LDPR lideri Vladimir Jirinovski Türkiyəni raket nüvə zərbəsi ilə sarsıtmağı təklif edib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rusiyalı siyasətçi Türkiyənin ən böyük şəhəri olan İstanbuldan başlamağı tövsiyə edib.
“İstanbulu məhv etmək çox asandır. Boğaza bircə nüvə bombası atsan, kifayətdir. Dalğalar bu şəhəri yuyub aparacaq. Bu zaman dəhşətli daşqın olacaq. Dalğaların hündürlüyü 10-15 metri aşacaq. Şəhər məhv olacaq. Burada isə 9 milyon adam yaşayır” - deyə Jirinovski “dahiyanə” ideyasını şərh edib.
LDPR liderinin sözlərinə görə, Türkiyənin NATO üzrə müttəfiqləri də bu məsələyə qarışmayacaqlar, çünki onlar “bu nüvə yanğınında kül olmaq istəməzlər”.
Jirinovski deyib ki, Türkiyə hazırda Rusiyanın bir nömrəli düşmənidir: “Türkiyə rəhbərliyi hazırda dəhşət içindədir. Onlar nə baş verdiyini anlamırlar. Onların yerinə olsaydım, Türkiyəni sarsıdacaq dəhşətli zərbədən qorxardım. Prezident bir axmaq hərəkət edirsə, bütün ölkə məhv ola bilər”.
Virtualaz.org