Türkiyə Avropa Birliyinə real təhlükə sayılır: Qapıların açılma ehtimalı yoxdur

30-11-2015, 21:28   
Türkiyə Avropa Birliyinə real təhlükə sayılır: Qapıların açılma ehtimalı yoxdur
Rusiya qırıcısının vurulması Avropa Birliyi-Türkiyə münasibətlərini “donduran” faktorları “yandırıb, külə çevirəcək” hadisə deyil

Rusiyanın Suriya böhranı məkanına buraxılmasından üzübəri dünyada yeni situasiya hökm sürür. Belə ki, ABŞ və Qərbin bu hiyləgər manevri beynəlxalq siyasət məkanında əsas söz sahibi olmaq uğrunda supergüclərin mübarizəsində şərtləri dəyişdirib. Və Rusiyaya öz siyasi iradəsini bütün dünyaya qəbul etdirmək şansını dəyərləndirmək mesajı verilib.

Belə anlaşılır ki, Kremlə savaş meydanı təklif olunub və Rusiyanın öz beynəlxalq mövqelərini bərpa etməsi üçün bu məkanda mütləq qalib gəlməsi lazımdır. Əks halda, Kremlin siyasi iradəsi ən yaxşı variantda Rusiyanın sərhədləri içərisinə “həbs edilmiş” olacaq. Türkiyənin rus təyyarəsini vurması Rusiya üçün bu məkanda qarşısına atılan ilk cavabı məchul “riyazi tənlik” xarakteri daşıyır.

Kremlin bu “riyazi tənliyi” necə həll edəcəyi hələlik aydın olmasa da, ABŞ-Rusiya qarşıdurmasının daha da dərinləşəcəyi artıq şübhə doğurmur. Böyük ehtimalla savaş bu iki superdövlətdən birinin beynəlxalq siyasət məkanındakı təsir gücü zəifləyərək, öz əhəmiyyətini itirənə qədər davam edəcək. Hadisələrin inkişafında rol oynayan əsas şərtlərə dayanaraq, hələlik onu iddia etmək olar ki, bu qarşıdurmada zəifləyərək, əhəmiyyətini itirmək təhlükəsinə ən yaxın dövlət məhz Rusiyadır.

Təbii ki, ABŞ-Rusiya qarşıdurmasında Avropa Birliyinin əlavə təsir mərkəzi kimi iştirakı inkaredilməzdir. Ancaq bu qurum ABŞ-a və Rusiyaya münasibətdə sabit siyasi kurs ənənəsinə malik deyil. Və Avropa Birliyinin Rusiyaya qarşı savaşda həmişə ABŞ-ın yanında yer alacağı tam inandırıcı görünmür.



Məsələ ondadır ki, Avropa Birliyi əsasən öz siyasi-iqtisadi və hüquqi-ideoloji maraqlarını ön planda tutan güc mərkəzidir. Buna misal kimi ABŞ-ın bütün israrlı təlqinlərinə baxmayaraq, Avropa Birliyinin Türkiyəni öz sıralarına buraxmamasını göstərmək olar.

Halbuki, Suriya hərbi-siyasi plastdarmında son baş verən hadisələrdən sonra Avropa Birliyinin öz qapılarını Türkiyənin üzünə taybatay açacağına inananların sayı artmaqdadır. Belə ümidlər var ki, artıq Avropa Birliyi Türkiyənin önəmini anlayacaq və tam hüquqlu üzvlüklə bağlı problemi yoluna qoyacaq.

Ancaq bu ümidlərin daha çox sadəlövhlükdən qaynaqlandığı qətiyyən istisna deyil. Çünki Avropa Birliyi kimi siyasi iradə mərkəzləri öz maraqlarını təhdid edən situasiyalara münasibətdə günlük qərarlarla diqqəti çəkmirlər. Əksinə, zamanlama və planlama metodlarına həmişə sadiq qalırlar.

Avropa Birliyinin öz qapılarını Türkiyənin üzünə açmaq məsələsinə gəldikdə isə, bu, o qədər də inandırıcı deyil. Çünki Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzvlüyünü bu qurumda əsas söz sahibi olan dövlətlər istəmirlər. Həmin dövlətlər - Fransa, Almaniya və Böyük Britaniya Türkiyənin Avropa Birliyinə üzvlüyünün bu qurumun gələcək taleyini təhlükə altına sala biləcəyindən narahatdırlar.



Əsas narahatlıq isə Türkiyənin əsasən iki önəmli faktorla birbaşa bağlıdır. Belə ki, Türkiyə həm müsəlman ölkəsidir, həm də 75 milyona yaxın əhaliyə malik dövlətdir. Üstəlik, Türkiyədə əhali Avropa Birliyi ölkələri ilə müqayisədə daha sürətlə artır.

Məhz bu iki önəmli faktor Avropa Birliyinin qapılarını Türkiyənin üzünə qapadır. Çünki Avropa Birliyinin qanunlarına görə, bu qurumun strukturlarında üzv dövlətlərin təmsilçilərinin sayı, hər bir üzv ölkənin əhalisinin sayına uyğun şəkildə müəyyənləşdirilir. Bu baxımdan, Türkiyə tam hüquqlu üzv olacağı təqdirdə, ən yaxın perspektivdə Avropa Birliyinin hegemon dövlətinə çevrilə bilər.

Xristian təəssübkeşliyinin əsas ideoloji hədəf olduğu Avropa Birliyində isə müsəlman dövləti olan Türkiyənin hegemon mövqelər qazanma təhlükəsini qətiyyən arzulamırlar. Və bunu müsəlman dövləti olan Türkiyənin iradəsi altına keçə biləcək Avropa Birliyinin gələcək taleyinə ən real təhlükə hesab edirlər.

Ona görə də, Avropa Birliyi ilə Türkiyənin münasibətləri bu mərhələdə nisbətən istiləşsə də, rəsmi Ankaranın bu qurumun qapılarından keçməsi yalnız icazə verilən hallarda mümkündür və bu, ən yaxşı halda müvəqqəti xarakter daşıya bilər. Çünki hazırda məhz Avropa Birliyinin Türkiyəyə ehtiyacı var.



Çünki Avropa Birliyi Yaxın Şərqdən, xüsusilə də, Suriyadan olan qaçqınların “qoca qitə”nin sərhədlərindən uzaqda saxlanmasına çalışırlar. Avropa Birliyi ölkələri ideoloji, siyasi-hüquqi və sosial-iqtisadi faktorlar baxımından bu yükün altına girməyə həvəsli deyillər. Paris terrorundan sonra bu faktorların sırasında təhlükəsizlik amili daha ön plana keçib.

Bu baxımdan, Avropa Birliyi-Türkiyə münasibətlərinin ortaq maraqlara dayanan tərəfdaşlıqdan uzağa gedəcəyi o qədər də inandırıcı deyil. Ən yaxşı halda, bu münasibətlərin inkişaf perspektivi Türkiyənin bütün qaçqınlara müvəqqəti sığınacaq verməsi və bunun qarşılığında Avropa Birliyinin rəsmi Ankaraya bir neçə milyardlıq maliyyə dəstəyi verməsiylə bağlı anlaşmada qapana bilər.

Bütün bunları nəzərə aldıqda, rus təyyarəsinin vurulmasından sonra Avropa Birliyinin qapılarının Türkiyənin üzünə taybatay açıla biləcəyi ilə bağlı iddialar reallıqdan çox-çox uzaqdır. Hər halda, Türkiyənin Avropa Birliyinə gedən yolunu qapadan faktorların vurulmuş bir rus təyyarəsinin alovunda “yanıb, külə çevriləcəyinə” inanmaq sadəlövhlük olardı.

Elçin XALİDBƏYLİ
musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar