Anar Məmmədovu prezidentin qatıldığı qolf klubunun açılışına niyə çağırmadılar?; nazirin qardaşı “ölkədə çaxnaşma yaratmaq istəyənlər var” dedi
Bakıda oğlu Anar Məmmədov prezidentin qatıldığı Qolf klubunun açılışına dəvət almadığı bir vaxtda nəqliyyat naziri Ziya Məmmədov Göyçayda pul paylayır. Yerli mənbələrdən redaksiyamıza daxil olan xəbərdə deyilir ki, Ziya Məmmədov növbəti əmək məzuniyyətini ata yurdu Ucarda keçirir. Mənbəmiz iddia edir ki, 2 gün əvvəl Ziya Məmmədov Ucardan Göyçaydakı Hüngütlü kəndindəki imarətinə gəlib. Ucarla Göyçay rayonunu birləşdirən yolun kənarında nazir camaata pul paylayıb.
Qaynağımız iddia edib ki, idmançı geyimində olan nazir mühafizəçilərsiz olub, maşını özü idarə edib. Yol kənarında xırda ticarətlə məşğul olan şəxslərlə təmas quraraq onlara 50 və 100 manat paylayıb. Rayonun mərkəzində isə nazirin tikilməkdə olan bir evin sahibinə 500 manat verdiyi də bildirilir.
Oktyabrın 4-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər. Həmin tədbirdən yayılan fotolarda Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov gözə dəyməyib. 2012-ci ildə Azərbaycan Qolf Federasiyasını yaradan, böyük təmtəraqla ictimaiyyətə təqdim edən Anar Məmmədovu isə oktyabrın 4-də, dövlət başçısı və xanımının baş çəkdiyi “Xəyal Adası”nın Qolf klubuna dəvət etməyiblər. Qolf klubunun binasında Prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb. Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri və Qolf Akademiyasında təhsil alanlarla da görüş olub. Bu görüşlərin heç birində Anar Məmmədov olmayıb. Ziya Məmmədovun oğluna belə bir mühüm tədbirdə ölkə rəhbərliyinin yanında görünmək haqqı niyə tanınmayıb?
Yada salaq ki, A.Məmmədov Azərbaycanda Qolf Federasiyasının, daha sonra isə Qolf Akademiyasının yaradılmasında əsas təşəbbüskar olub. 2013-cü il oktyabrın 2-də Azərbaycan Qolf Federasiyasının inzibati binasının və Qolf Akademiyasının açılış mərasimi keçirilib. Anar Məmmədov gənclər və idman naziri Azad Rəhimovla birgə təntənəli açılışı bildirən qırmızı lenti də kəsiblər. 2 il sonra, 2 gün fərqlə düzənlənən tədbirə Anar Məmmədovun dəvət olunmaması haqlı suallar yaradır.
Baş verənlərə A.Məmmədovun özünün münasibətini öyrənmək üçün sahibi olduğu “Garant Holdinq”lə əlaqə saxladıq. Anar Məmmədovla danışmaq istədiyimizi öyrənən köməkçi xanım bir neçə dəfə kimliyimizi dəqiqləşdirəndən sonra “birləşdirirəm” deyib dəstəyi asdı. Xəttin əks tərəfində nazir oğlunun səsini eşidib suallarımızı ona vermək xoşbəxtliyi bizə nəsib olmadı.
Qolf Federasiyasının prezidenti olan Anar Məmmədovla bağlı yazılara operativ reaksiya verən “Garant Holdinq”in hüquqşünası Ruslan Məmmədov da zəngimizi cavabsız buraxdı. Holdinqin digər hüquqşünası Nihat Axundov isə israrlı zənglərimizə cavab vermədi.
***
Bu arada, yayılan xəbərlərdə Ziya Məmmədovun avtobaza müdiri işləyən qardaşı Loğman Məmmədovun vəzifəsindən çıxarıldığı, bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edildiyi qeyd olunur.
Nəqliyyat nazirinin qardaşı Elton Məmmədov yayılan xəbərlərə müsibət bildirib. E.Məmmədov axar.az-a bunları deyib: “Loğman işdən çıxarılmayıb, hazırda işinin başındadır. Bacım da, qardaşım da öz iş yerlərindədirlər. Bu yalan xəbərləri yazanlar Məmmədovlara qarşı yox, dövlətə, Azərbaycana qarşı bu addımı atırlar. Ziya Məmmədov prezidentin sərəncamı ilə nəqliyyat naziri vəzifəsinə təyin olunub”.
E.Məmmədov qardaşı Ziya Məmmədovun əmək məzuniyyətində olması haqda xəbərləri təsdiqləyib: “Ziya Məmmədov hazırda əmək məzuniyyətindədir. Ziya Məmmədov da, onun yaxınları da dövlətə, xalqa, prezidentə sadiq insanlardır. Ancaq ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq istəyənlər bu yalan xəbərləri yayırlar”.
Maraqlıdır, Azərbaycan Qolf Federasiyasının prezidentinin qolf klubunun açılışına dəvət olunmaması haqda yazılanlar nə vaxtdan sabitliyi pozan xəbər olub?
Və ya nazirin qardaşı və bacısının işdən çıxarılması xəbəri ölkədə sabitliyə necə təsir edə bilər?
musavat.com
E.MƏMMƏDƏLİYEV