Nardarandakı İmam Hüseyn meydanı artıq Daxili Qoşunların nəzarəti altındadır.
Virtualaz.org saytının müxbiri xəbər verir ki, polis qəsəbənin küçələrinə də nəzarət edir. Qəsəbədə hər hansı videoçəkilişlər aparmaq qadağan edilib. Nə jurnalistlərə, nə də yerli sakinlərə belə imkan verilmir.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov hazırda Nardaran qəsəbəsindədir. "Trend"in əməkdaşının məlumatına görə, V.Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gəlib.
Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Virtualaz.org
* * *12:04
Nardarana giriş-çıxış yolları əvvəlki kimi bağlıdır.
Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, yollar avtomatlı polislərin ciddi nəzarəti altındadır.
Qəsəbədə həmçinin çoxsaylı təcili yardım maşınları növbə çəkir.
Digər məlumata görə, Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Nardaran qəsəbəsinin sahilboyu zonasında patrul xidməti aparır.
* * *10:40
Nardaran qəsəbəsi dörd bir tərəfdən hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Qəsəbə sakini Natiq Kərimovun "Trend"ə verdiyi məluamta görə, hazırda kimsənin qəsəbədən çıxmasına icazə verilmir: "Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları, polislər var. Heç evdən çıxmağa icazə verilmir. Kənarla əlaqəmiz yoxdu, telefonlar işləmir".
* * *10:00
Bu gün səhər tezdən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.
Qəsəbə ətrafına xüsusi texnika cəlb olunub.
Virtualaz.org bildirir ki, Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli dayandırılıb.
Buna səbəb səhər saatlarından başlayaraq Nardaran sakinlərinin Maştağa qəsəbəsindən Nardaran istiqamətində gedən yolu bağlamalarıdır.
Aksiya iştirakçılarının əllərində dəmir armaturların, daş parçalarının olduğu bildirilir. Onlar meyitlərin qaytarılmasını tələb edirlər.
Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı əlavə məlumat yayacağı gözlənilir.
Virtualaz.org
[media=https://www.youtube.com/watch?v=JOE8e4ElNDc]