına zəmin yaradan, Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsinin vacibliyini müzakirə ediblər.

“Sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayan Dövlət katibi Blinken, istənilən tərəfin nümayiş etdirdiyi aqressiv fəaliyyətlərin və ritorikanın sülh perspektivlərinə xələl gətirdiyini qeyd edib. Dövlət katibi həmçinin Azərbaycanı üzərinə götürdüyü insan hüquqları və əsas azadlıqlara dair beynəlxalq öhdəliklərə əməl etməyə, haqsız yerə həbs edilən şəxsləri azad etməyə çağırıb”, bəyantda vurğulanır.

Son günlər Azərbaycan Ermənistan sərhədində atəşkəsin pozulmasına aid məlumatlar yayılıb.

Tərəflər buna görə, bir-birlərini qınayırlar.

Son aylar Azərbaycanda 20-ə yaxın jurnalist, ictimai fəal həbs edilib. Onlara qarşı əsasən qaçaqmalçılıq ittihamı verilib. Amma onlar bu ittihamı, qəbul etmir, onu siyasi sayırlar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslər barədə deyilənləri qəbul etmir.



Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən narahatdır

"Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur. Çünki ABŞ, Avropa İttifaqı (Aİ) nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti ancaq və ancaq Rusiyaya qarşıdır. Düz mətnlə belə deyirlər".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib. O, aprelin 5-də gözlənilən Ermənistan-Aİ-ABŞ görüşü ilə bağlı Telegram-da paylaşım edib.

"Rəsmi Yerevanın söhbətin nədən getdiyini anlamamazlığa vurması böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin son dərəcə təhlükəli planlarının reallaşdırılması alətinə çevrilir. Hansı ki, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir", - M.Zaxarova iddia edir.

Dövlət Departamenti Bakının tənqidi ilə razılaşmır

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) aprelin 5-də Brüsseldə keçiriləcək Paşinyan-Blinken- Ursula fon der Leyen görüşündə Ermənistan-Azərbaycan məsələlərinin də müzakirə olunacağını istisna etmir. Lakin ABŞ rəsmisinin sözlərinə görə, bu məsələ iclasın əsas gündəliyində yer almır: "Görüşdə əsas diqqət Ermənistana ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyacları ödəməyə kömək edəcək iqtisadi dayanıqlılığa yönəldiləcək".

M.Miller Azərbaycanın Brüsseldə görüşünün Ermənistanla gərginliyə səbəb ola biləcəyi ilə bağlı bəyanatı ilə razılaşmayıb: "Başa düşmürəm, niyə bu, gərginlik yaratmalı və ya hər hansı ölkədə narahatlıq doğurmalıdır?".

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan dünən, martın 27-də rəsmi Bakının bəyanatına cavab verərək Azərbaycanın "mümkün təxribat" üçün zəmin hazırladığını istisna etməyib.



Yerevan Bakının ittihamlarına cavab verir

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş Ermənistan-Avropa İttifaqı-ABŞ arasında əməkdaşlığın gücləndirilməsinə həsr ediləcək və heç bir üçüncü tərəfə qarşı yönəlməyəcək.

Bakının Ermənistanı vəziyyəti sabitsizləşdirməkdə və qeyri-konstruktivlikdə ittihamına cavab olaraq həmin ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan habelə bildirib ki, onlar sülh müqaviləsini dərhal imzalamağa, sərhədin demarkasiyasını və kommunikasiyaların açılmasını Azərbaycanla razılaşdırılmış prinsiplər əsasında həyata keçirməyə hazırdırlar: "Təəssüf ki, Azərbaycan tərəfi Avropa İttifaqı və ABŞ-ın vasitəçilik təkliflərinin davamlı rədd edilməsi də daxil, müxtəlif bəhanələrlə sülh prosesini əngəlləyir, ləngidir".

Bakı Paşinyan-fon der Leyen-Blinken görüşünü 'qərəzli' sayır

Rəsmi Bakı Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyası sədrinin aprelin 5-də Brüsseldə gözlənilən görüşünü "qərəzli, ikili standartlara əsaslanan" sayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qeyd edib ki, sözügedən görüş "tam şəffaf şəkildə keçirilmir, ... regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna, inteqrasiyaya ziddir".

"Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", - Azərbaycanın xarici siyasət idarəsindən bildirilib.

Habelə vurğulanıb ki, "Revanşist əhval-ruhiyyə fonunda... bu kimi açıq ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər".

Bakı bəyan edib ki, Aİ və ABŞ bu halda Ermənistanın sabitliyi pozan istənilən hərəkətinə görə məsuliyyəti bölüşür.



Paşinyan, Ursula fon der Leyen və Blinken görüşəcək

Aprelin 5-də Ermənistan baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər. Onların Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə edəcəkləri gözlənir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, tədbir ölkəsinin müqavimətini gücləndirmək məqsədi daşıyır. O, digər təfərrüatları açıqlamayıb, yaxın vaxtlarda görüş ilə bağlı daha ətraflı danışmaq imkanının olacağını bildirib.

2023-cü il oktyabrın 5-də Paşinyan Qranadada Ursula Von der Leyen ilə görüşüb. Həmin görüşdə Qarabağ ermənilərinin regiondan köçü nəticəsində yaranmış vəziyyəti və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyi ilə bağlı məsələləri müzakirə edib. Avropa Komissiyasının sədri baş nazirə deyib ki, Aİ ABŞ ilə birlikdə Ermənistana dəstək üçün birgə toplantı təşkil edəcək.

"Bu, Ermənistanla ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi üçün ilk addımdır. Avropa və Ermənistanın uzun, zəngin ümumi tarixi var. Bu ümumi tarixdə yeni səhifənin açılmasının vaxtı çatıb", - o bildirmişdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar