Həqiqətpurla Zahid Oruc və Siyavuş Novruzov arasında virtual “söz davası” İran-Azərbaycan münasibətlərini “silkələyə” bilər
İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Nardaran qəsəbəsinin sakinlərinə aktiv olmaları üçün müraciət edib.
Həqiqətpur Azərbaycan hakimiyyətinin səhv yolda olduğunu və “şiələrin hüquqlarının məhdudlaşdırmaqla paralel homoseksuallara geniş hüquq tanıdığını” deyib.
“Təəssüf edirəm ki, özünü demokratik sayan hökumət Allahın evində, matəm mərasimi zamanı dindarları öldürür. Hökumət xalqın arasında dərin kök saldığı zaman möhkəm olur. Azərbaycan bir tərəfdən homoseksuallara azadlıq tanıyır, bir tərəfdən isə şiələrə zorakılıq tətbiq edir”.
Onun fikrincə, belə siyasətin nəticələri heç də xoş olmayacaq (modern.az).
***
İranlı parlamentarın dediklərinə Bakıdan cavab gecikməyib. Deputat Zahid Oruc “qafqazinfo”ya deyib ki, belə çıxışa görə İran Azərbaycandan üzr istəməlidir.
“Nardaran hadisələrindən bəhs edən bir çox dairələr onsuz da qonşu ölkənin dini modeldə bir dövlətə dayanmasını əsas götürüb burada İran izləri axtarıblar. Həqiqətpur fərqindəmidir ki, onun bəyanatı bu iddiaları sanki təsdiqləyir. Bir tərəfdən də o öz ölkəsinin səfirini çətin durumda qoyur. Yəqin ki, İranın Bakıdakı səfirliyi də məsələni hansısa fərqli siyasi mənsubiyyət daşıyan parlamentarinin özfəaliyyəti kimi saya bilməyəcək. Ona görə də bu məsələyə rəsmi münasibət bildirmək, ona aydınlıq gətirmək, gerçəkdən baş veribsə, Azərbaycandan üzr istəmək tələb olunacaq…
O ki qaldı homoseksuallar və digər təbəqədən olan insanlar üçün üstün şəraitin yaradılmasına Azərbaycan özünün bütün geyim libasını qurmaq üçün, televiziya proqramlarını hansı formada yaratmaq üçün, o cümlədən xarici əlaqələrinin hamısını İranın müvafiq qüvələri ilə məsləhətləşib etməlidir? Əvvəla, Azərbaycanda eynicinslərin nikahına icazə verilmir. Bunu böhtan kimi atmağın mənası yoxdur. İrandan da çoxlu səhnələr nümayiş etdirilir. Bəzən virtual şəbəkələrdə həmin o çarşabla bərabər, öz emosiyalarını, düşüncələrini başqa yöndə, dünyagörüşlərində ifadə etdiklərinin şahidi oluruq. Lakin buna görə bütöv İran cəmiyyətinə qiymət vermək olmaz”, – deyə o bildirib.
***
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə “modern.az”a deyib ki, Azərbaycanda dinə göstərilən hörmət bütün dövlətlərdən üstündür. Həqiqətpur başda olmaqla heç kəs Azərbaycanı dinlə bağlı ittiham edə bilməz.
“Bu yaxınlarda İran televiziyalarının biri Həqiqətpurun deputat seçildiyi ərazidə yaşayan azərbaycanlılar kütləvi şəkildə təhqir olundu. Bütün azərbaycanlılar ayağa qalxıb öz etiraz səslərini ucaltdılar. Həqiqətpur isə qaçıb gizləndi, seçicilərinin hüquqlarını müdafiə etmədi. Ümumiyyətlə o seçicilərini müdafiə etmək qabiliyyətinə malik deyil. İndi İranda oturub Azərbaycandakı bəzi “arı yuvaları”na çöp uzadır. Burda da xoruzun quyruğu görünür. Nardaran hadisələrində işin arxasında kimin durduğu üzə çıxır…”, – deyə S.Novruzov qeyd edib.
azadliq.info