Türkiyənin qalmaqallı kürd vəkili niyə öldürüldü – fərqli baxış ( operativ şərh)

28-11-2015, 21:45   
Türkiyənin qalmaqallı kürd vəkili niyə öldürüldü – fərqli baxış ( operativ şərh)
Tahir Elçinin gündüz vaxtı, Diyarbəkrin mərkəzində, hər kəsin gözü önündə öldürülməsi bölgənin qarışdırılmasına hesablanıb

Şənbə günü Türkiyənin Diyarbəkr vilayətinin mərkəzində daha bir terror aktı törədilib. Diyarbəkrin şəhər mərkəzində tarixi abidə, şəhərin simvollarından olan dörd ayaqlı minarənin zərər görməsi ilə bağlı piket keçirərək, minarə qarşısında açıqlama verən Diyarbəkr Vəkillər Kollegiyasının sədri Tahir Elçi naməlum şəxslərin hücumuna məruz qalaraq, öldürülüb.
Bu hadisənin arxasınca meydanda atışma başlayıb və nəticədə bir polis də şəhid edilib, 3 nəfər isə yaralanıb. Bu hadisədən sonra şəhərdə valiliyin əmri ilə fövqəladə vəziyyət elan edib, küçəyə çıxmaq qadağan olunub.

Ağır yaralanan Tahir Elçi xəstəxanaya aparılıb və orda keçinib. Qeyd edək ki, 1992-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olan Elçinin Almaniyada kurslarda təhsil aldığı və bölgədə ən tanınmış vəkil olduğu bildirilir. Tahir Elçi öldürülmədən az əvvəl etdiyi çıxışında “bu, bir tarixi bölgədir, bir çox mədəniyyətlərə beşiklik edib, ev sahibliyi etmiş qədim bir bölgədir. İnsanlığın bu ortaq məkanında silah, toqquşma, əməliyyatlar istəmirik. Savaşlar, toqquşmalar, silahlar, əməliyyatlar bu sahədən uzaq saxlanılsın deyirik”.



Tahir Elçi bir qədər əvvəl CNN telekanalında Ahmed Hakanın verilişində iştirakı zamanı PKK-nın terror təşkilatı olmadığını, siyasi bir hərəkat olduğunu deməsi böyük bir qalmaqala səbəb olmuşdu. Daha sonra Elçi bu sözlərinə görə həbs olunmuşdu.

Tahir Elçiyə qarşı noyabrın 28-də həyata keçirilən sui-qəsdlə bağlı ilkin olaraq müxtəlif versiyalar ortaya çıxıb. DHA müxbiri Felat Bozarslan hadisə şahidlərinə istinadən saqqallı bir şəxsin toplanmış insanlara yaxınlaşaraq atəş açdığını və bu zaman T.Elçi vurulduğu xəbərini yayıb. Ancaq atışma bir müddət davam etdiyi üçün T.Elçi və digər yaralı, Anadolu Agentliyi müxbiri Aziz Aslanı xəstəxanaya vaxtında çatdırmaq mümkün olmayıb.



Ancaq Anadolu Agentliyi Tahir Elçinin PKK terrorçularının hücumu nəticəsində öldürüldüyü haqda məlumat yayıb. Rəsmi məlumatda isə vilayət prokurorluğunda cinayət işi başlandığı və araşdırma getdiyi bildirilir. Hələlik rəsmi olaraq cinayətin hansı qurum tərəfindən törədildiyi dəqiq deyil.



Bu olayın bir neçə məqamı çox diqqət çəkir. Tahir Elçi PKK-ya simpatiyasını gizlətməyən bir şəxs olub. Təbii ki, 23 ildir Diyarbəkirdə vəkillik fəaliyyəti ilə məşğul olan və Vəkillər Bürosuna rəhbərlik edən bir şəxsin bölgədə müəyyən nüfuzu vardır. Belə bir şəxsin öldürülməsinin ilk hədəfi təbii ki, bölgədə gərginliyi artırmağa hesablanıb. Çünki qətlin səbəbi qisas və ya düşmənçilik olsaydı, bunu nümayişkaranə şəkildə meydanda, hər kəsin gözü önündə etməzdilər. Üstəlik, şəxsi düşmənçiliyi olan birisi və ya hansısa ailə meydanda o qədər polisin olduğunu görə-görə bu qədər riski gözə almazdı. Deməli, bu sui-qəsdi sifariş verənlər onun hər kəsin gözü önündə, səs-küylü olmasında maraqlı olublar.



Böyük ehtimalla bu hadisə (hadisədən sonra artıq küçəyə çıxmağa yasaq qoyulub – K.R) Diyarbəkrdə gərginliyi daha da artıracaq; əlavə toqquşmaların baş verməsi də gözləniləndir. Deməli bu qətlin sifarişçilərinə lazım olan bölgənin qarışmasını istəyirlər. PKK bu hadisədən istifadə edərək yenidən fəallaşacaq, hücumlarını artıracaq.





Hələlik dəqiq ünvan demək (bunu rəsmi qurumlar edəcək – K.R.) çətin olsa da, Türkiyədə qarışıqlıq yaratmaqda maraqlı olan ölkə və təşkilatların siyahısı indi hər kəsə aydındır. Burda PKK-nın vəziyyətdən istifadə edib aksiyalara başlaması istəyi, həmçinin Suriyada-Türkiyə qarşıdurmasının təsiri də şübhə tərəfi kimi göz önünə gəlir. Hələliksə proseslərin bundan sonrakı gedişini izləmək lazım gələcək.

Kənan Rövşənoğlu, Ankara

musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar